Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Birlik olanda zəfər də olur!
21.12.2020 14:23
  • A-
  • A
  • A+

Birlik olanda zəfər də olur!

Dünya tarixi göstərir ki, ermənilər bir ölkədən digər ölkəyə köçərək, köçəri həyat tərzi sürmüşlər və bu köçəri erməni tayfalarının heç vaxt öz torpaqları və öz dövlətləri olmayıb, onlar müxtəlif ölkələrdə, əsasən də Şərq ölkələrində dağınıq şəkildə yaşamışlar və indi də yaşayırlar. Son 200 ilin dünya tarixi buna ən yaxşı əyani sübutdur. Bu mənfur və yaltaq tayfa, məkrli və hiyləgər tayfa indi bizimlə qonşu olmuşdur.

Halbuki son 200 il əvvələ qədər Qafqazda bu cür tayfalar mövcud olmamışdır. Onlar son 200 il ərzində böyük güclər tərəfindən, havadarları tərəfindən müəyyən məqsədlər üçün zaman-zaman Qafqaza, bizim torpaqlara köçürülmüşlər. Biz onlara öz torpaqlarımızdan zaman-zaman pay vermişik, onları ətrafımızda yerləşdirmişik, onlara yardım əli uzatmışıq, çörək-su vermişik, özümüzə dost bilmişik. Onlar bizim torpaqlarda rahat məskunlaşdılar və həm də gəlmə olduqlarını, yurdsuz-yuvasız olduqlarını ört-basdır etmək üçün hər zaman bizə qarşı düşmən kəsildilər, qənim kəsildilər.

Erməni tayfalarının nəinki öz torpağı, öz dövləti də olmamışdır. Onlar bizim mədəniyyətə göz dikdilər, onu mənimsəməyə, özününküləşdirməyə başladılar. Adət-ənənələrimzi, adlarımızı, mədəniyyətimizi, musiqimizi, mətbəximizi mənimsədilər. O qədər mənimsədilər ki, artıq onlara sahib çıxmağa, onlara sahib olmağa başladılar və bütün dünyaya "bunlar bizimdir” deməyə, bütün dünyanı aldatmağa başladılar. Əslində dünyanın əksər hissəsi, havadarları onların bu yalanlarını bilmiş və onlara sərf etdiyi üçün, onlar tərəfindən mükafatlandırıldığı üçün, bilərəkdən bu yalanlara nəinki göz yummuşlar, əksinə, onları daim buna şirnikləndirmişlər, sövq etmişlər və indi də sövq etməkdə, şirnikləndirməkdədirlər. Bu, onlara hegemonluqlarını saxlamaq üçün lazımdır.

1990-cı illərin əvvəllərində ermənilər havadarlarına arxalanaraq, respublikamızda hakimiyyət boşluğundan və əhalimizin əliyalın (silahsız) olmasından istifadə edərək, torpaqlarımızın 20 faizini işğal etdilər, orada yaşayan azərbaycanlı əhalini isə amansızcasına gülləbaran etdilər, onlara qarşı soyqırımlar törətdilər. İnsanlığın üzünü qara edən, ermənilərin bu hərəkətlərinə, amansız qəddarlıqlarına, görünməmiş vəhşiliklərinə və barbar talanlarına, dağıntılarına qarşı havadarları susdular, göz yumdular.

Belə bir şəraitdə yeganə düzgün yol müharibəni, onun törətdiyi dağıntıları dayandırmaq, işğal prosesini saxlamaq üçün düşmənlə atəşkəs haqqında müqavilə bağlamaq idi. Belə bir müqaviləni 1994-cü ildə ölkə prezidenti, dahi siyasətçi, Ümummilli Liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə bağlamağa nail oldu. Qazanılmış vaxtdan istifadə edib ölkənin iqtisadi potensialını və gücünü artırmaq, əsas diqqəti ordu quruculuğuna yönəltmək lazım idi. H.Əliyevin başladığı bu işi onun layiqli xələfi olan İlham Əliyev uğurla davam etdirməyə başladı. Torpaqlarımızın işğal edilməsindən artıq 30 il keçmişdir. Mənfur ermənilər havadarlarının əllərində alət və oyuncaq olaraq qalmaqdadırlar.

Bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi problemi dövlətimizin, xalqımızın qarşısında duran, bizim üçün həmişə aktual olan və hər an öz həllini gözləyən ən başlıca, ən əsas problem olmuşdur. Böyük dövlətlərin iştirakı və rəhbərliyilə bizimlə mənfur düşmən arasında gedən saysız-hesabsız sülh danışıqları heç bir nəticə vermədi, çünki bu danışıqlar həmişə imitasiya xarakteri daşımış və yalnız vaxtı uzatmaq məqsədini güdmüşdür. Düşmən hesab edirdi ki, əvvəlki dövrlərdə olduğu kimi, vaxt bizə torpaqlarımızın işğalını unutduracaq və biz gec-tez bu işğalla barışmalı olacağıq. Lakin Prezident İlham Əliyev hər zaman qeyd etmişdir ki, biz bu işğalla heç bir zaman barışmayacağıq və torpaqlarımızı sülh yolu ilə azad etmək mümkün olmazsa, hərbi yolla azad edəcəyik. Bununla bağlı Ali Baş Komandan İlham Əliyev tez-tez elan etmişdir ki, "Biz güclü dövlətik! Bizim güclü ordumuz var!”

Bu işğal azmış kimi, yırtıcı düşmən atəşkəs rejimini hər gün dəfələrlə pozurdu və ölkəmizi, bizi yeni torpaqlarımızı işğal etməklə hədələyirdi, ölkəmizə ara-sıra hücumlar da edirdi. Hər dəfə ordumuz tərəfindən düşmən susdurulurdu. Ölkəmiz üzərinə düşmənin son hücumu 27 sentyabr 2020-ci il tarixində baş verdi. Biz torpaqlarımızı işğal etmiş, zaman-zaman insanlarımızı qırmış, soydaşlarımıza insanlığa zidd olan, tükürpədici işgəncələr vermiş, insanlıqdan cox uzaq olan azğın düşmənin hücumunu dəf etməyə, onun vəhşiliklərinin qarşısını almağa məcbur olduq və aldıq da.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və Şanlı Ordumuzun yenilməz şücaəti sayəsində 30 il müddətində torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi darmadağın etmiş, səfalı təbiətimizi ekoloji terrora məruz qoymuş bir düşmən əzildi, 44 gün ərzində torpaqlarımızdan qovuldu, ərazi bütövlüyümüz təmin edildi. Bu, dünya tarixində izi qalacaq, hətta ayrı-ayrı böyük dövlətlər tərəfindən öyrəniləcək, araşdırılacaq, təhlil olunacaq qədər böyük qələbədir. Bu, 21-ci əsr hərb tarixində yeni, ən müasir döyüş strategiyası yaratmış və yeni, cox maraqlı döyüş taktikaları ilə zəngin olan döyüşün zəfəridir. Artıq dünyanın aparıcı hərbi ekspertləri bu barədə öz müsbət fikir və rəylərini söyləmişlər.

Bu qələbə bir də ona görə mümkün oldu ki, bütün xalqımız yaşından, milliyyətindən və dinindən asılı olmayaraq, bir yumruq kimi birləşdi, Ali Baş Komandanın və qəhrəman Ordumuzun arxasında dayandı. Bu qələbə Xalq, Prezident və Ordu üçlüyünün dəmir birliyinin təntənəli təcəssümü oldu. Bu qələbə Prezidentimizin dediyi sözlərin əyani sübutu oldu: "Biz birlikdə güclüyük!” Vahid məqsəd uğrunda bir olmaq, birləşmək öz müsbət bəhrəsini verdi.

Biz həm də ona görə qalib gəldik ki, bizim düşmənə qarşı apadığımız müharibə ədalətli müharibə idi. Biz öz torpaqlarımızı 30 illik düşmən tapdağından xilas edirdik. Döyüşlər və dağıntılar bizim torpaqlarda, ərazilərimizdə gedirdi. Düşmən işğalçı idi, haqsız idi, özgə torpaqlarına soxulmuşdu.

Bu Böyük Qələbə ilə yanaşı, dövlətimiz böyük humanistlik nümayiş etdirdi. Ermənistanın kapitulyasiyasından sonra mülki əhaliyə toxunmadı. Əvəzində isə biz düşməndən yerə-göyə sığışmayan vandallıq, misli görünməmiş vəhşilik gördük. Onlar boşaltdıqları kəndlərimizi, şəhərlərimizi, təbiətimizi viran etdilər, yandırıb külə döndərdilər. Rusiyanın ərazimizdə yerləşdirilən sülhməramlı hərbi dəstələri də buna mane ola bilmədilər. Ermənilər bu vəhsi hərəkətlərilə sübut etdilər ki, dünyanın ən barbar tayfalarıdırlar. Onların təbiətimizə vurduğu yaralar təkcə bizim yox, bütün dünyanın iqliminə, ekologiyasına dəyən zərbədir. Çünki indi dünya cox "kiçilmişdir” və Yer kürəsinin hər hansı məhəlləsində baş verən ekoloji terror dünya iqlimini korlamağa, bütün dünya iqlimində mənfi əks-səda verməyə qadirdir. Ən azı məhz buna görə bütün dünya erməni vandalizmini, erməni vəhşilyini lənətləməli və onun hər cür təzahürünü boğmalıdır.

Bunlar ön cəbhədə baş verdi. Ön cəbhənin əsgər və zabitləri öz vəzifələrini müvəffəqiyyətlə, uğurla və layiqincə yerinə yetirdilər.

İndi dövlətimizin qarşısında işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və abadlıq işlərinin aparılması, kənd və şəhərlərimizin yenidən qurulması vəzifələri, köçkün əhalimizin öz yurd-yuvalarına dönməsini təmin etmək durur. İndi bu işlərin yerinə yetirilməsinə start verilmişdir.

Pandemiya ilə bağlı savaş da bir cəbhədir. Buradakı vəziyyət heç ürəkaçan deyil. Artıq bir ildir ki, bu dəhşətli pandemiya bütün dünyanı çənginə alıb və var gücü ilə tüğyan etməkdədir. Ölkəmizdə gündəlik yoluxmaların sayı artıq xeyli vaxtdır ki, 4000-ni, ölüm hallarının sayı isə 40-ı keçib. Bunlar bizim üçün böyük rəqəmlərdir. Bu qədər xəstə axınına tibb sistemimizin tab gətirməsi olduqca çətindir. Bundan başqa, həkimlərimizin vəziyyətini, bu bir il ərzində onların necə yorulub gücdən düşdüklərini, necə halsız qaldıqlarını da nəzərə alsaq, vəziyyətin cox ağır olduğunu təsəvvür edə bilərik. Hələ neçə-neçə həkimlərimizin COVID-19-un qurbanı olduğunu demirik. Tibb sistemimizin dayanıqlığını bərpa etmək üçün bu böhran vəziyyətindən mütləq çıxmağımız, həm də mümkün qədər tez çıxmağımız lazımdır. Bəs necə çıxaq?

Böhran vəziyyətini yaradan, ilk növbədə, məsuliyyətsiz insanlarımızdır. Onlar cox sadə, lakin cox zəruri olan karantin qaydalarına əməl etmədilər. Karantin qaydaları - maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etmək hər birimizin gündəlik həyat tərzinin tərkib hissəsinə çevrilməlidir. Hər kəs karantin qaydalarına əməl etməlidir. Həm qapalı məkanda, həm də açıq havada! Yeri gəlmişkən deyim ki, bir cox insanlarımız belə düşünürlər ki, açıq havada olduqda virusa yoluxma baş vermir. Bu kökündən səhv fikirdir. Məgər virus açıq havada özünün yoluxdurucu xassəsindən əl çəkir? Əsla yox!

Hazırda nə qədər ki, əlimizdə koronavirusa qarşı vaksin yoxdur, böhran vəziyyətindən çıxmağın yeganə yolu məsuliyyətsiz insanların məsuliyyətli insanlarla bir yumruq şəklində sıx birləşməsindən ibarətdir. Bu cür birləşmə çox sadədir. Sadəcə hamı bir nəfər kimi, harada olur-olsun, necə olur-olsun mütləq maska taxmalı və məsafə saxlamalıdır. Sadəcə hər kəs karantin qaydalarına, tələb olunduğu kimi, ciddi və dəqiq əməl etməlidir və əməl etməyə də borcludur. Bu borc bizim dövlətimiz qarşısında, insanlarımız qarşısında, əhalinin sağlamlığını pozmamaq üçün onların qarşısında borcumuzdur. Bu, bizim vətənpərvərlik borcumuzdur.

Gəlin birləşək, ən azı vaksin ölkəmizdə tətbiq olunana qədər hər yerdə bir nəfər kimi karantin qaydalarına dəqiq riayət edək! Bununla arxa cəbhədə də qalib gələk! Birlik olanda zəfər də olur.

Şakir NAĞIYEV, AMEA-nın Fizika İnstitutunun Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor

"Azərbaycan" qəzeti

  • Paylaş: