Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Müharibə qanunları və erməni faşizmi
19.10.2020 16:23
  • A-
  • A
  • A+

Müharibə qanunları və erməni faşizmi

Beynəlxalq humanitar hüquq normalarının -  müharibə zamanı mülki şəxslərin, o cümlədən, yaralı və xəstələrin hüquqlarının pozulması beynəlxalq humanitar hüququn pozuntuları hesab edilir və müharibə cinayətləri kateqoriyasına aiddir. Bu cinayətləri törətmiş şəxslərin istər milli, istərsə də beynəlxalq səviyyədə cəzalandırılması nəzərdə tutulur. Xüsusilə də 12 avqust 1949-cu il Cenevrə konvensiyalarının müddəalarına uyğun olaraq mülki şəxslərə və onların əmlakına qarşı törədilən hüquqa zidd hərəkətlər birmənalı şəkildə müharibə cinayətləri siyahısına daxildir.

Beynəlxalq hüququn norma və prinsiplərinə görə, münaqişə vəziyyətində olan və müharibə aparan hər bir dövlət bu prinsiplərə əməl etməli, müharibə qanunlarına hörmətlə yanaşmalıdır. Məlumdur ki, beynəlxalq humanitar hüquq normalarının əsasında min illər boyu mövcud olan və ənənəvi humanitar dəyərləri özündə ehtiva edən maddi-hüquqi və mənəvi dəyərlər dayanır.

Tarixi keçmişə nəzər yetirdikdə belə müxtəlif dövrlərdə baş verən müharibələrdə beynəlxalq hüquq normaları və prinsiplərinə əməl edilmiş, həmin zamanlarda ədalətlilik və insani keyfiyyətlərə söykənən yazılmamış ənənəvi müharibə qanunlarına riayət olunmuşdur.

Qədim tarixə, siyasi-hüquqi, mədəni və mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan dövlətləri də müntəzəm olaraq bu beynəlxalq hüquqi dəyərlərə riayət etmiş və humanitar prinsiplər qorunmuşdur.

Müharibə tariximizin bütün mərhələlərinə nəzər yetirdikdə dövlətlərimizin apardığı hərbi qarşıdurmalar müharibə qanunlarına, ədalət prinsiplərinə əsaslanmış, mövcud dövrün qanunlarına uyğun olaraq həyata keçirilmişdir.

Tarixi qaynaqlarda verilən məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan dövlətlərinin apardığı müharibələr zamanı mövcud olan “millətlərin və xalqların” yazılmamış ənənəvi müharibə qanunları qorunmuş və bu qaydalara ciddi əməl edilmişdir. Hətta müharibə dövründə diplomatik missiyanı həyata keçirən elçi-səfirlərin canları və əmlakları qorunmuş, onların diplomatik fəaliyyətlərini həyata keçirməsi üçün real imkanlar yaradılmışdır.

Azərbaycan Səfəvilər dövrü tarixçisi, İsgəndər bəy Münşi Türkman özünün “Tarixi aləm arayi Abbası” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərində bu haqda yazırdı: “Ağıllı adamlara məlumdur ki, aləm sultanları və dünya padşahları arasında elçilər barədə belə bir qanun vardır: Elçilərin istər dostluq, birlik, istərsə də düşmənçilik və ixtilaf vaxtlarında göndərilmələrindən asılı olmayaraq incidilmələri və zərər görmələri Allah tərəfindən bəyənilməyən, əhali tərəfindən yol verilməyən hadisədir. Elçilərin canlarına və mallarına Allah və insanlar tərəfindən pislənilən və məzəmmət olunan yolverilməz hərəkətlər heç vəch ilə elçilərə qarşı yönəlməməlidir, çünki elçilər onları göndərən şəxslərin buyruq adamlarıdır, elçilərin vəziyyətləri elçilik xidmətlərini yerinə yetirmək, məktub və xəbər çatdırmaqdır... Bir çox hallarda müharibə edən dövlətlər bu qaydaları pozmuş, elçilərin canına qəsd etmiş, malını və əmlaklarını ələ keçirmişdir. Əgər belə işlər səltənət başçıları tərəfindən həyata keçirilirsə, elə hal olduqca kəmfürsətlik və alçaq xislətə dəlalət edir, yox əgər hakim və naiblər tərəfindən özbaşına əncam tapırsa, padşahların iqtidarsızlığını, ölkə adamlarının özbaşınalığını, dövlətin zəifliyini göstərir... Gözəl xasiyyəti bütün aləm tərəfindən bəyənilən, ölçülüb-biçilən davranışı böyük qanun olan və cahan sultanları üçün nümunə olan Ali Həzrət (Şah Abbas) bu naqis hərəkətlərin əksinə hərəkət edir, daim elçilərə ehtiramla yanaşır, Rum və Hind padşahından gələn mötəbər elçiləri öz darüssəltənəsində (paytaxtında) izzət və ehtiramla saxlayaraq, onları nəvazişləndirərək ehtiramla yola salır”.

Tarixi mənbələrdə mövcud olan bu çoxsaylı məlumatlardan aydın olur ki, uzunmüddətli müharibələr dövrü olan orta əsrlərdə Azərbaycanda mövcud olan siyasi hakimiyyətlərin müvafiq strukturlarında mənəvi və hüquqi dəyərlərə əsaslanan bitkin formada ədalətlilik prinsipinə uyğun olan diplomatik protokol qaydaları mövcud olmuş, istər müharibə, istərsə də dinc dövrdə bu qaydalara yüksək səviyyədə əməl edilmişdir.

Məlumdur ki, orta əsrlər dövrü Azərbaycan dövlətlərində hərb sənəti daha da inkişaf edərək, sistemli bir şəkildə dövlətin ən vacib strukturlarından birinə çevrilmişdir. Bu sistemdə Azərbaycan xalqının min illər boyu mövcud olan ənənəvi hərbi döyüş sənəti öz özəlliyini qoruyub saxlamış, hətta döyüş zamanı özünəməxsus cəngavərlik, ədalətlilik prinsipləri qabarıq şəkildə özünü biruzə vermiş, müharibə zamanı düşməni riyakar, qeyri-etik üsullarla deyil, üzbəüz şəkildə döyüşərək məğlub etmək taktikasına üstünlük verilmişdir.

İsgəndər bəy Münşinin məlumatına görə, Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvi Çaldıran döyüşündən bir gün öncə keçirilmiş müşavirədə Məhəmməd xan Ustaclunun Osmanlılar yolda olarkən, hələ meydana yerləşməzdən öncə onlara hücum etmək təklifini qəbul etməmiş, şah “mən karvanbasan quldur (“hərami-yi qafilə”) deyiləm, Allah necə istəyirsə, eləcə də olacaqdır” deyərək, bu təklifi qəti şəkildə rədd etmiş, üzbəüz, açıq döyüşə üstünlük vermişdir.

Tarixi qaynaqlarda Azərbaycan hökmdarlarının müharibə zamanı hərbi əsirlərlə mülayim və adil davranması haqqında da çoxsaylı məlumatlar yer almaqdadır.

Tarixçi Bicənin “Cahangüşa-yi xaqan” əsərində qeyd olunur ki, 1511-ci ildə Misir Məmlükləri ilə Səfəvilər arasında baş verən hərbi qarşıdurma zamanı məmlüklər məğlub edilmiş, çoxsaylı əsir alınmışdır. Əsirlərin çoxu Səfəvilərin tərəfinə keçmiş, Misirə geri qayıtmaq istəyən məmlük əsirləri isə şəxsən Şah İsmayıl Səfəvinin əmri ilə sərbəst buraxılmış və onlara ənamlar verilərək, öz ölkələrinə yola salınmışdır.

İstər qədim dövrlərdə, istərsə də orta əsrlər dövründə mövcud olmuş Azərbaycan dövlətləri öz dövlətçilik ənənələrinə dayanaraq, bütün mənəvi, siyasi və hüquqi dəyərləri, ədalətlilik meyarlarını nəzərə alaraq müharibələr dövründə düşmənin hərbi birliklərinə sarsıdıcı zərbələr vursalar da, mülki əhalinin və onların əmlakının toxunulmazlığını təmin etmiş, hətta ələ keçirdikləri ərazilərdə düşmənlərin mənəvi, dini dəyərlərinə hörmətlə yanaşmışlar. Həmçinin ələ keçirilən hərbi əsirlərin canları amanda olmuş və onlar öldürülməmişlər.

Qaynaqlar əsasında Azərbaycanın müharibə tarixinə müraciət etdikdə olduqca ədalətli, mənəvi və çoxəsirlik dövlətçilik ənənələrinin ifadə olunduğu bir mənzərə ilə qarşılaşırıq. Bu mənzərəyə baxdığımızda, Azərbaycan dövlətlərinin hərbi sisteminin mükəmməlliyinin, müharibə dövründə adil hərbi qaydaların, mənəvi-insani prinsiplərin hakim olduğu humanitar dəyərlərin bir daha şahidi oluruq.

Qədim dövlətçilik ənənələrinə, universal idarəçilik sisteminə malik olan, varislik əsasında bir-birini əvəz edən Azərbaycan dövlətçiliyi, XX əsrin əvvəllərində öz sələflərinin davamı olaraq milli dövlətə çevrilmiş və müsəlman dünyasında ilk milli dövlətçilik nümunəsi göstərmişdir. XX əsrin sonlarında Sovet işğalından xilas olan və yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özündən əvvəlki sələflərinin bütün siyasi-hüquqi və mənəvi dəyərlərini əxz edərək öz inkişafını davam etdirmişdir.

Bu gün erməni işğalçıları və onların havadarları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarında şanlı ordumuzun apardığı hərbi əməliyyatlar ədalətlilik prinsipinə söykənən dövlətçilik ənənələrimiz əsasında, həmçinin mənəvi-insani dəyərlərimizə uyğun olaraq həyata keçirilir. “İşğalçı düşmən əsgərinə amansızlıq, düşmənin mülki əhalisinə rəhm etmək” prinsipinə uyğun olaraq həyata keçirilən döyüşlərdə, şanlı ordumuz, özünün mənəvi-əxlaqi dəyərlərinə uyğun olaraq müharibə qanunlarına riayət edir, beynəlxalq humanitar hüququn bütün prinsiplərinə hörmətlə yanaşır.

Təəssüf hissi ilə qeyd edək ki, uzun illərdir ki, Azərbaycanın Qarabağ bölgəsini və digər ərazilərini işğal etmiş erməni işğalçılarından hərbi əməliyyatlar dövründə bu mənəvi-insani dəyərləri görmək mümkün deyildir. Torpaqlarımızın işğalı zamanı azərbaycanlılara qarşı Xocalı, Bağanis Ayrım, Ağdaban, Qaradağlı soyqırımlarında öz qeyri-insani əməllərini və vəhşiliklərini nümayiş etdirən ermənilər, bütün müharibə qanunlarını pozaraq, beynəlxalq hüququn prinsiplərini tapdalayaraq, Azərbaycanın yaşayış məntəqələrini dağıdıcı silahlarla atəşə tutaraq mülki əhalinin ölümünə, sağlamlıqlarının itirilməsinə və əmlakına ciddi ziyan vurmuşdur.

Məlumdur ki, müxtəlif dövrlərdə Azərbaycan dövlətlərinin apardığı hərbi əməliyyatlar dövründə mülki əhali və onların əmlakları mühafizə olunaraq münaqişə meydanından uzaqlaşdırılmış və kənar məntəqələrə yerləşdirilmişdir.

XVI əsrin sonları-XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi hökmdarı Şah Abbas Səfəvi müharibə zamanı ilk növbədə yerli əhalini və əmlaklarını müharibə gedən ərazilərdən kənarlaşdıraraq onların qorunmasını təmin etmişdir. Bu məlumatlar Azərbaycan dövlətçiliyində əhali faktoruna verilən yüksək dəyərin bariz nümunəsidir. Lakin bu faktı erməni dövləti haqqında demək mümkün deyil. Məlumdur ki, bu gün də hərbi əməliyyatların getdiyi ərazilərdə erməni hakimiyyəti öz ənənəvi davranışlarını davam etdirərək döyüş mövqelərində erməni əhalisindən  canlı sipər kimi istifadə etməkdədir. Bu gerçək fakt erməni dövləti üçün ermənilərin olduqca əhəmiyyətsiz və dəyərsiz bir toplum olduğunu bir daha təsdiq edir.

Hal-hazırda müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Azərbaycan Ordusunun qarşısında aciz qalan və çoxsaylı itkilər verən erməni işğalçıları öz ənənəvi və qeyri-insani taktikalarından istifadə edərək Azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaqla qisas almağa çalışır.

Zaman-zaman Azərbaycanın dövlətçilik sistemi ilə rəqabətdə olduqca cılız görünən, öz saxta tarixləri ilə rəqabət yaratmağa çalışan erməniçilik və mövcud erməni dövləti, siyasi və hüquqi təsisatlarımız, ümumbəşəri və tolerant prinsiplərə əsaslanan milli-mənəvi dəyərlərimiz qarşısında aciz və gücsüzdürlər. Eyni zamanda davam etməkdə olan Azərbaycan-Ermənistan müharibəsində hərbi fəlakətləri və qeyri-insani davranışları ilə öz hərbi-siyasi sistemlərinin olduqca zəifliyini nümayiş etdirməkdədirlər.

Tarixlər boyu özünün dövlətçilik ənənələri ilə Yaxın və Orta Şərqin siyasi və mədəni dəyərlərinin formalaşmasında böyük rol oynayan Azərbaycan dövlətçilik sistemi qarşısında, kilsə zirzəmilərində mənfur ideoloji əsaslarla yaradılan, “Daşnaksütun”, “Qnçaq” və “ASALA” kimi hərbi-siyasi və terrorçu təşkilatlar üzərində qurulan mövcud erməni dövləti olduqca aciz və zəif görünməkdədir.

Mifoloji hökmdar Tiqranla başlayan və onunla da sona çatan, saxta kitablar əsasında yaradılan erməni tarixi və erməni dövlətçilik ənənələri ən yaxşı halda tarix kitablarında öz mövcudluğunu qorumaqdadır. Saxtalaşdırılmış tarixi qaynaqlara söykənən erməni dövlətinin epizodik siyasi tarixi mövcud olsa da, lakin bu dövlətin hüquqi, sosial-iqtisadi, mənəvi, hərbi təsisatlarının mövcudluğunu görmək mümkün deyildir.

XX əsrin əvvəllərində havadarlarının sifarişi və terrorçu təşkilatlar tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi bu gün də öz terrorçu mahiyyətini göstərməkdədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, “Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir”. Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.

Məlumdur ki, bir neçə gün əvvəl Moskvada humanitar atəşkəs elan olunmuşdur. Azərbaycan tərəfi bütün müharibə qanunlarına və beynəlxalq humanitar qaydalara riayət edərək atəşkəs rejiminə əməl etdiyi halda, erməni hərbi-siyası xuntası öz terrorçu mahiyyətini bir daha göstərərək Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmuşdur. Bu erməni vəhşiliyi, təkcə Gəncə şəhərində çoxsaylı insan təlafatı və onlarla mülki əhalinin ağır yaralanması ilə nəticələnmişdir. Bu cinayət faktı artıq Xocalı və digər soyqırımlardan sonra Azərbaycan əhalisinə qarşı erməni faşistlərinin növbəti qətliamlarından biridir. Təəssüflər olsun ki, dünya birliyi və siyasi dairələri ermənilərin azərbaycanlılara qarşı əvvəlki qətliamlar siyasətinə biganə qaldığı kimi, Gəncə faciəsinə də göz yummaqdadırlar.

Bütün fundamental istiqamətlərdə Azərbaycana acınacaqlı şəkildə məğlub olan erməni dövləti, hərbi müstəvidə də ağır məğlubiyyət günlərini yaşamaqdadır. Bu ağır məğlubiyyətin əvəzi olaraq erməni ünsürlərinin cəbhə bölgəsində azərbaycanlıları vəhşicəsinə qətlə yetirmələrinin bir adı var - erməni vəhşiliyi və terrorizm...

Xüsusilə vurğulamaq lazımdır ki, bu gün Azərbaycanın qəhrəman ordusu təkcə Qarabağı işğaldan azad etmir, həmçinin Azərbaycan tarixinin yeni bir mərəhələsini yaradır. İgid əsgərlərimizin mənəvi-insani dəyərlərə söykənərək beynəlxalq hüququn bütün prinsipləri, müharibə qaydaları çərçivəsində yaratdığı tarix, yazılacaq Azərbaycan hərb tarixinin yeni səhifələrində şərəfli, ləkəsiz, olduqca şəffaf bir şəkildə əks olunacaq. Bunun əksi olaraq, erməni hərb tarixinin səhifələrində erməni əsgərlərinin azərbaycanlı mülki şəxslərin qatili olması ilə bağlı çoxsaylı ifadələrə rast gəlmək mümkün olacaq.  

Erməni hərbi birləşmələrinin bu vəhşiliklərinə baxmayaraq, Azərbaycanın şanlı ordusu işğal olunmuş ərazilərini ardıcıl olaraq azad edərək, zəfər yürüşünü davam etdirir. Zəfər yürüşün mübarək olsun, can Azərbaycan!

Mübariz AĞALARLI, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: