Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Haqqa gedən yol: Qarabağ Azərbaycandır!
13.10.2020 11:20
  • A-
  • A
  • A+

Haqqa gedən yol: Qarabağ Azərbaycandır!

Məlum olduğu kimi Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etmişdir. Bu müstəqilliyimiz xalqımız üçün sevindirici olsa da, digər tərəfdən təcavüzkar düşmən tərəfindən işğal olunan qədim və əzəli torpaqlarımız insanlarımız üçün çox  ağrılı, acılı və faciəli idi; yəni biz xalq olaraq 1991-1993-cü illərdə böyük fəlakətlərlə qarşılaşdıq və ölkəmiz idarəolunmaz bir durumda idi. Ölkədə baş verən daxili çəkişmələr, böhranlar, hakimiyyət uğurunda savaşlar, iqtisadi tənəzzül, vəziyyəti daha da ağırlaşdırırdı. Bundan əlavə, keçmiş rəhbərlik nəinki ölkə daxilində, həm də ölkədən kənarda müstəqil siyasət apara bilmirdi. Məhz bu səbəblər və digər bağışlanmaz səhvlər ucbatından erməni qəsbkarları xalqımıza qarşı işğalçılıq siyasəti apardı və torpaqlarımız bir-birinin ardınca düşmənlərin əlinə keçdi. Təbii ki, belə bir acınacaqlı şəraitdə güclü və müdrik bir liderə ehtiyac duyulurdu. Belə bir zamanda təkcə təcrübə və siyasi elmlərə yiyələnmək və bunların funksiyalarını bilmək kifayət etmirdi, burada uzun illər bu sahədə dayanmadan çalışan, bütün sahələrdə millətinə xidmətlər göstərən, xalqın etimadını qazanan və ən əsası isə dövlət və dövlətçiliyi dərindən bilən nüfuzlu bir şəxsiyyətin olması tələb olunurdu. 

Belə çətin və acınacaqlı bir dövrdə dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar azadlıq meydanına gələrək Heydər Əliyevin hakimiyyətə rəhbərlik etməsini, yəni belə bir vəziyyətdə ölkənin rəhbərliyini öz üzərinə götürməsini xahiş etdilər. Çox keçmədi ki, dahi şəxsiyyət yenidən bu böyük və çox çətin məsuliyyəti öz üzərinə götürdü və daim xalqının yanında olmasına söz verdi. Məhz bundan sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi. Bu böyük insan Azərbaycan və azərbaycançılıq ideyalarını birləşdirərək vahid, müstəqil Azərbaycan Respublikasının hüquqi dövlətini yaratmaqla yanaşı, həm də ölkəmizi beynəlxalq aləmdə nüfuzu olan və inkişaf edən ölkələr sırasına daxil etdi. Məhz ümummilli liderimizin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan Respublikasının inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Gündən-günə inkişaf və tərəqqiyə doğru gedən ölkəmiz bəzi siyasi qüvvələr və pis xislətli qonşu “dövlət” tərəfindən qəbul olunmamış və illərlə hazırlanan planlar əsasında torpaqlarımız əsrlərlə daim təcavüzə məruz qalmışdır. Məhz bu çirkin planların nəticəsidir ki, otuz ilə yaxın bir müddətdə əzəli torpaqlarımızın bir hissəsi erməni cinayətkarlarının əlində qalmışdır. Bəli otuz ilə yaxın. Bu uzun illər ərzində füsunkar təbiəti, bərəkəti və hədsiz zənginliyi ilə seçilən müqəddəs torpağımız olan Dağlıq Qarabağ erməni qəsbkar və cinayətkarları tərəfindən zəbt edilmişdir. İşğal olunmuş torpaqlarımızda müntəzəm olaraq silahlı toqquşmalar baş vermiş və diktator rejim məğlubiyyətini dərk edərək, atəşkəs adı altında yeni qüvvələr və tərəfdaşlar toplamaq üçün geri çəkilməyə məcbur olmuşdur.

Budur, 2020-ci ilin 27 sentyabrında yeni “qüvvələri” və “müttəfiqləri” ilə döyüş meydanına gəlmiş və tez bir zamanda da gəldiklərinə peşman olmuşlar, gücsüzlüyünü və acizliyini dərk edərək Azərbaycanın şərəfli və şanlı ordusu qarşısında diz çökməyə vadar olmuşdurlar. Bu fədakar döyüşdə Azərbaycanımızın mərd, cəsur və cəngavər ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək, düşmənə yerini göstərmişdir. Bizim məqsəd və amalımız odur ki, torpaqlarımızı işğalçı, xain düşməndən azad edək və şanlı bayrağımızı işğal olunmuş ərazilərimizdə yüksəldək.

Azərbaycan Ordusunun üstünlüyü ondadır ki, bu şanlı ordu 100 illik tarixi olan bir ordudur. Lakin Azərbaycan müstəqil dövlət olduqdan sonra ulu öndərimiz Heydər Əliyevin başçılığı ilə Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz daha da modernləşdirildi və ən son hərbi texnologiyalar orduya cəlb olundu. Erməni qalıqları bunu unudaraq, ordumuzun sanki 1991-1993-ci illərdə olduğunu zənn etmişlər. Bu gün Azərbaycan Ordusu nəinki, erməni təcavüzkarlarına, hətta ölkəmizə xain gözlə baxan, çirkin əl uzadan (istər siyasi, diplomatik və istərsə də hərbi sahədə olsun) qəsbkarların qarşısını hər an almağa hazır və qadir olan güclü bir ordudur.

Bu haqq savaşında Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycan xalqının iradəsini əsas tutaraq, torpaqlarımızın siyasi, diplomatik və hərbi istiqamətdə işğaldan tam təmizlənməsini qarşısına məqsəd qoymuşdur: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan  xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində-30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”. Cənab Prezidentin  xalqımıza müraciətində nəyin nə zaman edilməsi ilə bağlı fikirləri bizi bir daha ayıq-sayıq olmağa çağırır. Prezidentimiz xarici təzyiqlərə yüksək diplomatik səviyyədə, həmçinin elm və məntiq əsasında cavab verir, xalqımızın milli maraqlarını müdafiə edərək dünya liderlərinə Azərbaycanın haqq səsini çatdırır. Çünki dövlətimizin siyasəti Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etməkdir və  bizim tələblərimiz haqlı tələblərdir. Bizim tələbimiz odur ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunsun. Əgər Ermənistan ordusu ərazilərimizin təmizlənməsində bizə mane olarsa və ya müxtəlif yollardan istifadə edərək torpaqlarımıza yenidən təcavüz edərsə, belə olan halda Azərbaycan Respublikası özünümüdafiə prinsipindən istifadə edərək, cinayətkar ünsürlərə cavab vermək məcburiyyətindədir. Cənab Prezidentin müraciətində də bu, özünü göstərir: "Onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük. Onların digər silahlı texnikası, yük maşınları bizim əlimizdədir. Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki gec deyil".

Ali Baş Komandanımız xarici yayım şəbəkələrinə və jurnalistlərə verdiyi müsahibəsində bizim heç kimin torpağında gözümüzün olmadığını dəfələrlə söyləmiş və Azərbaycan əsgərinin yalnız ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və düşmənlərdən qorumaq üçün ayağa qalxdığını bildirmişdir: "Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir". Ali Baş Komandanın vurğuladığı kimi-bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir. Biz bir millət olaraq daim Ali Baş Komandanımızın arxasında dayanmış, onun uğurlu siyasətini dəstəkləmiş və bu gün də cinsindən, dərəcəsindən, tutduğu vəzifəsindən və mövqeyindən asılı olmayaraq daim xalqımızın müdrik rəhbərinin arxasındayıq. Buna sübut olaraq, bu gün də döyüş meydanlarında yağı düşmənlə vuruşan təkcə igid, cəsur və şücaətli oğullarımız deyil, hər bir Azərbaycan qadını çalışdığı sahədə Ali Baş Komandanımıza və şanlı ordumuza dəstək nümayiş etdirir, lazım gələrsə əlinə silah alıb təcavüzkar düşmənə qarşı vuruşmağa hazır olduğunu bildirirlər. 

Qeyd olunacaq vacib məsələlərdən biri də budur ki, bu neçə illik mübarizədə Azərbaycan xalqı bütün qayda və qanunlara əməl edərək irəlilədi. Bir az əvvəlki dövrlərə qayıtsaq görərik ki, işğal olunmuş ərazilərimizin təmizlənməsi və təhlükəsizliyin təmin olunması üçün bir sıra beynəlxalq təşkilatlar fikirlərini rəsmi olaraq nümayiş etdirsələr də düşmən tərəf və onların havadarları bu rəsmi bəyanatlara nəinki məhəl qoymadılar, hətta işğalçılıq fəaliyyətlərini davam edəcəklərini açıq-aşkar bildirdilər. Əgər Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş Qətnamələrinə (30 aprel 1993-cü il 822 saylı Qətnaməsi, 29 iyul 1993-cü il 853 saylı Qətnaməsi, 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi, 11 noyabr 1993-cü il 884 saylı Qətnaməsi) nəzər salsaq görərik ki, bu dörd qətnamənin qəbul olmasına baxmayaraq, işğalçı ölkənin cəzalandırılması üçün heç bir tədbirlər görülməmişdir. Onu da qeyd etməliyik ki, belə bir qətnamənin qəbul olunması o dövrdə zəif bir vəziyyətə olan, müstəqilliyini yenicə əldə etmiş və beynəlxalq əlaqələri, diplomatiyası yeni yaranmaqda olan bir dövlət üçün mühüm diplomatik bir nailiyyət idi. Amma buna baxmayaraq, qətnamələrdə qeyd olunan müddəalar və vacib məsələlər kənarda qalmış və təcavüzkar erməni ordusu yeni torpaqlarımızın ələ keçirilməsində savaşa qalxmışlar. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ müharibəsi ilə bağlı Qətnamələri əməl olunmadığı üçün belə bir vəziyyətdə təbii ki, Azərbaycan Respublikasının Silahlı qüvvələri öz ərazi bütövlüyünün müdafiəsinə qalxmalı və torpaqlarını işğaldan azad etməli və geri qaytarmalıdır. Bundan əlavə, digər bəyannamədə, yəni hələ 2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in (G8) çərçivəsində, İtaliyanın Akvil şəhərində keçirilən zirvə toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əks olunan prinsiplər bundan ibarət idi ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılsın. Bəyanatda əks olunan prinsiplər aşağıdakılardan ibarətdir:

- Dağlıq Qarabağ və ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;

- Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;

- Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;

- Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadə etmə yolu ilə müəyyənləşdirilməsi;

- Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;

- Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları. Qəbul olunan bütün bəyanatlar elə kağız üzərində olduğu kimi qalmaqdadır.

Digər mühüm bir bəyanat, yəni 2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən “Böyük səkkizlər”in (G8) zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında (bu bəyanat 2009-cu ildə qəbul olunmuş bəyanatın ardı olaraq təkrarlanıb) qəbul olunmuşdur. Həmin il dekabr ayının 1-də Astanada keçirilən ATƏT sammitində həmsədr ölkə liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT -in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvil və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub. Amma rəsmi şəkildə qəbul və imza olunan bəyanatların verilməsinə baxmayaraq, yenə də işğalçı ünsürlər Azərbaycan torpaqlarından geri çəkilmək fikrində deyillər. Məlum olur ki, dünyanın aparıcı dövlətləri bir ovuc cinayətkar ünsürlərin barəsində hansı tədbirlərin görülməsi və ya bəyanatların qəbul olunması istiqamətində yenidən düşünmək məcburiyyətində qalmışlar. Əsrlər boyu tariximizdə qanlar tökən erməni cinayətkarların bugünkü qalıqları-cinayətkar erməni ünsürləri təkcə Azərbaycan ölkəsi üçün deyil, əsil həqiqətdə bütün bəşəriyyət üçün təhlükəli bir xəstəliyə çevrilmişlər. Əgər diqqət etsək görərik ki, uzun illərdir ki, bir çox dünya liderləri öz ölkələrinin problemlərini bir tərəfə qoyaraq, erməni cinayətlərini təhlil etməkdə və bunların qarşısını almaq üçün yollar axtarmaqdadırlar. Amma bu yolların axtarılması və məsələnin həll olunması təkcə diplomatik və siyasi məsələləri önə çəkməklə deyil, burada əsas hədəf tarix boyu dinc insanlara qarşı qanlı faciələr yaşadan bir ovuc cinayətkarlara tərəfdarlıq edən və onları hər tərəfli maliyyələşdirən qüvvələri tapıb sıradan çıxartmaqdır. Təbii ki, bu çox çətin və uzun müddət tələb edən bir prosesdir, amma buna baxmayaraq Azərbaycan xalqı öz güclü lideri və haqlı mübarizəsi ilə buna tez bir zamanda nail oldu. Xalqımız özünün güvəndiyi Ali Baş Komandanı və şanlı ordusu ilə işğalçı mənfurları torpaqlarımızdan qovur və Azərbaycanımızın işğal olunmuş ərazilərində şanlı üçrəngli bayrağımız ucaldılır. Cənab Prezidentimizin də vurğuladığı kimi: “İşğal edilmiş torpaqlarımızda indi Azərbaycan bayrağı qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır. Biz xilaskar missiyamızı icra edirik və edəcəyik. Qarabağ Azərbaycandır”!

Əntiqə PAŞAYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: