Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirildi

AMEA elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirildi

AMEA-nın Əsas binasında akademiyanın elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirildi. İclasda AMEA prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, AMEA-nın elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti Mərkəzi aparatının idarə və şöbə rəisləri, habelə gündəlikdəki məsələlərə aidiyyəti olan digər alim və mütəxəssislər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, Direktorlar Şurasının sədri, akademik Akif Əlizadə cari ildə görülən işlərdən və yeni ildə qarşıda duran vəzifələrdən danışdı. Akademik, illik hesabatların müzakirəsinin təşkili, elmi-tədqiqat proqramlarının müsabiqəsi, innovasiya və ixtira, faydalı model və sənaye nümunələri sərgisinin keçirilməsi, Elmin İnkişafı Fondu ilə əlaqələrin genişləndirilməsi və AMEA-nın nəşriyyat planı haqqında məlumat verdi. O, həmçinin dekabrın 19-da keçiriləcək Azərbaycan alimlərinin I Qurultayını elmi ictimaiyyətin tarixi hadisəsi kimi qiymətləndirdi. Bildirdi ki, bu tədbir dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğısının nəticəsidir.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Azərbaycan alimlərinin I Qurultayı haqqında ətraflı məlumat verdi. Akademik xatırlatdı ki, qurultay haqqında qərar artıq bu ilin aprel ayından qəbul olunub. Bildirdi ki, səkkiz ay ərzində qurultayla bağlı hazırlıq işləri görülüb. Kütləvi informasiya vasitələrində gedəcək məlumatlar, müxtəlif formatlı görüşlərdə Azərbaycan alimlərinin I Qurultayının müzakirəsi, dövlət başçısının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələr, dünyada bu səpkidə aparılan işlər, elmi prioritetlərin yenilənməsi məsələləri, Azərbaycan alimləri resurslarının səfərbər edilməsi, müəyyən məqsədlərə yönəldilməsi və s. məsələlərə baxılıb. Həmçinin, bu müddət ərzində Azərbaycan elmində toplanan problemlərin identifikasiya olunması, gənclərin sosial müdafiə problemləri, beynəlxalq əməkdaşlıq problemləri, hüquqi bazanın gücləndirilməsi kimi məsələlər də müzakirə olunub.

Akademik R.Əliquliyev qeyd etdi ki, AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq qurultayda AMEA institut və təşkilatların rəhbərləri, elmi işlər üzrə direktor müavinləri, RH-nin məsul vəzifəli şəxsləri və müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, qurultay geniş media ilə təmsil olunacaq.

Sonra AMEA-nın Rəyasət Heyəti Mərkəzi aparatının Elmi-təşkilat idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov elmi-tədqiqat proqramlarının müsabiqəsi barədə məruzə etdi. Ə.Sadıqov xatırlatdı ki, müsabiqə haqqında elan AMEA-nın www.science.gov.az portalında dərc olunmuş, eyni zamanda müsabiqə haqqında rəsmi məlumat AMEA-nın bütün elmi müəssisələrinə göndərilmişdir. Ə.Sadıqov qeyd etdi ki, proqramların təqdim olunması üçün 3 ay vaxt verilmişdir. Müsabiqəyə ümumi smetası 24 milyon 250 min manat olan 142 elmi tədqiqat proqramı təqdim edilmişdir.

Daha sonra Ə.Sadıqov elmi-tədqiqat proqramlarının ekspertlər tərəfindən hansı meyarlara qiymətləndirilməsi barədə məlumat verdi. Xatırladaq ki, müsabiqənin əsas şərtlərindən biri təqdim olunan proqramların multidissiplinar xarakter daşıması və elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə uyğun olaraq hazırlanması olub.

Akademik Hətəm Quliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar keçiriləcək “İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri” sərgisinə hazırlıq işləri barədə məlumat verdi.

Tədbirdə çıxışlar ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: