Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20 Yanvar hadisələri zamanı şəhid olan alimlərin xatirəsi anılıb
25.01.2021 15:58
  • A-
  • A
  • A+

20 Yanvar hadisələri zamanı şəhid olan alimlərin xatirəsi anılıb

AMEA-nın Polimer Materialları İnstitutunun rəhbərliyi müəssisənin 20 Yanvar hadisələri zamanı şəhid olan əməkdaşlarının xatirə abidəsini ziyarət edib.

31 il əvvəl yanvarın 24-də sovet hərbi qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı zamanı ən ağır cinayətlərdən biri baş verib.  O gün vətənpərvər 5 elm fədaisi çalışdıqları Polimer Materialları İnstitutuna işə gedərkən sovet faşizminin amansızlığına tuş gəliblər. Sovet ordusunun Azərbaycana yeridilən böyük kontingentinin tankı xüsusi amansızlıqla yolun kənarında nasazlığı səbəbi ilə dayanan maşının üstündən keçərək hadisə yerindən uzaqlaşıb. Hər biri öz sahəsində sözünü demiş 5 alimi qanlı faciədən sonra işə aparan onların elmə bağlılığı, işlərinə olan sədaqəti idi. O hadisədə 5 alimdən 3-ü elm yolunda şəhid oldular.

Faciə zamanı professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə 3 gündən sonra vəfat ediblər. Parlaq Mustafayeva və İdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşublar. Vəhşi cinayətin 3 qurbanları ömürlərinin çiçəkləndiyi, yaradıcılıqlarının qızıl çağında həyatdan vaxtsız köçüb, 2 alim isə unuda bilməyəcəkləri vəhşiliyin, amansızlığın şahidi olublar. Professor İdris Əhmədov hadisədən 29 il sonra, məhz 2019-cu ilin 20 yanvarında dünyasını dəyişib.

Artıq 31 ildir ki, Polimer Materialları İnstitutunda hər il yanvarın 24-də  müəssisə əməkdaşlarının amansızca qətlə yetirildiyi Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarət təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: