www.science.az
08.10.2020 10:38

Qələbə bizimlədir

1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan edərək 1992-ci ilin martında BMT-yə üzv qəbul edilib. Azərbaycan Respublikası BMT-yə üzv qəbul olunduqdan sonra həmin təşkilata müraciət edərək Ermənistanın təcavüzkar siyasətinin qarşısını almağı tələb etdi. BMT Təhlükəsizlik Şurası məsələni müzakirə etdikdən sonra 1993-cü ildə Ermənistanın işğalçılıq siyasətini pisləyən 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul edərək Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdi. Lakin işğalçı Ermənistan BMT-nin icra aparatının olmamasından istifadə edərək nəinki torpaqlarımızı tərk etmədi, hətta erməniləri orada məskunlaşdırmağa başladı.

Avropadakı havadarlarına güvənən Ermənistan qəsdən danışıqlar prosesini uzadaraq bu torpaqları sahiblənməyə çalışıb. Bu münaqişəni nizamlamaq üçün yaradılan ATƏT-in Minsk qrupu isə fəaliyyətsiz və ikiüzlü mövqe tutaraq bu münaqişəni dondurmağa çalışıb. Son illər hakimiyyətə keçən Ermənistan prezidenti Paşinyanın isə həyasızcasına söylədiyi “Dağlıq Qarabağ Ermənistandır” şüarı xalqımızın səbr kasasını daşırıb.

Artıq torpaqlarımızın işğalından 30 ildən artıq vaxt keçir. Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxıb. 27 sentyabrdan başlayan müharibənin ilk günlərindən torpaqlarımızın işğaldan azad olunmasına başlanıb. Azərbaycan Ordusunun uğurları qarşısında duruş gətirə bilməyən Ermənistan ordusu qaçmağa başlayıb, Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi isə təxribata əl ataraq dinc Azərbaycan əhalisini, enerji xətlərini hədəf seçərək xalqımız içərisində çaşqınlıq yaratmağa çalışıb. Lakin təxribatlar xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilmir. Azərbaycan Ordusu addım-adım torpaqlarımızı azad etməkdə davam edir.

Biz bütün elm adamları canımızla və qanımızla ordumuzun, Prezident, Ali Baş Komandan İlham Əliyevin arxasındayıq. Lazım gələrsə, cəbhəyə getməyə hazırıq. Qarabağ Azərbaycandır! Var olsun Azərbaycan və Azərbaycan xalqı! Allah əsgərlərimizi qorusun.

Vəli BAXŞƏLİYEV, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.