Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı – 1955 -1970” adlı kitab nəşr olunub
27.10.2020 14:39
  • A-
  • A
  • A+

“Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı – 1955 -1970” adlı kitab nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin “Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı -1955-1970” adlı kitabı çap edilib.

Monoqrafiyanın elmi redaktoru sosiologiya üzrə elmlər doktoru, professor Rəfail Həsənov, rəyçiləri geologiya-mineralogiya elmləri doktoru Rahid Rəhmanov, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev və “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevdir.

Kitabda vurğulanır ki, XX əsrin ikinci yarısında Azərbaycanın şəhər, qəsəbə və kəndlərinin qazlaşdırılması üzrə geniş miqyaslı işlər aparılıb, qaz infrastrukturu, təsərrüfatı və sənayesi yaradılıb. O zaman respublika təbii və maye qazla təmin edilən ən çox qazlaşdırılmış bölgələrdən birinə çevrilib. Bunun nəticəsində insanların məişəti rahatlaşıb, ictimai həyat, eləcə də insanların yaşayışı və dünyagörüşü dəyişib, enerji təchizatı problemləri çözülüb, ekoloji problemlərin böyük bir hissəsi həll edilib. Müstəqillik dövrünün qaz infrastrukturunun və idarəçiliyin əsasları məhz o dövrdə qoyulub.

Təqdim olunan monoqrafiyada 1955−1970-ci illərdə Azərbaycanda qaz təsərrüfatının təsis edilməsi və inkişafının tarixi, sosioloji, iqtisadi, siyasi və texniki aspektləri araşdırılıb. Respublikanın şəhər və kəndlərinin qazlaşdırılmasının əsas mərhələləri, habelə qaz infrastrukturunun idarə olunması və tikintisi ilə bağlı təşkilati məsələlərə baxılıb. Bundan əlavə, qaz təsərrüfatrının istismarı ilə əlaqəli problemlərə də (qazın sərfi və səmərəli istifadəsi, istehlak olunmuş qazın dəyərinin ödənilməsi, təhlükəsizlik məsələləri və qəza halları, texniki qaydaların və qanunların pozulması) xüsusi yer verilib. Azərbaycanın qaz təsərrüfatının ilk vahid idarəetmə orqanı olan Baş Qaz İdarəsinin strukturu, fəaliyyəti, kadr siyasəti və əmək münasibətlərindən, eləcə də orada əldə edilən elmi-texniki nailiyyətlərdən söhbət açılıb.

Monoqrafiya humanitar və texniki elmlər sahəsinin mütəxəssisləri, eləcə də Azərbaycanın iqtisadi həyatının tarixi və sosioloji aspektləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: