www.science.az
06.11.2020 11:02

"İşğalın sonu, Ermənistanda tənəzzülün başlanğıcıdır"

Uğurla davam edən İkinci Dağlıq Qarabağ müharibəsi təkcə politoloqların, hərbçilərin yox, həm də tarixçilərin diqqət mərkəzindədir. Onlar indiki döyüşləri yaxından izləyir və əvvəlkilərlə, xüsusilə Birinci Dağlıq Qarabağ müharibəsi ilə müqayisə edirlər. Əlbəttə, nəticə qürurvericidir. Biz indi qələbəyə daha çox yaxınıq. Bu, tarixi faktdır!

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı genişmiqyaslı hərbi əməliyyatların əhəmiyyəti barədə danışıb.

“Təəssüflər olsun, 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin mahiyyəti əsasən problemin dondurulması, status-kvonun saxlanılması, aktiv münaqişədən – hərbi əməliyyatlardan yayınmaqdan ibarət olmuşdur.

Bu vəziyyət böyük dövlətlərin, xüsusilə də münaqişənin həlli üçün birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin geosiyasi və regional maraqlarına cavab verirdi. Onlar bu münaqişənin hərbi həllinin mümkün olmadığını ciddi şəkildə diktə etməyə çalışırdılar. Eyni zamanda bu münaqişənin həll olunmasında, demək olar ki, maraqsız olan Rusiya hakimiyyətinin neqativ mövqeyi və davranışları da problemin həll olunmasını minimuma endirirdi. Bu münaqişənin dondurulmuş statusda qalması əksər hallarda böyük dövlətlərin ümumi maraqlarına uyğun idi.

Bəs nə baş verdi? Bir anda bütün proseslər dəyişdi. İlk növbədə uzun illər boyu Azərbaycan dövlətinin dinamik şəkildə hərbi-siyasi və iqtisadi inkişafı, həmçinin Azərbaycanın Cənubi Qafqazda bütün sferalarda lider dövlətə çevrilməsi prosesləri dəyişən ən ciddi amillərdən biri oldu. Digər tərəfdən xüsusilə son onillikdə Türkiyənin hərbi-siyasi baxımdan daha da güclənməsi, Yaxın Şərq bölgəsində və Aralıq dənizi hövzəsində söz sahibinə çevrilməsi, eyni zamanda bölgədə baş verən geosiyasi hadisələrdə bir çox parametrlərə görə Rusiyanı üstələməsi və bu konteksdə türk-rus əməkdaşlığı Cənubi Qafqazda baş verən hadisələrə ciddi şəkildə təsir edən amillərdən biri idi.

Azərbaycan hakimiyyəti uzun illər ərzində böyük dövlətlərin diktə etdiyi reallıqları dağıdaraq yeni reallıq yaratdı və diktə etməyə başladı. Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “artıq status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur” tezisi yeni bir hərbi-siyası mənzərə yaratdı”.

Tarixçinin fikrincə, işğalçı ölkə sonun başlanğıcının astanasındadır:

“Hazırda Azərbaycan ordusunun zəfər yürüşü ilə davam edən əks-həmlə əməliyyatları təkcə Qarabağ problemini birdəfəlik olaraq həll etmir, eyni zamanda Ermənistanın gələcək siyasi tənəzzülünə zəmin yaradır. Çünki istər siyasi, istər iqtisadi, istərsə də psixoloji baxımdan çökməkdə olan Ermənistanı və onun mövcud hakimiyyətini qarşıda ağır günlər gözləyir.

Bir sözlə, Qarabağda erməni işğalının sonu, Ermənistanın tənəzzülünün başlanğıcı olacaqdır. Bu müharibədə Ermənistan dövlətinin hərbi-siyasi resursları Azərbaycanın mövcud resursları qarşısında dəfələrlə zəif olmaqla bərabər, Nikol Paşinyan da müzəffər ordumuzun Ali Baş Komandanı Prezident İlham Əliyevin qarşısında aciz və rəzil vəziyyətdədir.

Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə apardığı uğurlu diplomatik və informasiya müharibəsində Paşinyan və terrorçu komandası diz çökməkdədir. Məlumdur ki, erməni dövləti yaranandan bu günə qədərki yüz illik bir dövr ərzində kənar güclər – ağaları tərəfindən idarə olunmuşdur. Bu gün də həmin tendensiya davam etməkdədir. İndiki müharibədə də kənardan idarə olunan Paşinyan rejimi öz ağalarının təlimatlarını icra etməkdədir.

Baş verən hadisələr onu deməyə əsas verir ki, Azərbaycanın Qarabağda yaxınlaşmaqda olan qələbəsi xaricdən idarə olunan uğursuz layihənin - Paşinyan rejiminin sonu olacaqdır”.

"Şərq" qəzeti