Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ömər Xəyyamın rübailərinin təhlilinə həsr olunmuş tədbir keçirilib

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ömər Xəyyamın rübailərinin təhlilinə həsr olunmuş tədbir keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qədim Şərqin elm, fəlsəfə dünyasının böyük ustadı – filosof, şair, riyaziyyatçı Ömər Xəyyamın rübailərinin təhlilinə həsr olunmuş tədbir keçirilib. Orta əsrlər divan ədəbiyyatının əvəzsiz incilərindən olan bu poetik irs insan və həyat, cəmiyyət və kainatın dərki yolunda ictimai-fəlsəfi düşüncələrin tərcümanıdır.

Muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin elmi işçisi Nərmin Əliyeva çıxışında XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın həyatı, əsərlərinin yazıya alınma, tərcümə tarixindən bəhs edərək, misilsiz söz ustasının yaradıcılığında bu gün də diqqəti cəlb edən mey, saqi, ədalətsiz quruluş haqqında motivləri təhlil edib.

Müxtəlif illüstrativ materiallarla müşaiyət olunan məruzə, muzey əməkdaşları – filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, Yeni və Müasir Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli, Ədəbi mərasimlər və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi Gülnar Əqiq və başqalarının sual və çıxışları ilə davam etdirilib.

Sualları dolğun şəkildə cavablandıran məruzəçi Nərmin Əliyeva dahi Ömər Xəyyamın ədəbi yaradıcılığındakı bəşəri siqlətin, ictimai-siyasi mahiyyətin XXI əsrdə də əhəmiyyətini qoruyub saxladığını tutarlı sübut və dəlillərlə şərh edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: