Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İti qovan” Azərbaycan Ordusunun hünəri
30.10.2020 11:58
  • A-
  • A
  • A+

“İti qovan” Azərbaycan Ordusunun hünəri

İkinci Qarabağ müharibəsinin başlamasından artıq bir ay keçir. Ermənistan qoşunları işğal olunan ərazilərdən get-gedə geri çəkilməkdədir. Hazırda cəbhə boyunca davam edən uğurlu hərbi əməliyyatlar nəticəsində uzun müddət davam edən “status-kvo” və cəbhə xətti artıq mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “regionda yeni vəziyyət yaranıb və Ermənistan bunu nəzərə almalıdır”.

Onu da qeyd edək ki, müharibənin ilk günlərindən başlayaraq Azərbaycan təkcə cəbhədə deyil, eyni zamanda informasiya müharibəsi ilə üzləşməkdədir. Düşmən dünya ictimaiyyətini çaşdırmaq və müharibənin miqyasını genişləndirərək münaqişəyə üçüncü dövlətləri cəlb etmək məqsədi ilə çoxsaylı dezinformasiyalar yaymaqdadır. Bunun nəticəsində ölkəmizə xarici dövlətlər tərəfindən münaqişənin yenidən dondurulması ilə bağlı təzyiqlər edildi. Belə bir vəziyyətdə ölkəmizin rəhbərliyi daha bir problemlə üzləşmişdir .

Demək olar ki, hər gün müxtəlif xarici kütləvi informasiya vasitələrinə müsahibələr verməklə ölkəmizin başçısı bu problemi də məharətlə çözür və Azərbaycanın haqq yolunda Vətən müharibəsi aparması haqda məlumatlar verir.

Ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz müsahibələrində Azərbaycan Respublikasının beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsi haqda əsaslanmış və məntiqli cavabları da dünya ictimaiyyətinin rəyini Azərbaycana tərəf istiqamətləndirir.

Azərbaycan Ordusunun fəaliyyəti və Ermənistanın təxribatları haqda məlumatlar ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və səfirliklərində işləyən hərbi attaşelərə də çatdırılır. Beləliklə, ölkə rəhbərliyi xarici ölkələrin rəhbərlərinə münaqişə zonasında gedən hadisələr haqda həqiqəti əks etdirən və Ermənistanın terror siyasəti haqqında mütəmadi olaraq məlumat verir.

Digər tərəfdən ordumuzun cəhbə xəttində əldə etdiyi uğur da ölkə rəhbərliyinin mükəmməl şəkildə təşkil etdiyi strategiyanın nəticəsidir.

Qeyd edək ki, hazırda döyüş əməliyyatları 30 il ərzində müdafiə xətti yaradan, bunker və digər nəhəng müdafiə tikililəri quraşdıran düşmənə qarşı aparılır. Bundan başqa, döyüşlərin dağlıq ərazilərdə və mürəkkəb relyefli ərazilərdə aparılması da ordumuz üçün müəyyən çətinliklər yaradır.

Lakin gördüyümüz kimi, son günlər ərzində baş verən hadisələr nəticəsində işğal olunmuş ərazilərdə düşmənin illərlə təchiz etdiyi müdafiə xətti ordumuz tərəfindən silindi və “yenilməz Ermənistan ordusu” mifi puç oldu.

Bütün cəbhə xətti boyu irəliləyən müzəffər Azərbaycan Ordusu həm Ermənistana, həm də bütün dünyaya mükəmməl, indiyədək misli görünməmiş taktika və XXI əsr müharibəsini əyani şəkildə nümayiş etdirir.

Döyüş zamanı Azərbaycan Ordusu sivillər arasında itkiləri minimum səviyyəsinə endirən, seçmə qabiliyyətinə malik olan, hədəfləri yüksək dəqiqliklə məhv edən müasir silahları aktiv tətbiq etməklə, kəşfiyyat, eləcə də zərbə məqsədi ilə pilotsuz uçuş aparatlarından geniş və kütləvi şəkildə istifadə edir. Eyni zamanda vahid komandanlıq altında idarə olunan qoşunların yüksək səviyyədə hərbi koordinasiyası, savadlı hərbi planlaşdırma, idarəetmə və rabitə sisteminin mükəmməl təşkili də ordumuzun müvəffəqiyyətini təmin edir.

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı, yeni növ müharibənin aparılması taktikası əsasən pilotsuz uçuş aparatlarının tətbiqi ilə bağlıdır. Bu cür uğurlu və düşünülmüş taktika Azərbaycan Ordusunun irəliləməsinə, canlı hərbi qüvvənin itkilərini minimum səviyyəyə endirib, düşmənin hərbi texnikası və canlı qüvvəsinə ciddi zərbələr endirməklə, düşmənin məhv edilməsinə səbəb olur.

Hal-hazırda ordumuzun nailiyyətləri və yeni taktikası digər ölkələr tərəfindən diqqətlə izlənilir, öyrənilir və mənimsənilir.

Digər tərəfdən komandanlıq tərəfindən torpaqlarımızın azad edilməsi zamanı strateji yüksəkliklərin və əsas yolların nəzarət altına alınması strategiyası da diqqətəlayiqdir. Qarabağ kimi mürəkkəb relyefli və dağlıq ərazidə məhz əsas yolların və yüksəkliklərin alınması qələbəni təmin edən amillərdən biridir. İşğaldan azad olan ərazilərə fikir versək görərik ki, Dağlıq Qarabağa şimaldan, yəni Kəlbəcər rayonundan keçən Kəlbəcər-Vardenis yolu Azərbaycan Ordusunun nəzarəti altındadır. Eyni zamanda Azərbaycan Ordusu İranla sərhəddi tam olaraq düşməndən azad etmişdir. Beləliklə, işğal olunmuş ərazilərlə Ermənistanı bağlayan yeganə yol Laçın dəhlizidir və bu yolun Azərbaycan Ordusu tərəfindən nəzarətə alınması Qarabağı Ermənistandan kəsib düşməni mühasirəyə almaq deməkdir. Bu isə Qarabağın tam nəzarət altına alınması və işğal olunmuş ərazilərin tam azad edilməsi deməkdir.

Beləliklə, ölkə başçısının hərtərəfli düşünülmüş siyasəti və hərbi strategiyası nəticəsində regionun geo-siyasi mənzərəsi gözümüzün qarşısında dəyişir. Məhz ona görə tam səmimiyyətlə demək olar ki, Azərbaycanın xoşbəxtliyi ondadır ki, onun İlham Əliyev kimi lideri və sərkərdəsi var.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi nəticəsində bütün işğal olunmuş ərazilərimiz geri qaytarılacaq.

Qarabağ Azərbaycandır!

Samir SƏTTAROV, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: