www.science.az
12.10.2020 12:51

Qarabağ milli incəsənətin yarandığı əsas bölgələrdəndir

Hərb və şərəf tariximizin parlaq səhifələrinin yazıldığı bu xoş müjdəli günlərdə hər bir azərbaycanlının qəlbi Qarabağda döyünür. Bu gün qüdrətli ordumuz ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında növbəti erməni hərbi fitnəkarlığına cavab olaraq döyüşə atılmış və torpaqlarımızı işğaldan azad etmək qətiyyətini ortaya qoymuşdur.

Qarabağ Azərbaycanın mühüm tarixi-coğrafi bölgələrindən biri olmaqla, həm də milli incəsənətimizin, mədəniyyətimizin təşəkkül tapdığı bölgələrdəndir. Azərbaycan bədii mədəniyyətinin formalaşmasında Qarabağın rolu əvəzsizdir. Bunu incəsənətin əksər növləri haqqında deyə bilərik.

Qarabağ zəngin memarlıq irsinə malikdir. Buradakı bir çox tarixi-memarlıq abidələrinin yaşı min illərlə ölçülür. Təsadüfi deyil ki, Azərbaycanın tarixən təşəkkül tapmış memarlıq məktəblərindən biri də Qarabağ memarlıq məktəbidir. Azərbaycanın digər memarlıq məktəbləri ilə müştərək milli cəhətlərə malik olan bu məktəb istər inşaat-konstruksiya, istərsə də bədii-estetik xüsusiyyətləri ilə bir sıra özəlliklərə malikdir. Təəssüf ki, Qarabağ memarlıq abidələrinin bir çoxu erməni işğalı nəticəsində dağıdılıb. Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə (XIV əsrin əvvəli) dağıdılmış, Füzuli rayonundakı Şeyx Babı türbəsinə (XIII əsr) ciddi ziyan dəymişdir. Vaxtilə Pənahəli xanın Şuşada və digər yerlərdə tikdirdiyi qala və istehkamlar, Xan qızı Natəvanın evi, bir çox digər abidələr erməni vandalları tərəfindən yararsız hala salınmışdır. Ermənilər xeyli sayda abidəni, o cümlədən Ağdərə, Laçın, Kəlbəcər rayonlarında yerləşən alban tikililərini “erməni memarlığı nümunəsi” kimi qələmə verərək, onların zahiri görünüşünü dəyişdirmiş, qədim dini tikililəri korlamışlar.

Qarabağı haqlı olaraq Azərbaycanın konservatoriyası adlandırırlar. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Qarabağ torpağında yaşayıb yaratmış xanəndələrin, çalğıçıların, musiqi elmi sahəsində fəaliyyət göstərən alim və ziyalıların əvəzsiz xidmətləri olmuşdur. Hələ XIX əsrin I yarısında Şuşada yaradılmış “Xarrat Qulu məktəbi” əslində xalq konservatoriyası rolunu ifa edirdi. Bir çox Azərbaycan xanəndəsi və çalğıçısı bu məktəbdən çıxmışdır. İstedadlı Qarabağ xanəndələri təkcə Azərbaycanda deyil, bütün Rusiyada, Şərq və Avropa ölkələrində məşhur idilər. Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Xanlıq Şükür, Seyid Şuşinski, Zabul Qasım, Xan Şuşinski, Əbülfət Əliyev və başqa xanəndələr muğam ifaçılığı məktəbinin inkişafına əvəzsiz töhfələr vermişlər. Görkəmli tarzən Sadıqcan tarı təkmilləşdirmiş, onu ilk dəfə sinədə çalmış, müasir Azərbaycan tarının yaradıcısı olmuşdur. Sonralar onun ifaçılıq ənənələrini Məşədi Zeynal, Qurban Primov və başqaları uğurla davam etdirmişlər. Qarabağ torpağında doğulub boya-başa çatan və sənət ənənələrindən bəhrələnən ölməz Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş və musiqi mədəniyyətinin inkişafında əvəzsiz rol oynamışdır.

Qarabağ milli teatr sənətinin yarandığı ilkin ocaqlardan biridir. Hələ qədim zamanlardan bəri burada yaz-tarla işlərinin başlaması ilə əlaqədar teatrlaşdırılmış mərasimlər, xalq oyunları ifa olunar, dini mərasimlərlə əlaqədar şəbih tamaşaları göstərilərdi. Belə şəbih tamaşalarından biri XIX əsrin görkəmli rus rəssamı V.V.Vereşşaginin “Şuşada məhərrəmlik” (1865) adlı rəsm əsərində realist, canlı boyalarla təsvir olunub. 1897-ci ildə Şuşada Ə.B.Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə göstərilmiş “Məcnun Leylinin qəbri üstündə” səhnəciyi Azərbaycan teatrının, xüsusən opera sənətinin inkişafına təsir göstərib. Səhnəcikdə xorda oxuyan 12 yaşlı Üzeyirbəyin sonralar dediyi kimi, həmin tamaşa ona güclü təsir etmiş və “Leyli və Məcnun” operasının yaradılmasına təkan vermişdi.

Qarabağ Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişaf etdiyi əsas mərkəzlərdən biridir. Bu sırada xalça sənətinin xüsusi əhəmiyyəti var. Azərbaycanın əsas xalça mərkəzlərindən biri də Qarabağ xalçaçılıq məktəbidir. Qarabağ xalçaları parlaq, şux rəngləri, zəngin, zərif naxışları və oynaq, ritmik kompozisiya həlli ilə Azərbaycanın hüdudlarından çox-çox kənarda məşhur idilər. Bu xalçaların sorağı Qərbi Avropa və Şərq ölkələrindən gəlirdi. Qarabağ xalçaları Rusiyada da yüksək qiymətləndirilirdi. Nijni Novqorod yarmarkasında Qarabağda istehsal olunmuş ipək parçalar, zərif tikmələr və xalçalar yüksək qiymətə satılırdı. Xalça və bədii tikmə məmulatları ilə yanaşı, Qarabağda dekorativ-tətbiqi sənətin digər növləri - zərgərlik, misgərlik, şəbəkə sənəti də geniş yayılmışdı. Qarabağın silah ustaları düzəltdikləri soyuq silahların qəbzə və qını üzərinə müxtəlif texnikalarda bəzək vurur, Quran ayələri həkk edir, tüfənglərin qundaqlarında zərif naxışlar açırdılar. Qarabağda hazırlanmış at və süvari ləvazimatı - zəngin işləməli yəhərlər, məxmər çullar, dəmirçi və misgərlərin düzəldərək bəzədiyi üzəngi və mahmızlar yüksək qiymətləndirilirdi.

Qarabağ həm də təsviri sənətin inkişaf etdiyi mərkəzlərdən olmuşdur. XIX əsrin tanınmış Azərbaycan rəssamlarından olan Usta Qəmbər Qarabağı Şuşada anadan olmuş, burada Mehmandarovların, Səfi bəyin, İsgəndər Rüstəmovun evlərinin divarlarında əsasən gül-çiçək və quşların təsvir olunduğu zəngin kompozisiyalı monumental pannolar işləmişdi. Usta Qəmbər Qarabağı oğlu Şükür və şagirdləri Qurbanəli, Əliqulu, Səfər və başqaları ilə birlikdə XIX əsrin ortalarında Şəki xan sarayının divar rəsmlərini bərpa etmişdi.

Qarabağda yaşayıb-yaratmış digər görkəmli şəxsiyyət – musiqiçi, rəssam, şair, pedaqoq və mütərəqqi maarif xadimi olan Mir Möhsün Nəvvab realist təsviri sənətin yaradıcılarındandır. O, Şuşada öz evinin, dərs dediyi məktəbin divarlarında tempera ilə pannolar işləmiş, həmçinin kağız üzərində sulu boya ilə rəsmlər çəkmişdir. Bu rəsmlər Azərbaycan milli realist təsviri sənətinin formalaşmasında mühüm rol oynamışdır.

Qarabağ müasir milli heykəltəraşlığın erkən təzahür forması olan daş oyma sənətinin formalaşdığı ərazilərdəndir. Binalar üzərində müxtəlif daş qabartmalar, Laçın, Kəlbəcər rayonlarındakı daş qoç, at fiqurları qədim mədəniyyətdən xəbər verir. Təəssüf ki, onların çoxu erməni vandalları tərəfindən məhv edilib.  

Mir Möhsün Nəvvabın, eləcə də Qarabağda yaşayıb yaratmış digər ziyalıların musiqi, təsviri sənət və digər sahələrdəki araşdırmaları, yazılı və şifahi qeydləri müasir sənətşünaslıq elminin ilkin qaynaqlarından hesab edilə bilər.  

Göründüyü kimi, Azərbaycanın dilbər guşəsi olan Qarabağ incəsənətin, onun demək olar ki, bütün növlərinin, həmçinin müasir sənətşünaslıq elminin erkən formasının təşəkkül tapdığı, zəngin bədii və tədqiqatçılıq ənənələrinin formalaşdığı tarixi mədəniyyət diyarıdır. Bədii ənənənin, məktəbin təşəkkül tapması, inkişaf etməsi, cilalanması üçün uzun tarixi dövr lazımdır. Bu, bir daha sübut edir ki, əcdadlarımız yüz illər, min illər boyu bu torpaqda yaşamış, mədəni ənənələr, bədii üslublar ərsəyə gətirmiş, nəsildən-nəslə ötürmüşlər. Bu gün şanlı ordumuz ölkə başçısı, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə bu qədim mədəniyyət diyarımızı erməni işğalçılarından qarış-qarış azad etməkdədir. Hamımız prezidentin, ali baş komandanın ətrafında sıx birləşməklə böyük tarixi qələbəyə öz payımızı verməliyik. Qarabağ Azərbaycandır!

Ərtegin SALAMZADƏ, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.