Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hüseyn Cavidin “Uçurum” faciəsi ilk dəfə ayrıca kitab halında işıq üzü görüb
27.10.2020 10:59
  • A-
  • A
  • A+

Hüseyn Cavidin “Uçurum” faciəsi ilk dəfə ayrıca kitab halında işıq üzü görüb

Hüseyn Cavidin “Uçurum” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub. Kitab AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən pyesin mətbuatda dərc olunmasının 100 illiyi münasibəti ilə işıq üzü görüb.

Kitabın tərtibçisi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı nəşrə yazdığı “Ön söz”də göstərir ki, mövzusu Türkiyə həyatından alınmış, süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirən bu dörd pərdəli faciə ilə dramaturqun yaradıcılığının birinci mərhələsi başa çatıb.

Cavidi yaxından tanıyanların qeydlərinə əsasən, şair “Uçurum” faciəsini 1905-1906-cı illər arasında Türkiyədə olduğu zaman yazmağa başlayıb, 1917-ci ildə yenidən əsər üzərinə qayıdaraq 1919-cu ildə tamamlayıb, 1920-ci ilin aprel ayından mətbuatda hissə-hissə dərc etdirib. 1922-ci ilin 2 iyun tarixində isə əsər D.Bünyadzadə adına Hökumət Teatrında ilk dəfə tamaşaya qoyulub.  

Qeyd edək ki, nəşrin redaktoru AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, cildinin tərtibçisi isə həmin müəssisənin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: