Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Hindistanda keçirilmiş beynəlxalq simpoziumda iştirak ediblər
07.01.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Hindistanda keçirilmiş beynəlxalq simpoziumda iştirak ediblər

Hindistanın Dehli şəhərində Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Hindistanın Jamia Millia İslamia Universiteti və Türkiyənin Selçuk Universitetinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu keçirilib.

Jamia Millia İslamia Universitetində təşkil olunmuş simpoziumun açılış mərasimini giriş sözü ilə təşkilat komitəsinin baş katibi Ahmet Aytaç açaraq qonaqları salamlayıb. O, Hindistanın Türk-İslam dünyası ilə tarixi və hazırkı əlaqələrindən bəhs edib.

Təşkilat Komitəsinin həmsədri, İncəsənət fakültəsinin dekanı, professor Qəzənfər Zahidi Jamia Millia İslamia Universitetinin Hindistanın mərkəzi universitetlərindən biri olduğunu, burada xristianlarla müsəlmanların birlikdə təhsil aldıqlarını, rəssamlıq, təhsil, heykəltəraşlıq, təsviri incəsənət fakültələrinin fəaliyyət göstərdiyini xüsusilə qeyd edib.

Təşkilat Komitəsinin həmsədri, Selçuk Universiteti Türk Əl Sənətlərini Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri, Dos.Dr. Osman Kunduracı konfransa maraqlı məruzələrin təqdim olunduğunu bildirərək, iştirakçılara uğurlar arzulayıb.

Simpoziumda iki gün ərzində müxtəlif bölmələr üzrə Azərbaycan, Türkiyə, İtaliya və Hindistandan olan alimlərin 60-dan çox məruzə və poster-məruzəsi dinlənilib. Azərbaycan nümayəndə heyətinin üzvlərindən Millət vəkili Qənirə Paşayeva “Azərbaycan Hindistan əlaqələri tarixdə və bu gün”, AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müvini, professor Kübra Əliyeva “Təbriz bədii məktəbinin formalaşmasında Moğol miniatür məktəbinin rolu”, Folklor İnstitutunun elmi katibi, t.ü.f.d. Afaq Ramazanova “Türk xalqlarında “Arzu-Qəmbər” dastanı” və s. mövzularda məruzələrlə çıxış ediblər.

Konqresdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru Nərgiz Əliyeva “Orta əsrlərdə Azərbaycanda zərdüştilər” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın bir sıra zəngin maddi və mənəvi mədəniyyət abidələri nümunələri dünyanın müxtəlif ölkələrində, o cümlədən Hindistanda da mövcuddur.

Son araşdırmalara görə müxtəlif ölkələrdə 129 min Zərdüştün olduğunu bildirən məruzəçi zərdüştlüyün möhkəm kökləri olduğunu vurğulayıb.

Simpoziumun yekun iclasında Hindistanın Türk-İslam tarixindəki əhəmiyyətini diqqətə çatdıran natiqlər gələcəkdə də bu kimi elmi-kütləvi tədbirlərin keçirilməsinin buradakı türk əsərlərinin araşdırılması, qorunması və mühafizəsinə böyük töhfə verəcəyini bildiriblər. Jamia Millia İslamia Universitetində Türkoloji bölməsinin açılmasının böyük önəm daşıdığını bildirən azərbaycanlı nümayəndələr burada Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə bağlı fikirlərini də dilə gətiriblər.

Professor Kübra Əliyeva IV simpoziumun Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilməsini təklif edib.

Simpozium çərçivəsində iştirakçılar Dehli və Aqrada tarixi və memarlıq abidələrini də ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: