Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədalətə çağırış
07.10.2020 11:29
  • A-
  • A
  • A+

Ədalətə çağırış

Bu gün Azərbaycan əsgəri dünya tarixinə öz qanı ilə yeni, şanlı səhifə yazır, ordumuz düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirərək qazandığı zəfərlərlə xalqımızın polad iradəsini ortaya qoyur, millətimiz birlik olaraq həm ön, həm də arxa cəbhədə qələbə əzmini nümayiş etdirir.

Dövlətimiz dünya hüquq normaları ilə müəyyən edilmiş haqqından istifadə edərək otuz ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad edir, ərazi bütövlüyünü təmin edir.

İndi Azərbaycan Respublikası regionda daima təhlükə mənbəyi olan bir müharibə ocağını əbədi söndürmək, bölgəyə sülh gətirmək əqidəsini dünya ictimaiyyətinə sərgiləyir. Amma nədənsə dünya ictimaiyyəti haqlı mübarizəmizi ya görmür, ya görməzdən gəlir.

Utancvericidir ki, dünyada sülhdən danışan, insan hüquqlarını qorumağa səsləyən, heyvanların belə müdafiəsinə qalxan təşkilatların rəsmiləri, beynəlxalq qurumların nümayəndələri, hər gün dünya mediasında guruldayan hüquq mühafizəçiləri, uşaq, qadın haqlarının tapdanmasını pisləyən məşhur siyasətçilər Azərbaycanda on gün ərzində üç məktəblinin qətlini görmür, mülki əhalinin bombardman edilməsinə göz yumur, açıq-aşkar terroru dəstəkləyən, faşist liderlərə abidə ucaldan Ermənistan dövlətinin hərbi-siyasi rəhbərlərinin aqressiyasını, təmas xəttindən kifayət qədər uzaq ərazilərimizə həmlələrini, mülki obyektlərə endirdiyi raket zərbələrini, bir sözlə, törətdiyi hərbi cinayəti görməzdən gəlir.

Üzdə hər iki tərəfi barışığa səsləyən bəzi dövlətlər gizlində düşməni silahlandırır, cinayətkar separatçı rejimə maddi-texniki yardım edir, beləliklə də, təkcə Azərbaycan üçün, Cənubi Qafqaz üçün yox, bütün Yaxın Şərq və hətta Cənubi Avropa üçün təhlükə mənbəyi olan terrorçu qüvvələri himayə etmiş olur.

İkili standartlar nümayiş etdirən belə “liderlər” unudur ki, tarix gec-tez ədalət tərəzisində haqq ilə nahaqqı tarazlayıb, həqiqəti ortaya çıxaracaq. O zaman yeni nəsil tarix səhifələrindən vətəndaşı olduğu dövlətin liderlərinin nahaqqın tərəfində durduğunu, beynəlxalq terroru dəstəklədiyini oxuduqda utanacaq, onların adını ədalət carçısı olan dövlətlərinə ləkə gətirdiyi üçün nifrətlə anacaqlar.

Bu gün bizim mübarizəmiz tapdanan hüquqlarımızın bərpası, işğal olunmuş torpaqlarımızın düşməndən azad olunması uğrundadır. Azərbaycan əsgəri öz dövlətinin suverenliyini qoruyur. Ordumuz Azərbaycan ərazisində, dünya dövlətlərinin tanıdığı sərhədlərimiz daxilində, beynəlxalq hüquq və normaları çərçivəsində hər cəhətdən şərin yanında olan havadarlarından dəstək alan separatçı rejimə qarşı haqlı savaş aparır. Buna rəğmən beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmək əvəzinə, təqdir olunmaq yerinə, tənqidlə, təhdidlə üzləşir, təzyiqə məruz qalır.

Deyilənləri nəzərə alaraq bir elm adamı kimi dünya elmi ictimaiyyətini Azərbaycanın haqlı mübarizəsinə dəstək olmağa, Azərbaycan xalqının haqq işinə dayaq durmağa səsləyir, xarici dövlətlərin nüfuzlu alimlərinə müraciət edir, onları təmsil etdikləri dövlətləri regionda sülhə qarant durmağa çağırmasına dəvət edirəm.

Özüm və alim həmkarlarım adından bildirirəm ki, biz Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin yanındayıq, onun siyasətini dəstəkləyirik. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun peşəkar əks-hücum əməliyyatları uğurla tamamlanacaq, əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək, haqq-ədalət öz yerini tutacaq. Regionda Azərbaycan faktorunu silməyə, tarixi saxtalaşdırmağa çalışan millətçi qüvvələr beynəlxalq hüquq qarşısında cavab verməli olacaq, dini abidələrimizi təhqir edən mənfur düşmən cəzasını alacaqdır. Qələbə bizimlədir!

Əzizağa NƏCƏFZADƏ, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun  elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent,

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: