Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda dini tolerantlıq və ya dünyanın bir sıra ölkələrinin siyasi və ictimai xadimlərinin iddialarına cavab
11.01.2021 16:09
  • A-
  • A
  • A+

Azərbaycanda dini tolerantlıq və ya dünyanın bir sıra ölkələrinin siyasi və ictimai xadimlərinin iddialarına cavab

Azərbaycanın Qarabağ müharibəsində qələbə qazanması və öz əzəli torpaqlarının erməni işğalından azad etməsindən sonra dünyanın bir sıra ölkələrinin liderləri, həmçinin elm, mədəniyyət və incəsənət xadimləri vətənimizin ərazisində yerləşən xristian məbədlərinin taleyi haqqında öz narahatlığını bildirirlər. Bu zaman onlar erməni işğalçılarının Qarabağdakı müsəlman məbədlərinə, Azərbaycan xalqının memarlıq və arxeoloji irsinə qarşı nə dərəcədə barbarcasına davrandığını dilə gətirməyi “yaddan çıxarır”, muzey və kitabxanaların talan edilməsi, elə həmin xristian məbədlərinin erməniləşdirilməsi haqqında bir kəlmə də demirlər. Təəssüf ki, ikili, üçlü və daha çoxsaylı standartlar dünyasında biz bəlli olanı sübut etməli oluruq, halbuki hələ az öncə bu siyasətçilər və ictimai xadimlər özləri də Azərbaycan cəmiyyətində bütün etnoslara, inanclara və mədəniyyətlərə qarşı hökm sürən tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayıblar...

Dini dözümlülük, yəni “digərinin” inanc və məzhəbini qəbul etmək bacarığı tolerantlığın ilk tarixi forması sayılır. Dini dözümlülüyün rasionallığa əsaslanan mənəvi izahını ingilis filosofu Con Lokk təklif edib. Alimin fikrincə dövlət məzhəb simvollarının, dini ehkamların və ibadətin hansı formada olub-olmamasına qarışmamalıdır.

Bu baxımdan Azərbaycan istisna deyil. Əsrlər boyu müxtəlif konfessiyaların nümayəndələri respublika ərazisində yanaşı yaşayır. Mühüm geostrateji mövqeyə malik ölkəmiz din və dini cərəyanların yayıldığı ərazi olub. Azərbaycanın tarixi ərazisində şamanlıq, zərdüştilik (atəşpərəstlik), daha sonralar isə yəhudi dini, xristianlıq və islam yayılıb. Tarixən Azərbaycan ərazisində yaşayan etnik və dini icmalar arasında sıx münasibətlər formalaşıb, heç bir milli, irqi və dini ayrı-seçkilik mövcud olmayıb.

Azərbaycan unikal təcrübəyə malikdir. Bu təcrübəni xalqımız hələ “multikulturalizm” sözünün yaranmasından öncə, əsrlər boyu toplayıb və zənginləşdirib. Bu fikri əsaslandırmaq üçün akademik Akif Əlizadə “Dəqiq ideoloji hədəf – multikulturalizm” adlı məqaləsində XIX-cu əsrdə Rusiya Elmlər Akademiyası nəzdində Adolf Berjenin rəhbərliyi altında fəaliyyət göstərən Qafqaz Arxeoloji Ekspedisiyasının materiallarına müraciət edib. Ekspedisiyanın dərc etdiyi statistik məlumatlar göstərir ki, XIX-cu əsrin ortalarında Bakı azsaylı əhalisi olan monoetnik bir şəhər olub: “Əsrin sonlarında Abşeronda neft istehsalının artması, Bakı neftinin dünya bazarına çıxarılması, şəhərdə müxtəlif sənaye sahələrinin inkişafı, zavod, fabrik və bankların açılması, Bakı-Tiflis dəmir yolunun salınması xaricdən işçi qüvvələrinin axınına səbəb olub. Həmin illərdə qonşu İran və Rusiyanın ayrı-ayrı bölgələri ilə yanaşı Avropanın müxtəlif ölkələrindən də Bakıya axışan insanlar burada təkcə iş yerləri deyil, Xəzərin sahilində özlərinin ikinci vətənini əldə ediblər. Maraqlısı də ondadır ki, yəhudilərin məskunlaşdığı ölkələrdə onlar əksər hallarda gettolarda – ayrılmış xüsusi məhəllələrdə yaşayıblar, bu günün özündə də yaşayırlar, amma Bakıda milli və dini müstəvidə bu kimi ayrı-seçkilik heç bir vaxt olmayıb. Bu kimi məhəllələr bu günün özündə belə Avropa paytaxtlarında mövcuddur və o cümlədən Yaxın Şərqdən gəlmiş miqrantların məskunlaşdıqları həmin məhəllələr daim ictimai asayiş üçün təhlükə mənbəyi sayılır. Nəinki Avropa, hətta üç dinin müqəddəs şəhəri, hazırda isə İsrail dövlətinin paytaxtı olan Qüdsdə belə məhəllə var. İndi isə XIX əsr deyil, artıq XXI yüzillikdir”.

Qərb və Şərq mədəniyyətlərinin sintezi ən çox incəsənətin inkişafında özünü biruzə verib. Müsəlman Şərqində ilk dəfə olaraq məhz Azərbaycanda ilk opera yaranıb, peşəkar təsviri sənət, musiqi, memarlıq məktəbləri təşkili edilib. Müasir Qərbin miqrantlara qarşı münasibətindən fərqli olaraq xalqımız bura gələn insanları olduqları kimi gəbul edib və onlara öz mədəniyyətlərini, dinini və dilini qoruyub saxlamaq üçün müvafiq şərait yaradıb. Həmin dövrlərdə respublikanın Bakı, Gəncə, Xaçmaz, Şəmkir və digər şəhərlərində müxtəlif dinlərə aid olan məbədlərin inşası, bu ocaqların bu gün də müsəlman məbədlərilə yanaşı dövlət tərəfindən qorunması və bərpa edilməsi buna bariz nümunədir.

Qafqazda və bütün dünyada ən qədim məbədlərdən biri sayılan IV-V-ci əsrlərə aid olan Şəkinin Kiş kəndində yerləşən Alban kilsəsinin əsaslı təmiri (məbəd kilsə-muzey kimi fəaliyyət göstərir), Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adına alban kilsəsinin bərpası (Çotari Alban-Udi kilsəsi), XX əsrin əvvəllərində Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ianə etdiyi vəsaitlə inşa edilən Müqəddəs Mürdaşıyan Zənənlər kilsəsinin əsaslı bərpası (Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi tərəfindən bu məbədə baş kafedral kilsə statusu verilib), Avropanın ən iri sinaqoqlarından biri sayılan yeni yəhudi sinaqoqunun istifadəyə verilməsi (bu məbədin inşasında xarici yəhudi təşkilatları, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və Qafqaz Müsəlmanları İdarəsi yaxından iştirak edib; müsəlmanların və xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və bu işə köməklik göstərməsi bütün dünyada misli görünməmiş hadisə hesab olunur), Bakıda Müqəddəs Bakirə Məryəm Katolik kilsəsinin açılışı, Bakıda və Şəmkirdə Alman Lüteran kilsələrinin bərpası və əsaslı təmiri, Bakının Suraxanı kəndində müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilən “Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğunun əsaslı təmiri, Qubada yəhudi muzeyinin inşası, Göygöldə almanların Azərbaycana köçürülməsinin 200-illiyi münasibətilə Alman kolonistləri muzeyinin yaradılması və bu kimi digər tədbirlər respublikada mədəni irsə verilən dəyərin əyani sübutudur.

Təsadüfi deyil ki, Azərbaycana müxtəlif illərdə səfər edən rəsmi şəxslər ölkədə hökm sürən dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edərək respublikamızda mövcud olan dinlərarası münasibətlərin və dözümlülüyün dünyanın digər ölkələri üçün yaxşı nümunə ola biləcəyini vurğulayıblar.

Beləliklə, Azərbaycan Respublikasında hökm sürən tolerantlığın spesifik xüsusiyyətini müxtəlif dini konfessiyaların nümayəndələrinin bir-birinə qarşı və dövlətin onlara ayrı-ayrılıqda və bütövlükdə olan münasibəti təşkil edir. Konfessiya rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev onlarla məsləhətləşmələr aparır, inanclı insanları bütün dini bayram və xüsusi mərasim günləri münasibətilə dövlət səviyyəsində təbrik edir. Bir çox müqəddəs yer, abidə, dini simvol və əşyalar dövlət tərəfindən bərpa edilir və qorunur. Azərbaycanda, həmçinin müxtəlif dini cərəyanların nümayəndələrin fəaliyyəti üçün də şərait yaradılıb. Tədqiqatçılar qeyd edir ki, bu günədək Azərbaycanda məskunlaşan heç bir etnik və ya dini qrup ölkəni ayrı-seçkilik və dözümsüzlük səbəbindən tərk etməyib. Müxtəlif dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini və etnik qruplar burada özlərini nəinki yad hiss etməyiblər, əksinə, yerli əhali ilə qarışaraq özlərinə Vətən əldə ediblər, Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparıblar. Özündə müxtəlif xalqları və etnik azlıqları birləşdirən vahid Azərbaycan xalqı hər zaman bu spesifik xüsusiyyəti ilə yalnız Şərqdə deyil, bütün dünyada seçilib və seçilir. Bu xüsusiyyət özünü Qarabağ müharibələri zamanı da biruzə verib: Vətən uğrunda gedən döyüşlərdə Azərbaycan vətəndaşları etnik və dini mənsubiyyətindən asılı olmayaraq çiyin-çiyinə vuruşub, qazanan Qələbə hamılıqla qeyd edilib, döyüş meydanında həlak olan şəhidlərimizin xatirəsi ölkənin bütün dini ocaqlarında ehtiramla yad edilib.

Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu haqda “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsində bəhs edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev qeyd edir ki, bu sahədə həyata keçirilən müvafiq tədbirlərdən biri də dünyanın müxtəlif mədəniyyətləri arasında dialoqun və əməkdaşlığın inkişafına yönələn olduqca mühüm bir təşəbbüs – “Bakı prosesidir”: “2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdi. Bu, dünyada çox böyük əks-səda yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır...”

2010-cu ildən başlayaraq bu proses qlobal hadisəyə çevrilməyə başlayıb. Azərbaycan tərəfindən bu təşəbbüsün irəli sürülməsi respublikamızın ərazisində tarixən formalaşan milli, mədəni və dini rəngarəngliklə bilavasitə bağlıdır. 2018-ci ilin iyununda Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və ölkəmizin YUNESKO nəzdindəki daimi nümayəndəliyinin birgə dəstəyi ilə Parisdə “Bakı prosesinin” 10 illik yubileyi qeyd edilib.

“Bakı prosesinin” qlobal hərəkata çevrilməsi ilə Bakıda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına həsr olunan bir çox beynəlxalq forum və konfranslar keçirilib. Bu tədbirlər sırasında dünya dini liderlərinin zirvə görüşləri, mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumları, beynəlxalq humanitar forumlar, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, həmçinin udilərin dünəni, bu günü və sabahına, dini tolerantlığın ənənələrinə və möhkəmlənməsinə, Alban Apostol Kilsəsinin dünəni və bu gününə, dinlərarası dialoq və radikalizmlə mübarizəyə həsr olunan konfransları qeyd etmək lazımdır.

Yuxarıda sadalanan tədbirlərin müxtəlif xalqlar, konfessiyalar və mədəniyyətlərin nümayəndələri arasında sıx əlaqələrin yaranmasındakı rolunu həmin forum, konfrans və sessiyaların bütün iştirakçıları vurğulayıb və vurğulayır. Qeyd olunan məqaləsində akademik Ramiz Mehdiyev yazıçı Raul Loveri Kontrerasın “The Porterville Recorder” qəzetində dərc edilən “Qurbanlar əbəs idimi?” adlı məqaləsindən olduqca maraqlı sitat gətirir: “İspaniyada anadan olmuş Roma Katolik Kilsəsinin keşişini, Qvatemaladan (Cənubi Amerika) olan baptist yepiskopu və Los-Ancelesdən müsəlman imamı nə birləşdirə bilərdi? Hamısı bir yerdə təyyarə ilə İstanbula, sonra isə Humanitar Forumda iştirak etmək üçün Bakıya uçublar. Daha sonra da birlikdə Qubada dağ yəhudilərinin ənənəvi olaraq azərbaycanlılarla yanaşı yaşadığı Qırmızı qəsəbəyə gediblər”. Bu sözlər Azərbaycanda formalaşan tolerantlığın səciyyəviliyini olduqca dolğun nümayiş etdirir.

Məhz buna görə Azərbaycan xalqını Palmira və digər memarlıq incilərini yerlə yeksan edənlərlə, yəni bütün insani və mənəvi keyfiyyətlərdən uzaq olan terrorçu təşkilatların üzvlərilə müqayisə edən şəxslər öz sözləri və çağırışlarına ciddi fikir verməlidirlər. Məqalədə qeyd olunan faktlar respublikada bu istiqamətdə aparılan işlərin cüzi bir hissəsidir. Buna əmin olmaq üçün sadəcə Azərbaycana gəlib bütün bu məbədləri ziyarət etmək, həmçinin müxtəlif etnos və konfessiyaların nümayəndələri ilə söhbət etmək kifayətdir. Texnologiyalar əsrini nəzərə alsaq isə hətta gəlmək gərək deyil, bütün məlumatlar internetdə var. Sonra isə öz ölkələrində mövcud olan duruma, müxtəlif dinlərə, xalqlara və mədəniyyətlərə qarşı hökm sürən münasibətə nəzər salmaq lazımdır. Əminik ki, artıq şərhə ehtiyac qalmayacaq...

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: