Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Poetika.izm” jurnalının ilk sayı çapdan çıxıb
26.12.2014 00:00
  • A-
  • A
  • A+

“Poetika.izm” jurnalının ilk sayı çapdan çıxıb

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü və baş redaktorluğu ilə institutun yeni nəşri olan “Poetika.izm” jurnalının ilk sayı çapdan çıxıb.

Ölkəmizdə ədəbiyyat nəzəriyyəsinə həsr olunmuş ilk nəşr olan “Poetika.izm” jurnalı Ədəbiyyat İnstitutunun müraciəti əsasında AR Ədliyyə Nazirliyinin şəhadətnaməsi ilə rəsmiləşdirilərək institutun Elmi Şurasının 4 dekabr 2013-cü il tarixli qərarı ilə nəşr edilib.

Jurnalın redaksiya heyətinə ölkəmizin görkəmli alimləri ilə yanaşı, beynəlxalq aləmdə nüfuzlu elmi mərkəzlərdə çalışan alim və mütəxəssislər də daxil edilib. Jurnalın baş redaktor müavini prof. Tahirə Məmməd, məsul katibi f.ü.f.d. Maral Yaqubovadır.

Jurnalda ədəbiyyat nəzəriyyəsinə dair məqalələrin ayrı-ayrı bölmələr üzrə çap edilməsi nəzərdə tutulur. Jurnalın ilk sayında redaksiya heyəti tərəfindən gizli rəyləşdirmə nəticəsində müsbət rəy almış məqalələr “Janr, struktur, forma”, “İzm”, “Ədəbi kontekst”, “Tarixi poetika”, “Ədəbi təhlil. Mətn poetikası”, “Dünya ədəbiyyat nəzəriyyəsindən tərcümələr” və s. kimi daimi rubrikalar üzrə çap edilib.

Jurnalın baş redaktoru akademik İsa Həbibbəylinin bələdçilik funksiyası daşıyan və önsöz kimi səciyyələnən “Ədəbiyyat nəzəriyyəsi yollarında” adlı məqaləsində vurğuladığı kimi, “Poetika.izm” jurnalında elmi diskussiyaya, sağlam polemikaya, dialoqa daim xüsusi diqqət yetiriləcək, məqalələr ədəbiyyat nəzəriyyəsi elminin dərindən, sistemli şəkildə inkişafına zəmin yaradacaqdır.

Azərbaycanla yanaşı, Rusiyadan olan alimlərin də məqalələrinin dərc edildiyi ilk sayda İngiltərə, Fransa kimi ölkələrin tanınmış mütəxəssislərinin yaradıcılığından tərcümələr yer alıb, cari ildə Ədəbiyyat İnstitutunda keçirilmiş nəzəri təmayüllü konfranslar (“Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları” və “Ədəbiyyatda və sənətdə neft faktoru”) haqqında məlumatlar öz əksini tapıb.

Ədəbiyyatın ümumi nəzəri məsələlərinin, klassik Azərbaycan və Şərq ədəbiyyatlarının nəzəri problemlərinin, bədii tərəqqinin inkişaf qanunauyğunluqlarının kompleks tədqiqi, ədəbi bədii düşüncənin metodologiyasının araşdırılması, Azərbaycan ədəbiyyatının tarixi poetikasının tədqiqi, bədii obrazların, janr və bədii ifadə vasitələrinin təkamülünün araşdırılması sahəsində “Poetika.izm” jurnalının əhəmiyyəti və elmi yeniliyi ilk saydan bəllidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: