www.science.az
13.11.2020 14:11

Əməkdar elm xadimi Abasqulu Quliyevin 80 illik yubileyi qeyd olunub

Noyabrın 13-də Polimer Materialları İnstitutu­nda kimya elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Abasqulu Quliyevin 80 illiyinə həsr edilən yubiley tədbiri keçirilib.

Ölkəmizdə tətbiq olunan karantin qaydalarına riayət etməklə və sosial məsafə gözlənilməklə baş tutan yığıncaqda Elmi şuranın üzvləri iştirak edib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq müəssisə əməkdaşlarını Qarabağdakı tarixi qələbə münasibəti ilə təbrik edib. 

AMEA-nın müxbir üzvü Abasqulu Quliyevin həyat və elmi fəaliyyəti barədə məlumat verən B.Məmmədov qeyd edib ki, ömrünün 60 ildən çoxunu kimya elminin inkişafına həsr edən görkəmli alim Qərbi Azərbaycanın Zərgibasar mahalında anadan olub. Alim orta təhsilini bir əsrdən çox tarixi olan, vaxtilə böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin işlədiyi Uluхanlı məktəbində alıb. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kim­ya fa­kül­təsində təhsilini davam etdirib. 1962-ci ildə universiteti bitirdikdən sonra təyinatla Sumqayıt Səthi-aktiv Maddələr zavodunda işləmək üçün göndərilib. O, 1964-cü ildə SSRİ EA-nın Yüksək­ mоle­kullu Birləşmələr İnstitutu­nun (Sankt-Peterburq) aspirantu­ra­sına daхil оl­­ub. 1970-ci ildə kimya üzrə fəlsəfə, 1987-ci ildə isə dоktоrluq dissertasiyalarını müda­fiə edib, 1989-cu ildə prоfessоr elmi adını alıb. 1968-ci ildən Pоli­­mer Ma­­te­­ri­al­ları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, la­­­­bо­ra­tоriya müdiri vəzifələ­rin­də işləyib. 1993-cü ildən  elmi işlər üzrə direk­­tоr müa­vi­ni, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktоru vəzifəsində çalışıb.

Bəxtiyar Məmmədov  qeyd edib ki, tanınmış alim Abasqulu Quliyevin geniş diapa­zоn­lu elmi axtarışlarının nəticəsi 450-yə yaхın elmi əsər­­də, о cümlədən 65 iхtira və patentdə öz əksini tapıb. Abasqulu Quliyev Türkiyədə və keçmiş SSRİ-nin bir sıra respublikalarında keçirilən beynəlxalq konfranslarda maraqlı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Onun elmi əsərləri ABŞ, Macarıstan, Bolqarıstan, İngiltərə, Almaniya, Braziliya və İspaniyada keçirilən konfrans materiallarında dərc edilib.

Abasqulu Quliyevin rəhbərliyi altında 20 fəlsəfə və 3 doktorluq disser­ta­si­yası mü­da­fiə оlun­­ub. Yaratdığı elmi məktəbin ye­tir­mə­ləri hal-hazırda respublikanın və başqa döv­lətlərin müх­tə­lif elmi mərkəzlərində fəa­liyyət göstərirlər.

Sonra alimin yetirmələrindən biri olan, hazırda PMİ-nin elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərən kimya üzrə elmlər doktoru Kazım Quliyev A.Quliyevi təbrik edərək, onun elmi fəaliyyətindən danışıb, daim bilik və bacarığını gənc nəslə aşılamaq üçün fəal çalışdığını bildirib.

Daha sonra tədbirdə institutun ümumi işlər üzrə direktor müavini Rauf Babayev, elmi katibi, dosent Solmaz Rzayeva və başqaları çıxış edərək Abasqulu Quliyevin zəngin elmi fəaliyyətindən söz açıblar.

Sonda A.Quliyev təbriklərə və xoş sözlərə görə institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.