Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub
07.01.2015 00:00
  • A-
  • A
  • A+

Muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub

Bu gün AMEA Rəyasət Heyətində muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub.

Əvvəlcə Əlyazmalar İnstitutunun elmi işçisi, rəssam Fəxrəddin Əlinin Azərbaycan muğamlarına aid çəkdiyi rəsmlərə baxış keçirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə rəsm əsərləri barədə fikirlərini bildirərək Azərbaycan muğamlarına aid çəkilmiş 80 rəsm əsərini yüksək dəyərləndirib. Akademik Akif Əlizadə bu əsərlərin yüksək poliqrafik üsulla kitab halında çap edilməsinin məqsədəuyğun olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada keçiriləcək beynəlxalq muğam festivalına hazırlıq məsələləri barədə ətraflı məlumat verib. Akademik İsa Həbibbəyli tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə qarşıda duran vəzifələrdən bəhs edərək bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, mədəni tədbirlərə də geniş yer verilir, o cümlədən muğam sənətinin də inkişafına və beynəlxalq səviyyədə təbliğinə böyük səy göstərilir.

Akademik İsa Həbibbəyli nəşri nəzərdə tutulan “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusu və rəsm əsərlərini əhatə edəcək kitab-albomun bu ilin mart ayında Azərbaycanda keçiləcək beynəlxalq muğam festivalının və elmi konfransın işinə dəyərli töhfə olacağını qeyd edib. Bundan başqa, beynəlxalq simpoziumla əlaqədar zəruri hazırlıq işlərinin də aparıldığını bildirib.

AMEA Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova muğamşünaslıq məsələləri üzrə nəşri nəzərdə tutulan məqalələr toplusunun hazırlıq vəziyyəti barədə məlumat verərək toplunun yaxın günlərdə hazırlanaraq rəhbərliyə təqdim olunacağını diqqətə çatdırıb.

Tədbirin sonunda akademik İsa Həbibbəyli muğamşünaslıq konfransı ilə əlaqədar İşçi Qrupunun qarşısında duran vəzifələri nəzərə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: