www.science.az
11.11.2020 11:19

Azərbaycan tarixinin dönüş nöqtəsi

Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan və Azərbaycan arasında bağlanmış sülh müqaviləsinin qüvvəyə minməsi dünya azərbaycanlıları kimi məni də çox sevindirdi. Xalqımızın dədə-baba torpaqlarının erməni işğalından azad olunması savaşı qələbə ilə başa çatdı. Şanlı hərbçilərimizin döyüş əzmi, mübariz ruhu qarşısında çoxu muzdlulardan ibarət olan erməni ordusu duruş gətirə bilmədi, silahı yerə qoydu.

Təqvimdə noyabr bayramlar ayıdır. Dövlət Bayrağı Günü (9 noyabr), Dirçəliş Günü (17 noyabr), Konstitusiya Günü (12 noyabr). Müstəqil dövlətçiliyimizin əsas atributlarından olan üçrəngli bayraq düz 30 il bundan öncə Naxçıvan Ali Məclisinin sessiyasında ulu öndərin təklifi ilə Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdi. Bu müqəddəs üçrəngli bayrağın 28 ildən sonra yenidən Şuşada dalğalanması milli ruhumuzun, gücümüzün, birliyimizin yenidən dirçəlməsi, dünyaya nümayişi oldu. Ali Baş Komandanın başçılığı ilə biz işğalçıya qalib gəldik. Qarabağ torpağı düşmən tapdağından azad oldu.

Hiyləgər, mənəviyyatı, şərəfi olmayan ermənilər 200 ilə yaxındır ki, çar Rusiyası dövründə Türkmənçay müqaviləsi ilə Qafqaza, xüsusilə Azərbaycana, onun Qarabağ, İrəvan və Naxçıvan kimi dilbər guşələrinə yerləşdirilmişdir. İlk vaxtlar kiçik bir ərazidə məskunlaşmış bu milli azlıq, etnik qrup keçən dövr ərzində böyük güclərə güvənərək Azərbaycanın İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə mahallarını işğal etmiş, ölkəmizdən qoparmışlar. Bu, azmış kimi Qarabağımıza göz dikmişlər. Xristian albanların mədəni irsini saxtalaşdırıb öz adlarına çıxmış, guya bu torpağın qədim sahibi olduqlarını utanmadan iddia etmişlər. Bakını erməni paytaxtı etməyi qarşılarına məqsəd qoyan erməni daşnakları Şaumyanın başçılığı ilə 1918-ci ildə burada mart qırğınları törətmiş, tək Bakıda deyil, Şamaxı, Quba, Naxçıvan və s. bölgələrdə yaşayan əhalimizi qətlə yetirmişlər. 1921-ci ildə sovet dövləti daşnakları müdafiə etmiş, Qarabağda erməni muxtar qurumu yaratmışdır. Ən acınacaqlısı o oldu ki, keçən əsrin 80-90-cı illərində Qorbaçovun, sonra Yeltsinin havadarlığı ilə onlar Dağlıq Qarabağı, Azərbaycan mədəniyyətinin qədim beşiyi Şuşanı işğal etdilər. Onlar 2020-ci ildə daha çox torpaq işğal etmək iddiasına düşdü. Bu dəfə müstəqil dövlətimiz və xalqımız bir yumruq kimi Prezidentimizin ətrafında birləşdi, qəhrəman ordumuz işğalçılara sarsıdıcı zərbə vurdu. Ona görə də ermənilərin 200 illik səlib yürüşünün qarşısı nəhayət ki, Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın və ordumuzun sarsılmaz döyüş əzmi ilə alındı.

Terrorizmlə məşğul olan erməni daşnakları Naxçıvana da ərazi iddiası irəli sürmüşlər. Buna nail ola bilməyən ermənilərin iddialarını təmin edən sovet dövlət rəhbərləri Zəngəzuru yeni yaranan Ermənistan dövlətinə hədiyyə etməklə, eyni zamanda Naxçıvan Muxtar Respublikasının böyük vətəndən ayrı düşməsinə, həm də Türkiyənin Azərbaycanla, Orta Asiya türk dünyası ilə əlaqəsinin kəsilməsinə səbəb oldu. Keçən əsrin 90-cı il hadisələrində Ermənistan Azərbaycanla dəmir yol əlaqəsini kəsməklə muxtar respublikanı blokadaya aldı. Bildiyimiz kimi, keçən 30 il ərzində Naxçıvan diyarı blokada vəziyyətində çox əziyyət çəksə də, ümummilli lider Heydər Əliyev kursunun davam etdirilməsi, muxtar respublika rəhbərliyinin böyük fədakarlığı nəticəsində burada böyük mədəni-iqtisadi inkişaf həyata keçirildi. Yeni Naxçıvan qurulub yaradıldı.

Azərbaycanın erməni ordusu üzərində möhtəşəm qələbəsindən sonra imzalanmış sülh müqaviləsində çox mühüm bəndlər var. Birincisi, ermənilərin Dağlıq Qarabağın status ilə bağlı iddialarının gündəlikdən çıxarılması tarixi nailiyyətdir. Ağdam, Kəlbəcər, Laçın rayonlarının sülh yolu ilə işğaldan azad edilməsi də dövlət başçımızın apardığı düzgün siyasətin bəhrəsidir. Sülh müqaviləsinin 9-cu bəndi belədir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir".

Bu maddə həyata keçərsə, blokada vəziyyəti nəhayət ki, aradan qalxar. Blokadanın aradan qalxması isə diyarımızın böyük torpaqla əlaqələrinin genişlənməsinə imkan yaradacaq. Bu addım eyni zamanda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, bölgə insanının rifah halının yaxşılaşdırılmasına təkan verəcək. Digər tərəfdən də Türkiyə Respublikası və Qərb ölkələrinin Azərbaycanla və Orta Asiya ilə qısa yoldan kommunikasiya əlaqələrinin yaranmasına şərait yaradacaq.

Bu maddə Prezident İlham Əliyevin təkidi ilə müqaviləyə daxil edilmişdir. İnanırıq ki, bu müqavilə Azərbaycanın ərazi bütünlüyünün, ölkəmizin suverenliyinin, hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayacaq.

Mənfur erməni daşnaklarının 200 illik səlib yürüşünün qarşısının alınması, muzdlulardan və terroristlərdən ibarət erməni ordusu üzərində Ali Baş Komandanın başçılığı altında qüdrətli Azərbaycan Ordusunun parlaq qələbəsi Azərbaycan tarixində dönüş nöqtəsidir. Tarix yenidən yazılır.

Əbülfəz QULİYEV, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.