Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan işğalçı Ermənistan ordusunun ərazisindən çıxmasını tələb edir
26.10.2020 09:55
  • A-
  • A
  • A+

Azərbaycan işğalçı Ermənistan ordusunun ərazisindən çıxmasını tələb edir

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu Azərbaycan - Ermənistan hərbi toqquşmaları ilə bağlı  müxtəlif beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrdə yaşayıb fəaliyyət göstərən ictimai xadimlərə müraciət ünvanlamışdır. Azərbaycan, ingilis və rus dillərində yayılan müraciətdə deyilir:

Əziz dostlar! Bu ilin 27 sentyabrında Azərbaycanla Ermənistan arasında başlayan, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların haqlı narahatlığına səbəb olan qanlı müharibənin bəzi həqiqətlərini sizinlə bölüşmək istəyirəm. Həqiqətlərdən biri budur ki, müharibə Azərbaycan ərazisində, Azərbaycan sərhədləri daxilində gedir. Azərbaycanla Ermənistan arasında münaqişəyə səbəb olan Dağlıq Qarabağ da Azərbaycan ərazisidir və bu ərazi BMT tərəfindən, Ermənistan istisna olmaqla, dünyanın bütün dövlətləri tərəfindən məhz Azərbaycanın tərkib hissəsi kimi tanınıb.

Ermənistan, Sovet İttifaqının süqutu ərəfəsində azərbaycanlılarla birlikdə ermənilərin də yaşadığı Dağlıq Qarabağın Azərbaycan tərkibindən ayrılması və orada ikinci bir erməni dövlətinin yaradılması siyasətini həyata keçirməyə başladı. 1990-cı illərin əvvəllərində Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağ ətrafında yerləşən yeddi Azərbaycan rayonunu, bütövlükdə Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Həmin rayonlardan, eləcə də Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovuldu. Ermənistandan qovulmuş azərbaycanlıları da nəzərə alsaq, qeyd etməliyik ki, 1 milyon azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb qaçqın və köçkün taleyi yaşamağa məhkum edildi.

Dağlıq Qarabağda və onun ətrafında işğal olunmuş 7 rayonda Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, qədim qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb yerlə yeksan edildi. BMT Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması haqda dörd qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrə əməl etməyib və öz hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmayıb. ATƏT-in Minsk qrupu ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə sülh danışıqları aparsa da, bu danışıqlar Azərbaycan – Ermənistan münaqişəsinin həllində müsbət rol oynamayıb.

Bu ilin 5 avqustunda Ermənistanın baş naziri Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” deyə bəyanat verməsi, Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etməsi, bunun ardınca isə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın sərhəd rayonlarında yaşayış məntəqələrinin atəşə tutulması sülh danışıqlarına nöqtə qoydu və hərbi qarşıdurmaya gətirib çıxardı.

Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi toqquşmada da beynəlxalq qaydaları pozaraq Azərbaycanın münaqişə zonasından kənarda olan Gəncə və Mingəçevir kimi böyük şəhərlərinə Ermənistan ərazisindən raket zərbələri endirdi.

Azərbaycan dövlətinin Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla bağlı heç bir problemi yoxdur: onlar Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun olaraq Dağlıq Qarabağ ərazisində yaşamaqda davam edəcəklər. Azərbaycan dövlətinin başlıca problemi Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ordusu ilədir. Azərbaycan hökuməti işğalçı Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxmasını tələb edir və belə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını aparmaq işğala son qoyulduqdan sonra mümkündür.

Müraciət bu sonluqla bitir: Əziz dostlar! Bu tələb beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü təmin etməyə çalışan Azərbaycanın haqlı tələbidir. Ümid edirəm, Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəksiniz. Ümid edirəm, nəzərə alacaqsınız ki, beynəlxalq normalara zidd olaraq Azərbaycanın ərazi bütövlüyünün pozulması qeyri-qanuni şəkildə başqa ölkələrin də ərazi bütövlüyünün pozulmasına yol aça bilər.

AMEA-dan bildirmişlər ki, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlunun müraciəti dünyanın müxtəlif ölkələrində calışan 1500-dən cox elm adamlarına, hüquq müdafiəçilərinə və Amerika, Almaniya, Çin, BraziliyaArgentinaKolumbiyaKoreya, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistanda fəaliyyət göstərən 40-dan cox beynəlxalq təşkilata - Amerika Dövlət Departamentinə, UNESCO-ya, media qrumlarına, hüquq müdafiəcilərinə və fondlara göndərilmişdir.

Xalq qəzeti"                 

  • Paylaş: