Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın yaratdığı yeni reallıq Ermənistanı kapitulyasiyaya getməyə məcbur etdi
16.11.2020 15:56
  • A-
  • A
  • A+

Azərbaycanın yaratdığı yeni reallıq Ermənistanı kapitulyasiyaya getməyə məcbur etdi

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuruldu, onlar təslim olmaq məcburiyyətində qaldılar. Döyüş meydanında qazanılmış qələbələr diplomatik müstəvidə də qələbəmizin qazanılmasını şərtləndirdi. Torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi ki, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.

Bu gün Azərbaycan ordusu peşəkar, hazırlıqlı, ən müasir, çevik texnika ilə təchiz olunub və istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək gücə sahibdir ki, nəticədə silahlı qüvvələrimiz işğalçıları tarixi torpaqlarımızdan qova bildi.  

Azərbaycan bu münaqişədə haqlı tərəfdir və faktiki olaraq tarixi torpaqlarına qayıdır. Dövlətimiz bu qayıdışı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə reallaşdırır. Ermənistanın hərbi müttəfiqləri açıq şəkildə bildirirdilər ki, Azərbaycan mübarizəsini öz ərazisində aparır.

44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi, düşmənin texnikası və canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş dəstələrdən ibarətdir.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdi. Bu bəyanat, eyni zamanda Ermənistanın kapitulyasiya aktıdır. 

Artıq 10 noyabr bütün azərbaycanlıların həyatında ən xoşbəxt gündür. Belə xoşbəxt anları xalqımıza yaşadan Ali Baş Komandanımız İlham Əliyevə və müzəffər ordumuza öz minnətdarlığımızı bildiririk.

Vüsalə NƏRİMANOVA, AMEA-nın Dendrologiya İnstitutunun Ağac və kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri, b.ü.f.d.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: