Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi ədalətin bərpası deməkdir
28.12.2020 15:31
  • A-
  • A
  • A+

Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi ədalətin bərpası deməkdir

Qarabağ Azərbaycandır!

(III hissə, əvvəli burada)

Münaqişənin dondurulması, Dağlıq Qarabağ Respublikasının müstəqil dövlət kimi tanınması və bu ərazilərin tədricən Ermənistana birləşdirilməsinə yönələn ümumdünya erməni hərəkatının fəaliyyətindən litvalı jurnalist Qintaras Visotskasın “İşğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxan bəzi amillər” adlı məqaləsində bəhs edilir: “Ümumdünya erməni hərəkatı və onun tərkib hissəsi olan Üçüncü Ermənistan Respublikası lazım gəldikdə öz rəngini, taktikasını, mübarizə üsullarını dəyişən xameleondur. Faydalı və səmərəli olanda onlar silahdan yapışırlar, terror qeyri-populyar, həqarətlə qarşılanan bir əmələ çevrildikdə isə bu qüvvələr tarixi təhrif edən kitablar yazır, Avropanın yüksək kürsülərindən həyasızcasına yalanlar yağdırırlar. Bu ümumdünya hərəkatın əsas çağırışı budur: ermənilər dünyada ən çox zərər çəkmiş xalqlardan biridir, buna görə də onlara hamının yazığı gəlməli, bütün dünya onlara kömək etməli, güzəştə getməlidir”. Müəllif avropalı parlamentarilər tərəfindən Ermənistana qarşı dəstəyi təmin etmək məqsədilə Avropada fəaliyyət göstərən Kaspar Karapetyan haqqında da ətraflı məlumat verir.

“İşğal şəraitində özünü müəyyənetmə hüququnun itirilməsi” adlı məqaləsində fəlsəfə elmləri doktoru Elxan Ələsgərov beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə yönələn danışıqlar prosesini təhlil edir. Ermənilərin gələcəkdə dünyanın bir sıra ölkələrindən özlərini müəyyənetmək iddialarında olacaqlarına işarə edərək müəllif Dağlıq Qarabağı “Ermənistanın konsentrasiya düşərgəsi” adlandırır, burada həm yerli əhaliyə, həm gəlmələrə nəzarət etmək üçün yaradılan xüsusi polis rejimi və etnik ermənilərin vəziyyətindən ətraflı danışır. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədə səsləndirdiyi: “Xocalıya qədər... azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi” ifadəsinə istinad edərək müəllif vurğulayır ki, ermənilərin “özünü müəyyənetmə hüququ”nu tanımaq beynəlxalq terrorizmə rəğbət kimi qiymətləndirilə bilər, hər halda dinc azərbaycanlıların kütləvi qətllərində müxtəlif erməni terrorçu təşkilatları fəallarının iştirakı hamıya məlumdur.

Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenkonun “Dnestryanı və Qağlıq Qarabağ münaqişələri: oxşar və fərqli cəhətlər” adlı məqaləsində təqdim etdiyi müqayisəli təhlil diqqəti cəlb edir. Tarixə nəzər salan və Qarabağda yerli əhalinin sayının məqsədyönlü azaldılmasını əyani şəkildə nümayiş etdirən bu ərazilərin milli tərkibinin müxtəlif illər üzrə statistik göstəricilərini araşdıran müəllif sözügedən tendensiyanın Dnestryanı bölgədə də mövcud olduğunu qeyd edir: “1988-ci ildə Qarabağda və Dnestryanı bölgədə vəziyyəti gərginləşdirən “katalizatorlar” zahirən fərqli – Qarabağda erməni separatçılarının və onların yerli tərəfdarlarının fəallaşması, Dnestryanı bölgədə isə rusdilli əhalinin rumın/moldav dilinin Moldovanın yeganə dövlət dili kimi tanınmasına etiraz etməsi olsa da, əslində bu, ikinci dərəcəli fərq idi. Tədricən hər iki regionda vəziyyət olduqca oxşar idi”.

R.Şevçenko, həmçinin Rusiyanın bu münaqişələrin yaranmasındakı rolu və sonradan danışıqlar prosesində iştirakı, faktiki işğalçılarla separatizmin qurbanlarını hüquq baxımından eyniləşdirməyə can atması məsələsinə toxunur, bir sıra rusiyalı jurnalist və siyasətçilərinin separatçılara qarşı simpatiyasından danışır (bu simpatiyanı biz 2020-ci ilin payızında Rusiyanın KİV-lərinə, televiziya verilişlərinə nəzər salanda da müşahidə etdik). “Hər iki halda RF-nın əsas məqsədinin postsovet məkanında öz təsirini qoruyub saxlamaq” olduğunu vurğulayan müəllif qeyd edir ki, Azərbaycan hakimiyyətinin münaqişənin beynəlmiləşdirilməsi və həqiqətin dünyaya çatdırılması sahəsində gördüyü nəhəng işlər Moldova rəhbərliyi üçün nümunə olmalıdır.

Topluda təqdim olunan digər məqalələr etno-ərazi münaqişələrin həlli yolları, beynəlxalq hüquqda muxtariyyət anlayışı və Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyətin verilməsi (Azərbaycan Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikasının olduğunu qeyd edən həmmüəlliflər həm qanunvericilikdə, həm də idarəetmədə bu cür təcrübənin mövcud olduğunu vurğulayır), Ermənistan tərəfin münaqişənin real həllinə yönələn adekvat və konstruktiv danışıqlar aparmaqdan boyun qaçırması məsələləri, bu problemə dair hüquqi sənədlərin təhlilinə həsr edilib. Sevindirici haldır ki, topluda həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında “Beynəlxalq hüquq” ixtisası üzrə təhsil alan magistrantların da məqalələri yer alıb. Bu məqalələr ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, danışıqlar prosesi zamanı qəbul edilən hüquqi sənədlərin təhlili, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan-ABŞ münasibətləri kontekstində araşdırılması (burada 907-ci düzəlişin ədalətsiz olduğu və sonradan onun qüvvəsinin dayandırılması, erməni lobbisinin ABŞ-ın siyasi, iqtisadi və mədəni sahələrinə təsiri və bu geniş təsir nəticəsində münaqişənin uzun illər ərzində həll edilməməsindən söhbət açılır) və BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsinə dair qəbul etdiyi qətnamələrin beynəlxalq hüquq baxımından təhlilinə həsr olunub. 1993-cü ildə qəbul edilən qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təsdiq edilir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu qeyd edilir. Amma BMT Təhlükəsizlik Şurasının 822-ci, 853-cü, 874-cü və 884-cü qətnamələrinin müddəalarında yer alan Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılması tələbinin olmasına baxmayaraq 27 il ərzində Ermənistan faktiki olaraq bu qətnamələri pozub, sənədlər qəbul edildikdən sonra da yeni əraziləri işğal edib və bütün bunlara rəğmən tamamilə cəzasız qalıb. Sadalananlar BMT-nin fəaliyyətinin səmərəsiz olduğunu və eyni zamanda dünya birliyinin münaqişənin həllinə yönələn konkret addımlardan çəkindiyini nümayiş etdirir.

Toplunun məqalələrindən birində qeyd olunduğu kimi, “Ermənistanın siyasi isteblişmenti başa düşür ki, ləngisə ölümə məhkumdur. Bakının səbri tükənir və əgər işğalçı ağıllanmasa və qonşu ölkənin ərazisindən öz ordusunu çıxarmağa qərar verməsə hər dəqiqə partlayış baş verə bilər. Ağıllanmaq əvəzinə isə Ermənistanın siyasi avanqardı manipulyasiya taktikasını seçir, Azərbaycanı yeni hərbi əməliyyatların başlanması və işğal olunan ərazilərin genişlənməsi ilə hədələyir”. Beləliklə, 2020-ci ilin payızında müşahidə etdiyimiz hərbi əməliyyatlar işğalçı dövlətin ağılsız və çəkinmədən işlədə biləcəyimiz sözlə desək həyasız davranışının məntiqi nəticəsi idi. Bunu öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb: “Bu günlər ərzində biz bir daha əmin olduq ki, Ermənistan işğal etdiyi əraziləri öz xoşuyla tərk etməyəcək. Azərbaycan döyüş meydanında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini faktiki olaraq tək başına yerinə yetirir...”

Və Azərbaycan buna nail oldu! Proseslər hərbi müstəvidən danışıqlar masasına keçid aldı. Bu baxımdan qeyd edə bilərik ki, “Dövlətin öz ərazi bütövlüyünü bərpa etmək hüququ” adlı məqalələr toplusu baş verən proseslərin beynəlxalq hüquqi bazasının təkmilləşdirilməsi sahəsində alimlərin tam vaxtında təqdim etdiyi sanballı töhfədir. Hesab edirik ki, nəşrdə yer alan məqalələri mütləq şəkildə Azərbaycan və ən azından ingilis dillərinə tərcümə etmək lazımdır. Axı hazırda bizim əsas məqsədimiz tarixi həqiqətləri yalnız mənbə və faktlar əsasında bütün bu hadisələrə göz yuman və bununla da faktiki olaraq işğalçıya bəraət qazandıran, onu cəzasız qoyan dünya ictimaiyyətinə çatdırmaqdır! Bu, bizim həm günahsız öldürülən soydaşlarımız, həm döyüş meydanında Azərbaycan Respublikasının maraqlarını qoruyan və tarixi ədaləti bərpa edən Milli Ordumuzun hərbi kontingenti, həm hərbi əməliyyatlar zamanı həlak olan şəhidlərimiz, həm də gələcək nəsillər qarşısında borcumuzdur. Dünyanı ədalətli görmək ümidilə!

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: