Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-da 2014-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

AMEA-da 2014-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

Yanvarın 14-də Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə 2014-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirib.

Tədbirdə KİV nümayəndələrinə ötən ildə akademiyada həyata keçirilən layihələr və aparılan islahatların nəticələri ilə bağlı ətraflı məlumat verilib.

AMEA rəhbəri 2014-cü ildə akademiyanın müxtəlif istiqamətlərində həyata keçirilmiş islahatlardan, innovativ xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, multidisiplinar tədqiqatlara üstünlük verilməsi, elm və təhsilin inteqrasiyası, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin qurulmasından, eləcə də Azərbaycan elminin dünyaya inteqrasiyasından danışıb.

Akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək, tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək və müəssisələr üçün aktual olan məsələlərin daha geniş müzakirəsinə nail olmaq məqsədi ilə qurumun elmi müəssisələrinin strukturunda dəyişikliklər olunduğu bildirilib.

Xüsusilə son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdirildiyini deyən Akif Əlizadə onlara ayrılan diqqət və qayğıdan, alimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir çox layihələrin əsasının qoyulması, o cümlədən “Alimlər şəhərciyi"ndən danışıb. Gənc alimlərin elmi fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə doktorantura və ixtisasartırma təhsili alması üçün dünyanın aparıcı elmi mərkəzlərinə göndərilməsi, bir çox beynəlxalq layihələrə qoşulmasının təmin edilməsi, AMEA-da çalışan gənclərin fəaliyyətini stimullaşdırmağa, elmi potensialını artırmağa, təkliflərini dəyərləndirməyə xidmət edən Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və təşəbbüsü ilə bir çox əhəmiyyətli tədbirlərin həyata keçirilməsi də ötən ilin icra olunan uğurlu vəzifələri kimi vurğulanıb.

Elmin inkişafı ilə bağlı imzalanmış fərman və sərəncamlardan söz açan akademik A.Əlizadə dekabr ayında AR Prezidenti tərəfindən təsdiq olunmuş AMEA-nın yeni nizamnaməsi və “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nı xatırladıb. Akademik AMEA-nın ümumi yığıncağında qəbul edilmiş hər iki sənədin elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi, elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirib. Bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı məqsəd və vəzifələrdən irəli gələn bu konsepsiyada elmin inkişafının dövlətin vacib vəzifələrindən biri kimi müəyyən edilməsi, elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması, regionlarda elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, texnoparklar şəbəkəsinin genişləndirilməsi kimi mühüm məsələlər öz əksini tapır.

AMEA üzvlüyünə keçirilən seçkilərdən də danışan akademik A.Əlizadə istər hüquqi, istərsə də texniki baxımdan seçkilərin müasir tələblərə uyğun aparıldığını, seçki pro¬sesinin şəffaflığının təmin edilməsi və seçki komis¬si¬ya¬la-rı¬nın işinin təkmilləşdirilməsi istiqamətində bir sıra innovativ tədbirlərin görüldüyünü qeyd edib. AMEA rəhbəri səsvermənin nəticələrinin kadr potensialının güclənməsi, xüsusilə son dövrlər müşahidə olunan elmdə qocalma tendensiyasının aradan qalxması və gələcəkdə kadrların gəncləşməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Aparılan elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasını, yeniliklərin istehsalatda tətbiqininin əsas hədəflərdən olduğunu söyləyən A.Əlizadə ötən il bununla bağlı keçirilən səmərəli görüşlərdən də söz açıb. Belə ki, “Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində “DetAl Holding” şirkətinin rəhbərliyi ilə əməkdaşlıq haqqında sazişin imzalanması, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə elmi-innovativ yeniliklərin metallurgiya sənayesinə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edən əməkdaşlığa dair memorandum imzalanması, həmçinin Akademiyanın brendi olan “Solidol”, “Niqrol” sürtgü yağları və digər məhsulların Təcrübə-Sənaye Zavodunda istehsalı və qablaşdırılması elmi-innovasiya potensialı sahəsində böyük əhəmiyyətə malikdir.

Ölkələrin elmlər akademiyaları ilə müxtəlif istiqamətlərdə əsası qoyulan əməkdaşlıqlar baxımından da əlverişli il olaraq yadda qaldığını deyən akademik həmin qurumlarla əlaqələrin inkişaf perspektivlərindən danışıb.

AMEA prezidenti bildirib ki, akademiyanın Mərkəzi Elmi Kitabxana və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binalarının açılışı, yeni institutların yaradılması, Təhsil Nazirliyi ilə birgə Bakı və Sumqayıt məktəblilərinin Kimya üzrə Dünya Olimpiadasının 2015-ci ildə ölkəmizdə keçirilməsi, “Göytəpə Arxeoloji Parkı”nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin keçirilməsi mətbuat konfransında xüsusi önəm verilən məsələlərdən olub.

Eyni zamanda regionlarda elmin kütləvi təbliği və populyarlaşdırılmasına yönəldilmiş bir sıra uğurlu layihələrə start verilməsi, fərqlənən alimlərin AMEA-nın adlı mükafatlarına layiq görülməsi, alimlərin sosial müdafiəsi, Akademiyada magistratura təhsilinin təşkili, ölkə alimlərinin mühüm tədqiqatlarının xaricdə tandılması və beynəlxalq tədbirlərdə çıxış etməsi akademiyanın uğurlu siyasətinin göstəricisidir.

A.Əlizadə Cənubi Qafqazda ilk dəfə keçirilən “Bakı Elm Festivalı-2014"ün və respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələrini bir araya gətirən Azərbaycan alimlərinin I Qurultayının ötən ilin ən mötəbər tədbirləri kimi yaddaşlara yazıldığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: