Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şərqşünas alim Vilayət Cəfərov vəfat edib
22.02.2021 15:30
  • A-
  • A
  • A+

Şərqşünas alim Vilayət Cəfərov vəfat edib

Azərbaycan şərqşünaslıq elminə ağır itki üz verib. Görkəmli şərqşünas alim, AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Vilayət Cəfərov fevral ayının 21-də dünyasını dəyişib.

Vilayət Abbasqulu oğlu Cəfətov 1940-cı il mayın 15-də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili bölməsində ali təhsil alıb. 1967-ci ildən ömrünün sonuna kimi Şərqşünaslıq İnstitutunda işləyib. Ötən müddət ərzində institutun aspiranturasında təhsil alıb, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 2000-ci ildən Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri olub. 1978-1981-ci illərdə İraqda tərcüməçi vəzifəsində çalışıb.

1971-ci ildə “İraq şairi Cəmil Sidqi əz-Zəhavinin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 2003-cü ildə “İraqda neoklassik poeziya” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2010-cu ildə professor diplomuna layiq görülüb.

V.Cəfərov “Cəmil Sidqi əz-Zəhavi”, “İraqda  neoklassik  poeziya”, “Əliqılınclı zülfüqar”, “Qürbətdə yaranan dostluq”, “İraq-Türkiyə poetik əlaqələri” kitablarının müəllifi olub. Həmçinin alimin görkәmli әrәb yazıçısı Cürci Zeydandan tərcümə etdiyi “Fәrqanә gәlini” romanı, tərtib edərək müqəddimə və şərhlərlə çap etdirdiyi “A.İmanquliyeva. Məqalələr və tərcümələr” kitabı işıq üzü görüb. 100-dən çox məqalənin müəllifi olub. Məqalələri Rusiya, Türkiyə, Rumıniya, Türkmənistanda çap edilib.

V.Cəfərov Şərqşünaslıq İnstitutunun Elmi şurasının, institutda “Dünya ədəbiyyatı” üzrə fəaliyyət göstərən Müdafiə şurasının üzvü, Müdafiə şurasında Seminar Komissiyasının sədri olub. Bir sıra ali təhsil müəssisələrində pedaqoq kimi də fəaliyyət göstərib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Allah rəhmət etsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: