Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

20.10.2020 12:32
  • A-
  • A
  • A+

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab çap edilib

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab çap edilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı irimiqyaslı layihə həyata keçirilib.

Layihə çərçivəsində eyniadlı kitab və fotoşəkillərdən ibarət olan kataloq işıq üzü görüb.

İki mərhələdən ibarət olan layihənin birinci mərhələsi kimi “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitabda Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalı nəticəsində məhv edilən abidələrin taleyi ilə bağlı acı faktlar, Azərbaycana dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumatlar yer alıb.

Layihənin ikinci mərhələsi olaraq münaqişə nəticəsində Qarabağ və ətrafındakı ərazilərdə təcavüzə məruz qalmış milli-mədəni abidələrin dağıntıdan öncəki və sonrakı fotoşəkillərdən ibarət kataloq işıq üzü görüb. Tədqiqatçı alim Faiq İsmayılovun müəllifi olduğu kitablar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın və Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadənin “Ön söz”ü ilə açılır.

Layihə bu gün Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə mane olan erməni təcavüzkarlığını, Dağlıq Qarabağ münaqişəsi zəminində baş verən vandalizm siyasətini oxuculara çatdırmaq və dünya birliyinin bu problemə münasibətdə ədalətli mövqe tutması məqsədi daşıyır.

Kitablarda yer alan tarixi faktlar Azərbaycan, rus, ingilis və fransız dillərində oxucuya təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: