www.science.az
28.10.2020 11:31

Muzeydə Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidini əks etdirən fotoneqativ saxlanılır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidini əks etdən, 1934-cü ilə aid fotoşəklin neqativi qorunur.

Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Yuхarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Pənahəli xanın göstərişi ilə təxminən 1750-ci illərdə qamışdan inşa edilib. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilib. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilib.

1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa olunub. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Erməni silahlı qüvvələrinin Şuşanı işğalı nəticəsində Yuxarı Gövhər ağa məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülüb, əvəzində erməni dilində “Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə vurulub. Təmir-bərpa işləri bəhanəsi ilə ermənilər Yuxarı Gövhər ağa məscidinin daxili interyerini dəyişib və bundan sonra abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.