Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bu gün Azərbaycan əsgəri silahı ilə tarix yazır
07.10.2020 11:08
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan əsgəri silahı ilə tarix yazır

Azərbaycan xalqı vahid bir yumruq kimi birləşərək 27 sentyabr 2020-ci il tarixdən etibarən 30 ilə yaxın bir müddətdə işğal altında olan ərazilərimizin azad edilməsi missiyasını yerinə yetirməyə başlayıb.

Azərbaycana qarşı ikili standartlardan istifadə edən dünyanın qlobal güclərinin etmək istəmədiyini bu gün igid əsgərlərimiz əzm, iradə, cəsarət və böyük ruh yüksəkliyi ilə həyata keçirirlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr birmənalı olaraq göstərir ki, işğal altında olan torpaqlarımızın azad olunması bizim haqqımızdır və bunu qürur hissi ilə yerinə yetiririk.

Öz qətnamələrinə məhəl qoymayan BMT-nin Təhlükəsizlik Şurası, həmişə ermənilərin işğal faktını dəstəkləyən ATƏT-in Minsk Qrupu və bəzi dövlətlər bu gün təşviş içərisindədir. Onlar artıq görürlər ki, Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir. 30 il Azərbaycanın haqq səsini eşitməyənlər indi atəşkəs tələb edirlər. Mən onlara müraciətlə deyirəm: artıq gecdir ağalar! Biz dostlarımızın mənəvi dəstəyi ilə torpaqlarımızı son qarışına qədər düşməndən azad edəcəyik!

Bu gün Azərbaycan əsgəri silahı ilə tarix yazır. Azərbaycan dövlətinin zəfər tarixini. Azərbaycan xalqının azadlıq tarixini. Mən də bir Azərbaycan vətəndaşı, xalqın bir övladı kimi ordumuzla fəxr edirəm. İnanıram ki, yaxın zamanlarda qürur mənbəyimiz olan üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanacaq və Azərbaycan xalqının həyatında yeni bir dövr, əbədiyyətə qədər davam edəcək xoşbəxtlik dövrü başlanacaq. Yolumuz uğurlu olsun! İrəli Azərbaycan əsgəri! Azadlıq üfüqlərində görünən qələbəyə doğru irəli! 30 ildən artıq bir müddətdə bu torpağa qurban getmiş şəhidlərimizin ruhu xatirinə irəli! Biz hamımız sənin yanındayıq! 

Qulu HƏZİYEV, Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: