www.science.az
26.10.2020 14:20

Ermənistan işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət abidələrini məqsədli şəkildə yerlə yeksan edib

Dağlıq Qarabağda və onun ətrafında işğal olunmuş 7 rayonda Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, qədim qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb yerlə yeksan edilib.

Bunu AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ ətrafında yerləşən yeddi Azərbaycan rayonunu, bütövlükdə Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan Dağlıq Qarabağın Azərbaycan tərkibindən ayrılması və orada ikinci bir erməni dövlətinin yaradılması siyasətini həyata keçirib.

M.İmanov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münaqişəyə səbəb olan Dağlıq Qarabağ da Azərbaycan ərazisidir və bu ərazi BMT tərəfindən, Ermənistan istisna olmaqla, dünyanın bütün dövlətləri tərəfindən məhz Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Hazırda da müharibə Azərbaycan ərazisində, - Azərbaycan sərhədləri daxilində gedir.

Akademik əlavə edib ki, Azərbaycanın münaqişə zonasından kənarda olan Gəncə və Mingəçevir kimi böyük şəhərlərinə raket zərbələri endirən Ermənistan hərbi toqquşmada da beynəlxalq qaydaları pozur.

M.Kazımoğlu Azərbaycan dövlətinin Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla bağlı heç bir problemi yoxdur: onlar Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun olaraq Dağlıq Qarabağ ərazisində yaşamaqda davam edəcəklər:

"Azərbaycan dövlətinin başlıca problemi Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ordusu ilədir. Azərbaycan hökuməti işğalçı Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxmasını tələb edir və belə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını aparmaq işğala son qoyulduqdan sonra mümkündür".

 “Trend.az”