Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Ordusunun şərtsiz üstünlüyü
06.11.2020 12:32
  • A-
  • A
  • A+

Azərbaycan Ordusunun şərtsiz üstünlüyü

Son dövrdə müzəffər Azərbaycan Ordusunun gücü bəşəriyyətə sübut olundu. Sentyabrın 27-dən torpaqlarımızın mənfur erməni işğalçılarından azad edilməsi uğrunda aparılan şanlı döyüşlərdə ordumuzun üstünlüyü düşmənimizi riqqətə gətirdi. Azərbaycan Ordusunun hazırlığı və keçdiyi təlimlər özünü döyüş meydanında göstərdi. Ordumuz basılmaz qüdrətə malikdir.

Rəsmi İrəvanın siyasəti artıq ifşa oldu. Ermənistan parlamentinin deputatı Naqdalyan bildirib ki, Dağlıq Qarabağla bağlı yanlış təsəvvürlərə qapanmaq lazım deyil. Bu yanlışlıq bizə baha başa gələcək. Ələ keçirtdiyimiz torpaqları nə zamansa azad etməli və oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir. Ya torpaqları qaytarmalıyıq, ya da qanımızı tökərək alacaqlar. Yeni müharibə regional fəlakət olacaq.

Naqdalyan başa düşüb ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Demək Ermənistana sübut olunub ki, Qarabağ Azərbaycanındır.

Atəşkəs işğalçı ermənilərə xas deyil. Onlar daima vaxt qazanıb hərbi təxribata əl atırlar. Ordumuzun şücaətini görən ermənilər mənfur əməllərindən qalmayaraq dinc əhalini hədəfə alırlar. Onlar artıq Gəncə, Bərdə, Mingəçevir, Tərtər və digər ərazilərimizdəki mülki əhalini gecə saatlarında qrad və raket atəşinə tutaraq cinayət törədiblər. Ermənilər bunu etməklə ordumuzu öz mənfur əməllərinə təhrik etməyə can atırlar. Amma biz onlardan qat-qat fərqli olaraq soyqırımı törədən xalq deyilik. Ermənilərin dinc əhaliyə tutduğu bu divan hərbi cinayətdir. Dünyada əvəzi olunmayan bir cinayət. Buna dünya birliyi hələ də susur.

Ermənilər qədim zamanlardan başqa dövlətlərin kölgəsində daldalanıb. Bu, indi də belədir. Bu, onların əvəzolunmaz ideologiyasıdır, o, heç vaxt müstəqil olmayıb, olmayacaq da.

Ötən əsrin sonlarında ermənilər havadarlarına arxalanaraq, sərsəm "Böyük Ermənistan" xülyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Bu bədnam siyasətin əsas tərkib hissələrindən biri də Qarabağ, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli türk-müsəlman əhalisini məhv etmək və sözügedən əraziləri ələ keçirmək idi.

Mövcud məlumatlara görə, 1989-cu ilin ilk aylarından etibarən Qarabağın dağlıq bölgəsinin erməni kəndlərinə artıq çoxlu miqdarda silah toplanmışdı. 1989-cu ilin ortalarında Qarabağın dağlıq hissəsində 80-dən çox erməni terrorçu dəstələri mövcud idi. Bu terrorçu dəstələrin üzvlərinin əksəriyyəti də Ermənistandan gəlmiş millətçilər idi. Bütünlükdə, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Qarabağın dağlıq hissəsində və onun ətrafında alovlanan erməni təcavüzünün nəticələrinin aradan qaldırılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü il aprel ayının 30-da 822 nömrəli, 1993-cü il iyul ayının 29-da 853 nömrəli, 1993-cü ilin oktyabr ayının 14-də 874 nömrəli və həmin ilin noyabr ayının 12-də 884 nömrəli qətnamələrini qəbul etdi. Bütün bu qətnamələrin hamısında erməni hərbi qüvvələrinin işğal olunmuş əraziləri tərk etməsi tələb olundu. Lakin Ermənistan rəhbərliyi ötən illər ərzində sözügedən qətnamələrin qərarlarının icrasına qarşı saymazlıq nümayiş etdirdi və öz işğalçılıq siyasətindən əl çəkmədi.

Ermənilər başa düşməlidir ki, Paşinyan Ermənistan üçün təhlükəli simadır. Erməni anaları övladlarını Paşinyanın xülyalarına uyub, başqasının torpaqlarını işğal etməklə ölümə sürükləyir.

Azərbaycan Ordusu yad torpaqlar uğrunda deyil, öz əraziləri uğrunda mübarizə aparır. Bizim mərd, cəsur, torpağını, bayrağını sevən, bir yumruq altında birləşən böyük ordumuz var.

Ermənistan başa düşməlidir ki, böyük Azərbaycan Ordusu 27 ildir ki, erməni siyasətinə  güzəştə gedib və artıq kifayətdir. Erməni deputatı Naqdalyan demişkən, Azərbaycan öz torpaqlarını geri alacaq. Azərbaycan xalqı əsrlər boyu yaşadıqları ərazilərinə, torpaqlarına qayıtmalıdır.

Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq! Torpaqdan pay olmaz, can candan ayrılmaz.

Qarabağ Azərbaycandır!!!

Tünzalə ARAZLI, AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: