Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun 70 yaşı tamam olur
01.01.2021 12:26
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun 70 yaşı tamam olur

Bu gün Azərbaycan kimya elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, yüksəkmolekullu birləşmələr kimyası sahəsində respublikanın tanınmış mütəxəssislərindən biri, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun 70 yaşı tamam olur.

Bəxtiyar Əjdər oğlu Məmmədov 1 yanvar 1951-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 1967-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olub və 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.

B.Məmmədov əmək fəaliyyətinə 1974-cü ildə Sumqayıt Kimya Sənaye Birliyində başlayıb. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub, 1978-ci ildən indiki Polimer Materialları İnstitutunda əvvəlcə kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləyib. Alim 2016-cı ildən Polimer Materialları İnstitutunun direktoru vəzifəsində çalışır.

1980-ci ildə Moskva Kimya-Texnologiya İnstitutunda “p-Benzoxinonun qələvi iştirakında anion polimerləşməsi prosesinin və məhsullarının tədqiqi” mövzusunda fəlsəfə, 1994-cü ildə “Makroaroksil radikalları. Sintez qanunauyğunluqları, quruluşu, xassələri və istifadə yolları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. 2010-cu ildə professor elmi adı alıb, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Alimin elmi yaradıcılığında xinonların termiki, kation və anion polimerləşməsi və bir sıra vinil monomerləri ilə birgə polimerləşməsi, fenolların, difenolların, naftolların və aromatik aminlərin oksidləşmə homo- və birgə polikondensləşməsi reaksiyalarının kinetik qanunauyğunluqlarının və məhsullarının tədqiqi, bu reaksiyaların elmi əsaslarının işlənib hazırlanması və mexanizminin müəyyən olunması, aromatik qoşulmuş əlaqələr sistemli polifunksional reaksiyayaqabil yüksəkmolekullu birləşmələr kimyasının inkişaf etdirilməsi əsas yer tutur. Onun tərəfindən sintez olunmuş oksiarilen manqaları saxlayan homo- və birgə oliqomerlərin oksidləşmə reaksiyaları da geniş tədqiq olunub və stabil makroaroksil radikallarının alınmasının sadə və səmərəli üsulları yaradılıb. Makroaroksil radikallarının paramaqnit və elektrikkeçirmə xassələri arasında asılılıq aşkarlanıb. Göstərilib ki, bu sistemlərdə radikal mərkəzlərin qatılığı Fermi səviyyəsi yaxınlığında lokallaşmış yükdaşıyıcı mərkəzlərin miqdarını müəyyən edir.

B.Məmmədov sənaye istehsalı olan termoplastların, termoelastomerlərin, qatranların və elastomerlərin kimyəvi modifikasiyası və kompozisiyalarının, o cümlədən nanokompozi­si­yalarının alınması sahəsində də tədqiqatlar aparıb, yeni yüksək istiliyə davamlılıq, mexaniki möhkəmlik və antistatik göstəricilərə malik polimer materialların səmərəli alınma üsullarını işləyib hazırlayıb. Hal-hazırda tərkibində həm amin, həm də hidroksil qrupları saxlayan qoşulmuş əlaqələr sistemli polifunksional oliqooksidarilenlərin, oliqoaminooksiarilenlərin yeni nümayəndələrinin alınması, tərkibinin, quruluşunun, xassələrinin və tətbiq imkanlarının müəyyən edilməsi, belə tip oliqomerlərin və sənaye polimerlərinin əsasında yüksək istismar göstəricilərinə malik kompozisiyaların, o cümlədən nanokompo­zisiyaların yaradılması istiqamə­tində elmi-tədqiqat işlərini davam etdirir.

Bəxtiyar Məmmədov Ukrayna Elm və Teхnоlоgiya Mərkəzi, Belarus MEA-nın Metalpolimer Sistemlərin Mexanikası İnstitutu ilə birgə elmi layihələrin və SOCAR-ın “Elm Fondu”nun qrant layihəsinin yerinə yetirilməsində iştirak edib, bu layihələrdən ikisinin rəhbəri olub.

Ömrünü elmə və gənc nəslin elmi biliklərə yiyələnməsinə həsr edən alimin fəaliyyətində kadrların hazırlanması xüsusi yer tutur. Onun rəhbərliyi altında 10 kimya üzrə fəlsəfə doktorluğu və 1 magistr dissertasiyası müdafiə edilib. Hazırda B.Məm­mədov 1 doktorantın elmi rəhbəri və 4 dissertantın elmi məsləhətçisidir. 2 fəlsəfə və 1 elmlər doktorluğu dissertasiyaları tamamlanaraq Dissertasiya Şurasına təqdim olunub. Bəxtiyar Məmmədovun və onun rəhbərlik etdiyi məktəbin əsas elmi istiqaməti qoşulmuş əlaqələr sistemli polifunksional yeni bio- və elek­troaktiv oliqo- və birgə oliqomerlərin sintezi, sənaye polimerlərinin modifikasiyası və kompleks dəyərli xassələrə malik materialların, o cümlədən elektrotexnika və mikroelek­tronikada istifadə olunan çoxlaylı polimer dielektriklərin, bioaktiv və elektrikkeçirici polimer kompozisiyaların yaradılmasından ibarətdir.

Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun Elmi şurasının sədri və eyni zamanda Kimya üzrə Problem Şurasının üzvüdür. O, 1996-2014-cü illərdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən  Dissertasiya Şurasının üzvü, 2015-ci ildən isə Polimer Materialları İnstitutunun nəzdində yaradılmış kimya üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən D.01.251 Dissertasiya Şurasının sədri olub. O, eyni zamanda 2020-ci ildən akademik Y.H.Məm­mədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının və Kimya Elmləri Bölməsinin Elmi Şurasının üzvüdür.

Alim, eləcə də “Azərbaycan Kimya Jurnalı”nın və Belarus MEA Metalpolimer Sistemlərin Mexanikası İnstitutunun nəzdində nəşr olunan “Polymer materials and technologies” jurnallarının Redaksiya Heyətinin üzvü kimi fəaliyyət göstərir.

Tanınmış kimyaçının elmi yaradıcılığının nəticələri 400-ə yaxın əsərdə, o cümlədən 12 ixtira və 3 Azərbaycan Respublikasının patentində öz əksini tapıb. Onun əsərləri keçmiş ittifaqda, İngiltərə, İslan­di­ya, Almaniya, İsrail,İran, Türkiyə, İtaliya, Ukrayna, Gürcüstan, Rusiya Federas­iya­sı və Belarusda nəşr olunan nüfuzlu elmi jurnallarda, bu ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumun materiallarında nəşr edilib.

Alim 20 ildə elmi əsərlərinə nüfuzlu elmi jurnallarda və monoqrafiyalarda edilən istinadlara görə 2012-ci ildə ABŞ-ın “Thomson Reuters” Araşdırma Mərkəzinin Fəxri Fərmanı və mükafatına, 2015-ci ildə Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, yüksəkmolekullu birləşmələr kimyası, sənaye istehsalı olan termoplastların tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin neft-kimya tarixində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb. Bundan əlavə, 2016-cı ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq, Heydər Əliyev ideyalarının həyata keçməsi uğrunda fəaliyyəti, vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin alimi” Ali media mükafatı, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə “Parlamentinsəsi.tv internet televiziyası” tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, “Şərəfli ömür” fəxri diplomu, 2019-cu ildə “Parlamentinsəsi.az” xəbər portalının sorğusunun nəticələrinə əsasən, “Şərəfli ömür” media fəxri diplomu ilə təltif edilib.

Eyni zamanda ölkə başçısının Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, eləcə də AMEA-nın Fəxri fərmanına layiq görülüb.

Uğurlu həyat və fəaliyyəti alimin istedadının, bacarıq və qabiliyyətinin, zəhmətsevərliyinin bəhrəsidir. İstedad və zəhmətkeşlik alimin uğur düsturu, zəka isə Allah vergisidir. B.Məmmədov hər mövzuda özünü və sözünü cəmiyyətə təqdim etməyi bacaran alimdir.

Bəxtiyar müəllimin gərgin elmi axtarışlarla zəngin həyatında ailəsinin xüsusi yeri var. O, gözəl ailə başçısı, qayğıkeş ata, istəkli babadır. İnstitutumuzun kollektivi adından dünyagörüşü və intellekti ilə fərqlənən görkəmli alim, nəcib insan, dəyərli rəhbər, üstün insani keyfiyyətlətlərə sahib ziyalı, ömrünü gənclərin savadlanmasına və maarifləndirilməsinə sərf edən hörmətli Bəxtiyar müəllimi ad günü münasibətilə ürəkdən təbrik edir və ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar və daha uca zirvələri fəth etməyi arzulayırıq!

Kazım QULİYEV, AMEA-nın Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: