www.science.az
06.01.2015 00:00

AMEA Naxçıvan Bölməsində “Türklər” çoxcildliyinin təqdimat mərasimi keçirilib

AMEA Naxçıvan Bölməsində Yeni Türkiyə Araşdırma və Yayın Mərkəzinin ərsəyə gətirdiyi “Türklər” çoxcildliyinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev kitabın əhəmiyyətindən söz açıb, çoxcildliyin türk tarixinə dair dəyərli mənbə olduğunu vurğulayıb. Qeyd edib ki, yeni nəşrdə qədim Türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri, incəsənəti təbliğ edilmişdir.

Sonra çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev bildirib ki, ümumi türk tarixinə işıq salan sanballı əsərdə türklərin qurduqları dövlətlər və imperiyalar, hazırda mövcud olan türk respublikalarının tarixləri haqqında ətraflı məlumat yer alıb. Kitabda Azərbaycanın, hətta Naxçıvanın tarixi ilə bağlı məlumatların da əks olunduğunu söyləyən tədqiqatçı türk tarixinə dair maraqlı faktları diqqətə çatdırıb.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə çıxış edərək nəşrdə Naxçıvan Bölməsinin tarixçilərinin də məqalələrinin yer aldığını bildiriblər.

Qeyd edilib ki, Naxçıvan haqda geniş məlumat - Naxçıvan buzxanası, məscidlər, hamamlarla yanaşı, Naxçıvan sancağı, Osmanlıların Naxçıvana səfəri, Naxçıvan xanlığı, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Dövlət Universiteti, Ali Məclis və s. əsərin I, III, IV, V,VI,VII cildlərində öz əksini tapmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.