Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İşğal altında olmuş torpaqlarımızın flora və faunası ermənilər tərəfindən məhv edilib
05.11.2020 12:30
  • A-
  • A
  • A+

İşğal altında olmuş torpaqlarımızın flora və faunası ermənilər tərəfindən məhv edilib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərimizi azad edir. Torpaqlarımız işğal altında olan müddətdə ermənilər tərəfindən kompleks şəkildə istismara məruz qalıb, flora və faunası məhv edilib. İşğalda olan ərazilərin biomüxtəlifliyinin böyük halqasını təşkil edən Dağlıq Qarabağ faunası illərdən bəri təhlükə altında idi.

Bu fikirləri AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent Qiyas Quliyev deyib. O bildirib ki, Azərbaycanda quru onurğalılarının 594 növü qeydə alınıb, onların 134 növü respublikanın “Qırmızı Kitab”ına daxil edilib. Qarabağ ərazisində ümumilikdə 400-dən çox quru onurğalı növləri yayılıb, onlardan isə 84 növ Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxildir. Quru onurğalıları məməlilər, quşlar, amfibilər və sürünənlər siniflərini əhatə edir. Ayrı-ayrılıqda nəzər salsaq Azərbaycanda 115 məməli növü olduğunu qeyd edə bilərik ki, onların 70 faizdən çoxuna Qarabağ ərazisində rast gəlinir. Bu ərazilərdə yaşayan həşəratyeyənlərdən 2, yarasalardan 10, dovşankimilərdən 1, gəmiricilərdən 2, yırtıcılardan 6, cütdırnaqlılardan 4 növ olmaqla ümumilikdə 26 növ məməli “Qırmızı Kitab”a daxil edilib.

Qiyas Quliyev diqqətə çatdırıb ki, Azərbaycanda quşların 405 növündən 288-i Qarabağ ərazisində qeydə alınıb. Adları “Qırmızı Kitab”da yer alan 72 quş növündən 50-si Qarabağ bölgəsində yayılıb. Ölkəmizdə olan 11 növ suda-quruda yaşayanın 4 növünə Qarabağ ərazisində rast gəlinir. Sürünənlər sinfinə nəzər saldıqda isə ölkəmizdə 63 növ sürünən yayıldığını, onlardan 32 növün Qarabağ bölgəsində qeydə alındığını söyləyə bilərik.

“Lakin bunlar işğaldan əvvəlki məlumatlardır. Otuz ilə yaxındır ki, bu ərazilər düşmən tapdağı altında idi. Həmin ərazilərə ekspedisiyalar təşkil etmək, bölgənin heyvanlar aləmi haqqında yeni məlumatlar toplamaq mümkün deyildi. Mənfur düşmən meşə yanğınları törətməklə, çəmənlik və digər biotopları deqradasiyaya uğratmaqla, ağacları kəsib xammal kimi sərf etməklə bu gözəllikləri məhv edib, bəlkə də həmin növlərin bölgə üzrə nəslinin kəsilməsinə səbəb olub. Artıq şanlı Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad edir. İnanıram ki, yaxın vaxtlarda işğaldan azad olunan torpaqlarımıza ekspedisiyalar təşkil edəcəyik. Elmi araşdırmalar apararaq işğaldan əvvəlki məlumatları yeniləyəcəyik”, - deyə Qiyas Quliyev qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: