Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2020 11:13
  • A-
  • A
  • A+

Albaniyanın “Nacional” qəzetində Qarabağ həqiqətlərinə dair məqalə yayımlanıb

Albaniyanın “Nacional” qəzetində Qarabağ həqiqətlərinə dair məqalə yayımlanıb

Bir müddət öncə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Qarabağ həqiqətlərilə bağlı dünyanın müxtəlif ölkələrində çalışan 1500-dən çox elm adamına, hüquq müdafiəçisinə və 40-dan cox beynəlxalq təşkilata, fonda müraciət edib.

Bu müraciətə əsasən, Albaniyanın paytaxtı Tiranada fəaliyyət göstərən Dostluq, Elm və Mədəniyyət Albaniya-Azərbaycan Dərnəyinin başqanı, tarix elmləri doktoru Entela Muço “Nacional” qəzetində “XX yüzilliyin son onilliklərində Azərbaycan və Ermənistan” adlı məqalə çap etdirib.

Məqalədə sovet rəhbərliyinin gizli razılığını almış erməni seperatçılarının Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək səylərindən, Azərbaycan xalqının Moskvaya dirəniş göstərməsindən və erməni seperatçılarına qarşı apardıqları mübarizədən bəhs olunur. Bundan əlavə, erməni seperatçılarının başladığı qeyri-qanuni hərəkatın on minlərlə insanın ölümünə səbəb olduğundan, 1 milyona yaxın azərbaycanlının evini, malını-mülkünü ataraq qaçqına çevrildiyindən, rus hərbçilərindən yardım alan erməni quldurlarının işğal etdikləri bölgələrdə dinc insanlara qarşı törətdikləri cinayətlərdən, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin yerinə yetirilmədiyindən söz açılır.

Azərbaycana böyük sevgisi olan, avşarlar haqqında tədqiqatlar aparan Entela Muço dünyada yaşayan albanlar arasında xalqımızın səsinə çevrilib. O, respublikamızda baş verən hadisələr haqqında müntəzəm məqalələr yazır, toplantılar keçirir.

Qeyd edək ki, “Nacional” qəzeti Albaniya, Şimali Makedoniya, eləcə də Avropa və ABŞ-da yaşayan albanlar arasında populyarlığı ilə seçilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: