Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının xüsusi buraxılışı çap olunub
28.10.2020 12:09
  • A-
  • A
  • A+

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının xüsusi buraxılışı çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışı (№1, 2020) nəşr olunub.

Nəşrin baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər AbdullabəyovaBədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Xususi buraxılışda ilk dəfə olaraq iki qardaş ölkənin ədəbi-mədəni əlaqələri hərtərəfli şəkildə təqdiqata cəlb edilib. Azərbaycanda özbək ədəbiyyatının tədqiqi ilə məşğul olan istər sovet, istərsə də müstəqillik dövrü alimlərinin əsərlərindən nümunələr bu topluda əksini tapıb. 44 məqalədən ibarət olan bu sayda əksər müəlliflər Ədəbiyyat İnstitutunun əməkdaşları olsalar da, özbəkistanlı müəlliflər və başqa təqdiqatçıların da məqalələrinə rast gəlinir.

Jurnal akademik İsa Həbibbəylinin “Ədəbiyyatdan - əbədiyyətə” məqaləsi ilə açılır. Ardınca Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Özbəkistan görüşləri: ənənələr və vəzifələr” və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rolu” məqalələri yer alıb.

Həmçinin Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvinin “Əlişir Nəvai və Azərbaycan”, eyni zamanda Məhəmmədəmin Tuxliyevlə birgə yazdığı “Qafur Qulam və Azərbaycan” məqalələri də bu saya daxil edilib. Özbəkistan Milli Universitetinindən Həmdulla Baltabayevin “Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı”, Ədəbiyyat İnstitutunun özbək doktorantı Obid Şofiyevin “Xəlil Rza Ulutürk və özbək ədəbiyyatı” məqalələri də oxuculara təqdim olunur.

Ədəbiyyat İnstitutu ilə birgə Şərqşünaslıq və Tarix İnstitutunun da əməkdaşlarının məqaləsi yer alan toplunun bölmələrinə “Ustad Əlişir Nəvai və Babur”, “Müqayisəli ədəbiyyatşünaslıq - ədəbi əlaqələr”, “Əmir Teymur Ədəbiyyatda”, “Yeni özbək ədəbiyyatı: Azərbaycandan baxış”, “Ədəbiyyatşünaslıq” və “Bədii  tərcümə məsələləri” daxildir. Bundan başqa, “Qardaşlıq duyğuları” bölümündə hər iki xalqın şairlərinə məxsus şeirlər verilib. “Fotolarda yaşayan qardaşlıq” bölümündə müxtəlif illəri əhatə edən birgə əməkdaşlığı əks etdirən şəkillər əks olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: