www.science.az
28.10.2020 12:37

Biz öz torpaqlarımızı azad edirik

Bu günlərdə Azərbaycan xalqı öz tarixi Qarabağ torpaqlarına qayıtmaq ərəfəsindədir. 30 ilə yaxındır ki, mənfur qonşularımız öz çirkin əməllərindən əl çəkməyərək tarixi Azərbaycan torpaqlarını işğal altında saxlayırlar. 1 ay müddətində gedən döyüşlərdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və bir xeyli kəndlərimiz işğaldan azad olunub. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətlə döyüşən Azərbaycan Ordusu ölkəmizin çağdaş tarixinə şanlı səhifələr yazmaqda davam edir.

Bəzi Avropa ölkələrinin rəhbərləri Prezident İlham Əliyev ilə görüşlərdə məsləhət görürdülər ki, Dağlıq Qarabağ probleminin həllini Azərbaycan dövləti gələcək nəsillərin ixtiyarına buraxsın.  Lakin qətiyyətli rəhbərimiz bildirir ki, 30 ildir ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinə dözmüşük, daha 30 il də dözəsi deyilik. Problemi biz həll etməliyik ki, gələcək nəsillər şanlı Azərbaycan tarixini oxuyanda fəxr etsinlər ki, sağ olsun bizim sələflərimiz, eşq olsun İlham Əliyevə ki, doğma torpaqlarımızı erməni vandallarından xilas etdi.

Bu gün Azərbaycan Prezidenti dünyanın sayıb-seçilən 7-8 ölkəsinin dövlət başçıları içərisində ən ləyaqətli dövlət başçılarından biridir. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır. Ən yüksək silah və texnika ilə təchiz olunan ordumuz cəbhədə yüksək qəhrəmanlıq şücaəti göstərir.

İdeoloji cəbhədə Ali Baş Komandan müxtəlif televiziya kanallarına müsahibələr verməklə  Azərbaycanın haqq işini bütün dünyaya çatdırır. Bildirir ki, müharibəni biz başlamamışıq, əks-hücum nəticəsində müharibəyə cəlb olunmuşuq. Bir ay müddətində üç dəfə atəşkəs elan olunub. Hər dəfə də erməni ordusu atəşkəsi pozub. Ermənilər döyüş cəbhəsində ciddi məğlubiyyətə uğrayır, əvəzində isə dinc əhalini bütün konvensiyalara zidd olaraq, raket atəşinə tuturlar. Bütün günahlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın faşist əməli nəticəsində heç bir günahı olmayan sadə Azərbaycan vətəndaşları həyatlarını itirir. Gec-tez bu əməllər cəzasız  qalmayacaq.

Dünyanın bir sıra televiziya kanallarının jurnalistləri ilə müsahibədə Ali Baş Komandan təmkinlə, səbrlə bütün suallara ətraflı cavab verir, Azərbaycanın haqq işini aləmə çatdırır. Möhtərəm prezidentimizin bildirdiyi kimi, bizim işimiz haqq işidir. Biz mütləq zəfər qazanacağıq. Həmin gün çox da uzaqda deyil.

Fəxrəddin MAHMUDOV, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə elmlər doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.