www.science.az
17.11.2020 12:57

Dağlıq Qarabağ münaqişəsi və həlli

XX əsrin sonlarından müstəqilliyə qədəm qoysaq da, Azərbaycan xalqı azad, demokratik yol ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh və dostluq şəraitində yaşayır. NATO, BMT, ATƏT və s. kimi beynəlxalq təşkilatlar dünyada sülhü nizama salmaq, dünya müharibələrinin qarşısını almaq üçün beynəlxalq sülhsevər təşkilat olaraq yaradılıb. Ancaq dünyada tam sakitliyi heç nə ilə bərqarar etmək mümkün olmayıb. Ən azından bu təşkilatlar sülhsevər təşkilat olaraq müharibə ocaqlarında yardımçı kimi öz missiyalarını yerinə yetirirlər. İllərlə Azərbaycanda da müxtəlif vaxtlarda münaqişələr olub, dinc əhali amansızlıqla qətlə yetirilib. Keçən əsrdə qarşılaşdığımız 1918-ci il mart soyqırımı və 1992-ci il Xocalı faciəsi tariximizin qanlı səhifələrindəndir. Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb. Ulu öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi bu gün də qeyd olunur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş verən Xocalı soyqırımını törədib. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanan Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı. Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. 23 iyulda Ermənistan silahlı qüvvələri Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca, Azərbaycan ərazisində Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələri təxribat törətməyə cəhd göstərib, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilib.

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının o cümlədən, Beyrut limanında baş verən partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunub.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi — Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yayıb. Həmin gün Azərbaycan Silahlı Qüvvələrimiz erməni təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayıb. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev öz çıxışında "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində həm mülki əhali, həm də hərbçilər arasında itkilərimiz var. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Azərbaycan ordusu bu hərbi təxribata cavab olaraq, əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Eyni zamanda ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Güclü Azərbaycan ordusu güclü siyasi iradəyə əsaslanır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik", — ifadələrini dilə gətirib.

Bir çox xarici ölkələrin aparıcıların suallarını hörmətli Prezidentimiz qətiyyətlə cavablandıraraq açıqlamalarında "Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Azərbaycan ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin", — deyə bildirib. Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini deyiblər. Onların arasında ən mötəbər təşkilat BMT-dir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülüb.

Dağlıq Qarabağ münaqişənin həlli yolları tarixi həqiqətlərə, ədalətə və beynəlxalq hüquqa əsaslanıb. Ali Baş Komandanımızın məqsədyönlü siyasəti, davam edən müharibədə rəşadətli ordumuzun iradəsi və əzmi nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilib. Moskvada imzalanan üçtərəfli müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabr tarixinədək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilib.

Azərbaycan ordusunun mərd, igid, mətanətli oğullarının Prezidentin ətrafında sıx birləşməsinin nəticəsi olaraq əzəli torpaqlarımız nəhayət ki, azad oldu. Düzdür, bu Vətən müharibəsində neçə-neçə igidlərimiz canından, qanından keçdi, şəhidlik zirvəsinə ucaldı, nə qədər yaralananlar oldu. “Torpaq uğrunda ölən varsa, vətəndir” deyimini rəhbər tutaraq şəhidlərimizin və onların böyük ürəkli valideynlərinin qarşısında baş əyirik. Ulu öndərimizin vəsiyyəti olan Dağlıq Qarabağ münaqişəsi məsələsi müzəffər ordumuzla bərabər, qızıl hərflərlə yeni tarix yazan Prezidentimiz tərəfindən uğurla, qələbə ilə tamamlanmış və əlavə edərək demişdir: “Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!"

Eşq olsun Prezidentimizə! Qarabağ Azərbaycandır!

İradə MƏMMƏDOVA, AMEA-nın Dendrologiya İnstitutunun Ağac və kolların introduksiyası laboratoriyasının böyük elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.