www.science.az
05.11.2020 15:49

Terrorçu Ermənistan dövləti tərəfindən Azərbaycanın kitab və kitabxana mədəniyyətinin məhv edilməsi

1988-ci ildən başlayaraq sistemli şəkildə tarixi Azərbaycan ərazisi olan Ermənistandan azərbaycanlıların deportasiyası, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərində soyqırımların, işğal və qarətlərin həyata keçirilməsi getdikcə geniş vüsət almağa başladı. Ölkədə baş vermiş siyasi xaosdan istifadə edən Ermənistan Azərbaycanın 20% ərazisini işğal etdi. İşğal nəticəsində böyük zərər görmüş sferalardan biri də zəngin maddi-mədəniyyət abidələri olmuşdur.

Bir faktı da xüsusilə vurğulamaq istərdik ki, arxiv və kitabxanaların məhv edilməsi erməni vəhşiliyinin əsasını təşkil edir. Çünki kitabxanalar hər millətin, dövlətin şah damarıdır. Qədim dövrlərdən günümüzədək toplanmış, qorunmuş maddi və mənəvi irs məhz kitabxana və arxivlərdə mühafizə edilir. Görkəmli ABŞ kitabxanaşünası Corc Şira qeyd edir ki, bir xalqı məhv etmək üçün onun kitabxanalarını yer üzündən silmək kifayət edər. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azəarbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitab talan və məhv edilmişdir. Bundan başqa, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri işğal zonasında qalmışdır. Bunlarla yanaşı, işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal zonasında qalmışdır. Təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəymişdir. 

Tarixi faktlar sübut edir ki, ermənilər Qafqazda aborigen xalq deyil. Bu faktı əsaslandırmaq üçün kiçik sübut belə yetərlidir. Məlum faktdır ki, ermənilər XIX əsrə kimi daha dəqiq ifadə etsək, I Nikolayın hakimiyyətinə qədər dünyada rəsmən qul olan xalq olmuşdur. Onların üzərindən qul hökmünü məhz I Nikolay götürmüşdür. Bu da məqsədyönlü və planlı siyasətin nəticəsi idi. Çünki gələcəkdə ermənilərdən məharətlə istifadə edərək Azərbaycanın zəngin sərvətlərinə sahib olmaq üçün erməni amili mühüm fakt idi.

Beləliklə, XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlanmışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictimaiyyətini aldatmağa başlamışlar.

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir.

Bütün bu qeyri-hüquqi davranışların və qeyri-insani vəhşiliklərin baş verməsi beynəlxalq hüquq normalarına ziddir. Çünki Azərbaycanın işğal edilmiş torpaqlarındakı maddi irsin talanması, qarət edilməsi, yoxa çıxarılması, qəsdən məhv edilməsi aşağıdakı beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir:

- “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası;

- “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konversiyası;

- “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyası və s.

Dünya təcrübəsindən bəllidir ki, müxtəlif münaqişələr, müharibələr zamanı maddi və mənəvi ziyan çəkmiş dövlətlər, millətlər müəyyən zaman kəsiyindən sonra öz milli sərvətlərinə sahib çıxmaq üçün beynəlxalq hüquq normaları əsasında təzminat davası açaraq həm maddi dəstəyə, həm də mirasın geri qaytarılmasında müsbət nəticələr əldə etmişlər. Məsələn, I və II dünya müharibələri zamanı Yunanıstana dəymiş maddi və mənəvi ziyana görə Almaniya dövləti tərəfindən 1960-cı ildə qarşı tərəfə 115 milyon alman markı ödənmişdi. Lakin bununla tam razılaşmayan yunan höküməti Almaniyadan II Dünya Müharibəsi dövründə baş verən müharibə üçün 309,5 milyard avro və I Dünya Müharibəsi üçün 9,2 milyard avro tələb edib. Yunanıstan, həmçinin müharibə illərində həlak olanlar və əlillər üçün 107,2 milyard avro təzminat istəyir. Yunanıstan Xarici İşlər Nazirliyi, Afinanın Almaniyaya birinci və ikinci dünya müharibələri zamanı görülən zərərin əvəzini ödəmək üçün ümumilikdə, 320 milyard avro təzminat ödənməsi üçün Yunanıstanın Berlin səfirliyi tərəfindən Almaniya Xarici İşlər Nazirliyinə nota verildi. I və II Dünya müharibələrindəki işğallar zamanı yunan xalqının böyük zərər və itkilər verdiyi qeyd olunan notada  “Tələblərimiz qurbanlar, qurbanların nəsilləri üçün alman işğalı, faizsiz işğal kreditlərinin geri qaytarılmasının, talan edilmiş və qanunsuz köçürülmüş arxeoloji və mədəni xəzinələrin qaytarılması" ifadələri yer almışdır.

Azərbaycan hökumətinin bu beynəlxalq hüquq və qanunlar çərçivəsində nəinki Qarabağ işğalı zamanı, həmçinin qədim Azərbaycan torpaqları olan Ermənistan ərazisindən talanmış və qətlə yetirilmiş insanlar və irsimiz haqqında Ermənistan dövləti qarşısında təzminat davası açmaq zamanı yetişmişdir.

Ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, Ermənistana aparılmış və qeyri-qanuni yollarla dünya kitabxana və muzeylərinə saxta erməni abidələri kimi daxil edilmiş irsimiz yenidən öz sahibinə qaytaralıcaq.

Təranə RÜSTƏMOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının sektor müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.