Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.12.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan botanikləri Gürcüstanda keçirilən regional konfransda iştirak edib

Azərbaycan botanikləri Gürcüstanda keçirilən regional konfransda iştirak edib

Gürcüstanın Tbilisi şəhərində “Bitkilərin Qorunmasını Regional Strategiyası” çərçivəsində “Qafqaz Florasının Mühafizəsi” mövzusunda regional konfrans keçirilib. Beynəlxalq Botanika Bağları Mühafizə Təşkilatı (BGCI) və Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı (MSB) tərəfindən təşkil olunmuş konfransda BGCI və MSB təşkilatının və Minilliyin Toxum Bankının “Qafqaz Florasının Mühafizəsi” beynəlxalq layihəsinə daxil olan 3 Qafqaz ölkəsinin nümayəndələri iştirak edib.

Konfransda respublikamızı AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, AMEA Mərkəzi Nəbatat Bağının “Nadir və nəsli kəsilməkdə olan bitkilər” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov, Botanika İnstitutunun “Ali bitkilərin sistematikası” laboratoriyasının elmi işçisi və Minillik Toxum Bankının layihəsinin əlaqələndiricisi Aidə Dadaşova təmsil ediblər.

BGCI Qlobal Proqramlar üzrə direktorları Dr. Suzann Şarrokun, BGCI Regional Proqramlar üzrə direktoru Yoahim Gratzfeldin, MSB Beynəlxalq Lahiyələr Koordinatoru Kler Trivedinin Bitkilərin Qorunmasının Qlobal Strategiyası kontekstində Qafqaz florasınınmühafizəsi, qarşıya qoyulmuş prioritetlər və görülmüş işlər haqqında təqdimatları dinlənilib.

Konfransda AMEA-nın müxbir üzvü Validə Əlizadə “Azərbaycanda Biomüxtəlifliyin Mühafizəsi Milli Strategiyasına və Bitkilərin Qorunmasının Qlobal Strategiyasının hədəf 8 (GSPC target 8) istiqamətində inkişafına toxum bankının töhfəsi” üzrə məruzəni təqdim edib.

Təqdimatda Azərbaycanda bitki biomüxtəlifliyinin qorunması və davamlı istifadəsinə dair bir sıra tədbirlər qeyd olunub, qarşıda duran vəzifələrlə bağlı prioritetlər açıqlanıb. Eyni zamanda biomüxtəlifliyin mühafizə tədbirləri içərisində nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növlərinin “Qırmızı Kitab”ın tərtib edilmiş ikinci nəşri, həmin növlərin indiki və əvvəlki dövrlərdə yayılma arealları, sayı və onun azalma səbəbləri, görülmüş və zəruri mühafizə tədbirləri, yüksək endemizm ilə səciyyələnən mühüm botaniki ərazilərin ayrılmasının vacibliyi xüsusi vurğulanıb.

AMEA Mərkəzi Botanika Bağına introduksiya olunmuş nadir və nəsli kəsilməkdə olan bitkilər, onların IUCN (Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqı) kateqoriyaları üzrə statistik göstəriciləri ilə bağlı məlumat qeyd olunub.

AMEA Botanika İnstitutunun doktorantı, beynəlxalq layihənin əlaqələndiricisi Aidə Dadaşova iştirakçılara Minillik Toxum Bankının “Qafqaz florasının mühafizəsi” beynəlxalq layihəsi çərçivəsində “Azərbaycanın prioritet yabanı bitkilərinin toxumlarının toplanması” üzrə 2013-2014-cü illərdə həyata keçirilən mərhələlər və əldə olunan nəticələri təqdim edib. Bildirilib ki, bu proseslərə institutun və Mərkəzi Nəbatat Bağının alimləri ilə yanaşı gənc mütəxəssisləri də cəlb olunub. Eləcə də Herbari fondunda saxlanılan tip nümunələrinin rəqəmsallaşdırılması, herbari məlumatlarının hazırlanması və məlumat bazasına daxil edilməsi, müasir avadanlıqlardan istifadə etməklə məlumat bazasının tələblərə uyğun tərtib edilməsi əldə olunan ilkin nəticələri ilə bağlı məlumat verilib.

Konfransın üçüncü günündə “Bitkiliyin Qorunmasının Qlobal Strategiyası 2011-2020 (GSPC 2011-2020): üzrə hədəf 8 (target 8) göstəriciləri və bununla bağlı regional və ya milli səviyyədə prioritetlərin bir daha nəzərdən keçirilməsi,mühafizə tədbirlərinə dair müvafiq metodik göstərişlərin hazırlanması, ehtiyaclar, çatışmazlıqlar və 2020 üçün hədəflərin müəyyən edilməsi işçi qruplarda müzakirə olunub. B.ü.f.d. Rəşad Səlimov müzakirələrdə fəal iştirak etmiş, qeyd olunan məsələlərə öz münasibətini bildirib.

İşçi qruplarında qarşıya qoyulmuş məsələlər üzrə ümumi müzakirələr aparılıb, prioritetlər qeyd olunub, bitki biomüxtəlifliyinin mühafizəsi sahəsində digər cavabdeh təşkilatların Botanika İnstitutunun və Botanika Bağları ilə sıx əməkdaşlığının rolu və əhəmiyyəti xüsusilə vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: