www.science.az
08.10.2020 15:59

İllərlə gözlədiyimiz gün gəlib çatdı

Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmənin xain hücumlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə bütün cəbhə boyu əks-hücuma keçən müzəffər Azərbaycan Ordusu tam şəkildə hərbi və mənəvi üstünlük əldə edərək erməni vandallarının törətdiyi növbəti təxribatın qarşısını qətiyyətlə alır və düşmənə sarsıdıcı zərbələr endirir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinin onlarla hərbi texnikasını ələ keçirməkdə davam edir. Azərbaycan Ordusu ilə mübarizəyə tab gətirməyən Ermənistan silahlı qüvvələri hərbi texnikalarını ataraq ərazidən qaçırlar. Ağdərə istiqamətində qoşunlarımız Suqovuşan ətrafındakı hakim yüksəklikləri azad ediblər. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Xalqımız hər gün, hər saat uzun illər ərzində işğal altında qalan ərazilərimizin, yaşayış məntəqələrinin işğaldan azad edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilərək nəzarətə götürülməsi barədə rəsmi qələbə xəbərləri alaraq bu zəfərlərin qürur və sevincini yaşayır. Torpaqlarımız 30 illik işğaldan azad edilir. Ata-baba yurdlarının həsrəti ilə yaşayan köçkünlər öz doğma evlərinə dönəcəklər.

Ali Baş Komandanımızın uzun illərdən bəri yorulmaz diplomatik, hərbi və siyasi fəaliyyəti öz bəhrəsini verməkdədir. Prezidentimizin də dəfələrlə vurğuladığı kimi, bu, xalqımızın haqq işidır. Allah bu müqəddəs işdə Azərbaycan Ordusuna yar olsun. Vətən, torpaq uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Gün o gün olsun ki, zəfər bayrağı Şuşada, Laçında və digər azad olunacaq torpaqlarımızda ucalsın. Yaşasın şanlı, rəşadətli Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Ulduzə QURBANOVA, AMEA YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.