Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qarabağın arxeoloji mədəniyyətləri
11.11.2020 10:43
  • A-
  • A
  • A+

Qarabağın arxeoloji mədəniyyətləri

Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində bəşər tarixinin müxtəlif dövrlərinə aid maddi mədəniyyət abidələri var. Onların çoxu əsrlər boyu torpağın altında, təbiətin qoynunda öz sirlərini insanlardan gizli saxlamışdır. Savadlı alimlərimiz elmi tədqiqatları ilə yerin və suyun altında qalan abidələri tədqiq edərək ulu tariximizi yenidən bərpa edirlər.

Azərbaycan ərazisində paleolit dövrünə aid aparılan arxeoloji tədqiqat işləri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin abidələr Qarabağın dağlıq və düzən ərazilərində qeydə alınıb tədqiq olunur. 1960-cı ilin iyul ayında Qarabağın Quruçay və Köndələnçay vadilərində M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələri qeydə alınmışdır.

1988-ci ilin fevralından başlayaraq Azıx, Tağlar, Şuşa və Qarabağın digər arxeoloji, memarlıq və tarixi abidələri erməni terrorçuların əsarəti altında idi.

2020-ci il sentyabrın 27-dən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Qarabağın xeyli hissəsini erməni terrorçularından azad etdi. Qarabağın arxeoloji, tarixi, memarlığı, havası, suyu, təbiəti erməni vandallarından azad olur. Qarabağın terrorçulardan azad olunması bəşəriyyətə ən böyük töhfədir. Çünki Qarabağ ərazisində bəşəriyyətin inkişaf tarixini öyrənmək üçün zəngin və dünya şöhrətli Azıx, Tağlar və digər abidələr mövcuddur.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərli guşəsində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərinin 17 kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir, sahəsi 1250 kvadratmetrdir.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin kompleks tədqiqatı ilə M.M.Hüseynov, D.V.Hacıyev, S.D.Əliyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, M.M.Müseyibov, N.Ş.Şirinov, N.B.Süleymanov, V.V.Veliçko, T.Marozova, Anri dö Lümley, Mariya Antuanetta dö Lümley, V.P.Lübin və digər alimlər məşğul olmuşlar.

Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynov və Ə.Q.Cəfərovun rəhbərliyi altında Azıx qədim insan düşərgəsində apardığı kompleks elmi tədqiqat işləri zamanı 10 arxeoloji təbəqə qeydə alıb tədqiq etmişdir. Arxeoloji tədqiqatlar zamanı Azıx mağarasının III, V-X təbəqələrindən 10 mindən artıq daş məmulatı və 500 mindən çox ovlanmış heyvanların sümük məmulatı tapılmışdır.

Azıx mağara düşərgəsinin ən aşağı təbəqələrinin daş məmulatı içərisində 3-4 kq ağırlığında olan nəhəng çoppervari alətlər diqqəti cəlb edir. Hələlik ölkəmizin ərazisində olan paleolit abidələrindən belə alətlər qeydə alınmamışdır. Təsvir olunan əmək alətlərini hələlik şərti olaraq Azıx tipli çapma alətlər adlandırmaq olar. Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş arxeoloji materialların olduqca mühüm elmi əhəmiyyəti var. Buranın maddi mədəniyyət nümunələri mağarada qədim insanların ilkin məskunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Qədim Azıx sakinləri əmək alətləri hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Quruçay vadisində ibtidai insanların yaşaması üçün zəruri olan bütün nemətlər olmuşdur. VII-X təbəqələrdə aparılan tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət nümunələri tamamilə yeni bir mədəniyyətdən xəbər verirdi. Ona görə də tapılmış əmək alətlərinin hazırlanma texnikası və tipologiyasının özünəməxsus cəhətləri nəzərə alınıb, yeni aşkar olunmuş maddi mədəniyyət nümunələrinə Quruçay mədəniyyəti adı verilmişdir. Aşağı təbəqələrin daş məmulatının elmi tədqiqi zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən olunmuşdur. Mədəniyyətin ilk mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində isə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni alətlər hazırlamağa başlanmışdır.

Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir.

Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzun inkişaf mərhələsindən sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx mağarasında qədim aşel dövrü altıncı təbəqənin materialları ilə meydana çıxmaqla yanaşı, yerli çay daşı alətləri quruçay mədəniyyəti əsası üzərində inkişafa başlamışdır.

Azıx düşərgəsində qədim aşel mədəniyyəti əsasən əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış qaşov tipli alətlərlə və diskşəkilli nüvələrlə xarakterizə olunur. Arxeoloji tədqiqatlar zamanı qədim aşel təbəqəsindən 3 minə qədər daş məmulatı tapılmışdır. Aşkar olunmuş daş məmulatı içərisində 526 ədəd əmək alətləri qeydə alınmışdır. Daş məmulatının qalan hissəsini istehsal tullantıları, nüvələr, təbii çay daşları təşkil edir. Qədim aşel mədəniyyətinə aid təbəqədən tapılmış əmək alətləri içərisində əsas yeri çapma, əl çapacaqları və qaşov tipli alətlər tutur. Təbəqədən əmək alətləri ilə birlikdə istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə düşərgədə qədim insanların əmək alətləri hazırladıqlarını göstərir.

VI təbəqədən daş məmulatı ilə yanaşı, zəngin fauna qalıqları da tapılmışdır. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük məmulatının təyinatı əsasında qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng maralların tutduğu müəyyən olunmuşdur.

Qədim aşel təbəqəsindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində qədim insanların aşel mədəniyyəti zamanı uzun müddət və daimi yaşadıqlarını göstərir.

Azıx qədim insan düşərgəsinin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta aşel mədəniyyətinə aid maddi mədəniyyət nümunələri tapılmışdır. Bu Azıxda qədim aşel dövrünün sonralar orta aşel mədəniyyəti ilə əvəz olunduğunu göstərir. Maraqlıdır ki, V təbəqədən, ancaq ovçuluq üçün yararlı əmək alətləri tapılmışdır. Azıx düşərgəsinin orta aşel təbəqəsinin fauna qalıqları göstərir ki, bu dövrdə ovçuluq özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Əgər qədim aşel dövründə 11 növ heyvan ovlanmışdırsa, orta aşeldə 45 növ heyvan və quş ovlanmışdır.

1968-ci ildə orta aşel təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insan çənəsi də tapılmışdır. Azıx qədim insan düşərgəsindən aşkar olunmuş çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplarla, xüsusilə, mauer adamı çənəsinə yaxınlığı ilə, digər tərəfdən də bir çox cəhətlərinə görə Fransanın Araqo mağarasının aşel təbəqəsindən tapılmış preneandertallarla daha yaxındır.

Aparılan elmi tədqiqatlar zamanı professor D.Hacıyev müəyyən etmişdir ki, Azıxdan aşkar olunmuş çənə keçmiş SSRİ ərazisində və Qafqazda ən qədim insan çənəsi olub, 30-35 yaşlı qadına məxsusdur, bu qadın 350 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamışdır.

Azıx mağarasının III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid 3 mindən artıq daş məmulatı və 500 mindən çox fauna qalıqları aşkar olunmuşdur. Daş məmulatı içərisində əsas yeri levallua-mustye itiucluları və qaşov tipli alətlər tutur. Düşərgənin mustye mədəniyyətinə aid təbəqəsindən tapılmış sümük məmulatı içərisində əsas yeri vəhşi at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s. heyvan sümükləri tutur. Aşkar olunmuş sümüklərin əksəriyyəti ocaqda yandırılmışdır. Bu da Azıx sakinlərinin həyatında mustye mədəniyyəti dövründə odun əsas yer tutduğunu göstərir.

Hazırda Azərbaycan ərazisində mustye dövrünə aid ən zəngin abidə Tağlar düşərgəsi hesab olunur. Tağlar düşərgəsi 1960-cı ildə paleolit arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Tağlar mağara düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşələrindən birində olub, Quruçayın sol sahilində yerləşir. Mağara düşərgəsi Qarabağın Tağlar kəndi yaxınlığında yerləşdiyi üçün ona kəndin adı verilmişdir. Mağara əhəng daşları içərisində təbii yolla əmələ gəlmişdir. Yaxınlıqdan axan Quruçay çayı Tağlar düşərgəsində yaşayan qədim insanların həyatında mühüm rol oynamış, məhz buna görə də onlar ərazini özləri üçün daimi məskən seçmişlər.

Çoxtəbəqəli Tağlar mustye düşərgəsi özünün maddi mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə Qafqaz və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Tağlar düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları əsasında düşərgə sakinlərinin əmək alətləri hazırlanma texnikasını, tipologiyasını və yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini tədqiq etmək olur.

Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 700 mindən artıq sümük məmulatları aşkar olunmuşdur.

Çoxtəbəqəli Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 mindən artıq daş məmulatı tapılmışdır. Düşərgədən müəyyən edilmiş əmək alətləri içərisində əsas yeri levallua itiucluları, mustye itiucluları, limas tipli alətlər, sadə bir işlək ağızlı qaşovlar, iki işlək ağızlı qaşovlar, kovergent qaşovlar təşkil edir.

Hazırda Qarabağ silsiləsinin cənub-şərq ətəklərində yuxarıda qeyd etdiyimiz qədim insan düşərgələri ilə yanaşı, Neolit, Eneolit və Tunc dövrlərinin Qaraköpəktəpə, Günəştəpə, Meynətəpə, Tuğtəpə, Kültəpə, Leylatəpə kimi bir sıra nadir və çoxtəbəqəli yaşayış düşərgələri aşkar olunmuşdur. Bu, bir daha göstərir ki, hələ ən qədim zamanlardan bu vaxta kimi qeyd olunan ərazidə insanların yaşaması üçün əlverişli təbii coğrafi şərait olmuş və xalqımızın ulu əcdadları Qarabağda yaşamışlar.

Bu günə qədər Qarabağın Azıx, Tağlar, Şuşa və digər abidələrində aparılan tədqiqatlara aid M.M.Hüseynov tərəfindən 4 kitab, 100-ə yaxın elmi məqalə, Ə.Q.Cəfərov tərəfindən isə 8 kitab, 145 elmi məqalə və 100-dən artıq elmi-publisist məqalələr yazılmasına baxmayaraq bəzi hallarda qeyd etdiyimiz abidələr haqqında elmdən uzaq və əsassız fikirlər söylənilir. Ona görə də hesab edirəm ki, Qarabağ və onun abidələri haqqında fikir söyləyərkən orada tədqiqat aparmış alimlərin fikirlərinə əsaslanaraq mülahizələr bildirilməsi doğru olar. Çünki savad əldə etmədən xalqımızın uzaq keçmişi haqqında zəngin biliklərə malik olmarıq və bu da əcnəbilərə tariximizi saxtalaşdırmağa zəmin yaratmış olar.

Son 60 ildə Azərbaycan alimlərinin Qarabağ ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi, paleontoloji və paleoantropoloji elmi tədqiqatlar ən qədim zamanlardan, yəni Quruçay mədəniyyətindən başlamış, Azərbaycan xalqının ulu əcdadının bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdığını elmi əsaslarla sübuta yetirmiş və tarixi saxtalaşdırmağa cəhd edən erməni alimlərinin iddialarının tamamilə əsassız olduğunu göstərir.

Qarabağ ərazisində müəyyən olunmuş quruçay, aşel, mustye, üst paleolit, mezolit, neolit və tunc dövrünün arxeoloji mədəniyyətləri bu diyarın qədim sivilizasiya mərkəzi olduğunu söyləməyə əsas vermişdir.

Əsədulla CƏFƏROV, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: