Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şühədanamə” kitabı çap olunub
14.01.2021 15:18
  • A-
  • A
  • A+

“Şühədanamə” kitabı çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun nəşrə hazırladığı XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” çap olunub. “Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktorları mərhum akademik Vasim Məmmədəliyev və Hacı Mustafa Mailoğludur.

“Şühədanamə” (“Şəhidlər kitabı”) orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatının və ədəbi dil tarixinin ən dəyərli nümunələrindən biridir. Hüseyn Vaiz Kaşifinin Kərbəla müsibəti mövzusunda fars dilində yazdığı “Rövzətüş-şühəda” kitabını Məhəmməd bin Hüseyn Katib Nişati Azərbaycan dilinə tərcümə edərək “Şühədanamə” adlandırıb. Tərcümənin dilində dövrün səciyyəvi dil xüsusiyyətləri ilə yanaşı, bir sıra dialekt özəllikləri də özünü göstərir. Məhz buna görə də dini məzmun daşımasına baxmayaraq “Şühədanamə” hələ sovet dövründə - 1965-ci ildə Saməd Əlizadə, 1979-cu ildə isə Möhsün Nağısoylu tərəfindən dilçilik baxımından araşdırılıb. “Şühədanamə”nin əlyazması isə dövrün ideologiyasının tələblərinə görə nəşr edilməyib.

10 (fəsildən) ibarət olan “Şühədanamə”nin ilk bölümlərində məşhur peyğəmbərlərdən Adəm, Nuh, İbrahim, Yaqub və Yusifin həyatının ağrılı-acılı anlarından, sonuncu peyğəmbərin (s) cəfaları və dünyasını dəyişməsindən bəhs olunur. Kitabın sonrakı bölümləri Həzrət Fatimə, İmam Əli və İmam Həsənin həyat və vəfatı haqqındadır. “Şühədanamə”nin əsas hissəsində isə İmam Hüseynin həyatı ilə bağlı müəyyən hadisələrdən və Kərbəla faciəsindən danışılır. “Şühədanamə”nin dünyada yeganə əlyazması mütərcim Məhəmməd bin Hüseyn Katib Nişatinin öz xətti ilə Şiraz şəhərində hazırlanıb və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Tərcümənin mətni ilk dəfə olaraq həmin əlyazma əsasında nəşrə hazırlanıb.

Kitabda ərəb-fars sözləri lüğəti, arxaik səciyyəli türk mənşəli sözlər lüğəti, həmçinin şəxs adları, qəbilə, yer adları indeksi öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: