Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

COVID-19 şəraitində vətəndaş elmi layihələrində istifadə olunan onlayn əməkdaşlıq vasitələri tədqiq edilir
23.02.2021 09:49
  • A-
  • A
  • A+

COVID-19 şəraitində vətəndaş elmi layihələrində istifadə olunan onlayn əməkdaşlıq vasitələri tədqiq edilir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “COVID-19 şəraitində vətəndaş elmi layihələrində istifadə olunan onlayn əməkdaşlıq vasitələri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirilib.

Məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək texnoloji yeniliklərlə müşayiət olunan hazırkı dövrdə vətəndaş elminin e-elmin yeni bir istiqaməti kimi inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə vətəndaş elmi müxtəlif sahələrdə tətbiq edilir.

Vətəndaş elmi layihələrinin müxtəlif xəstəliklərin qarşısının alınmasında da uğurla həyata keçirildiyini qeyd edən məruzəçi hazırda bütün dünyanı cənginə alan COVID-19 pandemiyasının vətəndaş elminə öz təsirini göstərdiyini vurğulayıb.

N.Verdiyeva bildirib ki, COVID-19 şəraitində vətəndaş elmi layihələrinin inkişaf istiqamətlərinə pandemiya şəraitində vətəndaş elmi layihələrinin fəaliyyətinin davam etdirilməsi və pandemiyanın qarşısının alınması məqsədilə vətəndaş elmi layihələrindən istifadə aiddir.

“Vətəndaş elmi layihələri həmçinin COVID-19 səbəbindən öz ənənəvi elmi fəaliyyətlərini dayandırmalı olmuş alimlər üçün də geniş imkanlar açır. Müasir informasiya texnologiyalarının son nailiyyətlərini uğurla tətbiq edən vətəndaş alimlər öz elmi fəaliyyətlərini davam etdirmək üçün hər cür resurslara malikdirlər”, - deyə məruzəçi bildirib.

Onun araşdırmalarına görə, “Zooniverse” layhəsinin yaradıcılarından olan Chriss Lindott pandemiya şəraitində vətəndaş elmi layihələrində daha yüksək aktivlik müşahidə etdiyini qeyd edib. Eyni zamanda onlayn “Alzheymer” oyunu “Stall Catchers” layihəsinin iştirakçı sayında da artım müşahidə olunub.

N.Verdiyeva COVID-19 ilə bağlı bəzi onlayn vətəndaş elmi layihə təşəbbüslərini də diqqətə çatdırıb. Buraya “Covid Near You”, “Foldit”, “Kaggle”, “Zooniverse” və s. aid olduğunu söyləyib.

Sonda məruzəçi qeyd edib ki, ənənəvi elmi fəaliyyətdə durğunluq yaradan COVID-19 pandemiyası vətəndaş elminin inkişafına xələl gətirə bilməməklə yanaşı, elmi fəaliyyətdə onlayn iştirakın aktuallığını da artırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri Təhmasib Fətəliyev vətəndaş elmi layihələrində istifadə olunan onlayn əməkdaşlıqla bağlı tədqiqatların davam etdirilməsi və tanınmış jurnallarda nəşr olunmuş məqalələrin araşdırılmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: