Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Sarı Aşığın bayatılarını ötən əsrin 30-cu illərində Qubadlıda yaşamış Bəhlul Behcət nəşr etdirib
26.10.2020 15:30
  • A-
  • A
  • A+

Sarı Aşığın bayatılarını ötən əsrin 30-cu illərində Qubadlıda yaşamış Bəhlul Behcət nəşr etdirib

Azərbaycanın Qarabağ və ona bitişik bölgələrində yüzlərlə sazlı-sözlü, sinəsi ədəbiyyat inciləri ilə dolu olan insanlar yaşayıb-yaradıblar. Otuz illik erməni işğalı altında olan rayonlarımızın hər biri zəngin folklor ocağı olub. Bu ocaqları ötən əsrin 90-cı illərində böyük dövlətlərin qoltuğuna sığınmış işğalçı erməni vandalları dağıtdılar. Bir milyon insanımız doğma yurd-yuvasından didərgin düşdü. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində erməni işğalından azad olunmuş rayonlarımızda həyat yenidən öz axarına düşəcək, bu torpaqlar otuz il həsrətini çəkdiyi doğma insanların nəfəsləri ilə isinəcək. Uzun illər doğma yurdlarından ayrı düşmüş soydaşlarımız qədimdə olduğu kimi, folklor ocaqlarını yandıracaq, onun başına toplaşıb xalqımızın söz incilərini həm yaşadacaq, həm də yeni-yeni yaradıcılıq örnəkləri ilə zənginləşdirəcəklər.

Bu fikirləri AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam Sadıq söyləyib.

O deyib: “Ermənistanın işğalından azad edilmiş Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarımızın folklor örnəkləri zənginliyi ilə seçilir. Bunlardan bəzilərini yada salmaq istəyirəm. Sarı Aşığın bayatılarını və digər şeirlərini ilk dəfə ötən əsrin otuzuncu illərində Qubadlıda yaşayan Bəhlul Behcət rayonun sinədəftərlərinin yaddaşından yazıya alıb və nəşr etdirib. Bəhlul Behcət “Qaçaq Nəbi” dastanını toplayıb və “Qaçaq Nəbinin tarixi” adlı bir əsər də yazıb. Əslən Qubadlıdan olan tanınmış folklorçu Əhliman Axundov Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl rayonlarından çoxlu bayatılar, əfsanə və rəvayətlər, nağıllar, lətifələr, atalar sözü və məsəllər, tapmacalar, qəhrəmanlıq nəğmələri, xalq mahnıları, dastanlar və sair toplayıb ötən əsrin altmışıncı illərində ikicildlik “Azərbaycan folkloru antologiyası”nda çap etdirib. Burada həmin rayonlardakı toponimlərlə bağlı yaranmış əfsanələri xatırlatmaq istəyirəm. “Məngələn ata”, “Qaraköpək”, “Qarısərnici”, “Löküm qalası”, “Əjdaha qalası”, “Bayandur”, “Amudux piri”, “Qalalı”, “Ulu qışlağı”, “Sınıq körpü” əfsanələri eyniadlı toponimlərlə bağlı yaranıb. Bu əfsanələrin yaranmasına qaynaq olmuş toponimlər adları çəkilən rayonlarda indi də var.

“Valeh və Zərnigar” kimi gözəl dastanımız Ağdam rayonunun Abdal Gülablı kəndində yaşamış Aşıq Valehin adıyla bağlıdır. Dastan onun şeirləri əsasında yaradılıb. Qurbani Cəbrayıl rayonunun Diri kəndindəndir. Sarı Aşığın, Aşıq Humayın, Aşıq Pərinin, Aşıq Şəmşirin adları hamıya tanışdır. “Qurbani” dastanının Diri versiyası daha çox Qarabağda yayılıb və onun bir variantı 1960-cı ildə cəbrayıllı Aşıq Humaydan yazıya alınıb. Dastanın bir çox şeirləri müstəqil qoşma və gəraylılar kimi toplanıb “Aşıqlar” kitabına daxil edilib. “Tahir və Zöhrə” dastanı daha çox variantlaşıb və geniş yayılıb. Onun bir variantını Aşıq Humay söyləyib, digər variantı Göyçə aşıqlarından yazıya alınıb. “Abbas və Gülgəz”, “Seydi və Pəri” dastanlarının variantları da Cəbrayıldan toplanıb.

Göründüyü kimi, Azərbaycan folkloru zəngin bir xəzinədir. Onu xalqımız yaradıb, folklorçularımız toplayıblar. “Folklor da bir tarixdir” adı altında Qarabağ folkloru toplanaraq seriya şəklində nəşr edilib. Bu ad altında indiyə qədər 15 kitab işıq üzü görüb. Həmin iş bu gün də davam etdirilir. İşğal altında qalan torpaqlarımız azad olunduqdan sonra həmin rayonlarımızda yenidən araşdırmalar aparılacaq, növbəti nəşrlər ərsəyə gələcək”.

 “AzərTac”

  • Paylaş: