Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Erməni saxtakarlığının dünyaya çatdırılması üçün elmi-tədqiqat işləri genişləndirilməlidir
19.11.2020 16:34
  • A-
  • A
  • A+

Erməni saxtakarlığının dünyaya çatdırılması üçün elmi-tədqiqat işləri genişləndirilməlidir

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda YUNESKO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə Gününə həsr olunan “Rəqəmsal elm, informasiya texnologiyaları və fəlsəfə” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Konfransı institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq əlamətdar gün münasibətilə filosofları təbrik edib. O, hər il ənənəvi olaraq keçirilən tədbirin önəmindən danışıb, rəqəmsal elmin və informasiya texnologiyalarının fəlsəfəyə təsirinə toxunub.

Onlayn konfransda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Ali Baş Komandan İlham Əliyevin və şanlı ordumuzun erməni işğalçıları üzərində tarixi qələbəsinə görə iştirakçıları təbrik edib. Akademik AMEA-nın Humanitarİctimai Elmlər bölmələrinin elmi-tədqiqat institutlarının Qarabağda aparılması nəzərdə tutulan əsas vəzifələrinin müəyyən edildiyini vurğulayıb. Bildirib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində çox böyük saxtakarlıqlar aparıb, coğrafi yer adlarının, tarixi toponimlərin, abidələrin adlarını özününküləşdirməyə cəhd edərək dünyaya təqdim ediblər: “AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələri erməni saxtakarlıqlarını aradan qaldıraraq əsl tarixi həqiqətlərin dünyaya çatdırılmasında apardıqları elmi-tədqiqat işlərinin əhatəsini genişləndirməlidirlər”.

Akademik, həmçinin qeyd edib ki, indiki vəziyyətdə Fəlsəfə və Sosiologiya İnstitutu multikulturalizm, dini tolerantlıq üzrə on illər bundan əvvəl başladığı işi yeni şəraitdə daha da genişləndirməli, bu istiqamətdə Azərbaycan dövlətinin, cəmiyyətinin nailiyyətlərini beynəlxalq ictimaiyyətə çatdırmalıdır: “Bu gün ölkəmizdə yaşayan çoxsaylı xalqların, milli azlıqların və müxtəlif konfessiyaların arasında tolerantlıq, dini dözümlülük yüksək səviyyədədir və bu, Azərbaycanın dövlət siyasətinin ana xəttini təşkil edir”.

Daha sonra tədbir öz işini məruzələrlə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: