www.science.az
23.02.2021 14:10

Akademik Asəf Hacıyev beynəlxalq konfransa plenar məruzəçi kimi dəvət olunub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev 1-4 avqust 2021-ci il tarixlərində İspaniyanın Toledo şəhərində keçirilməsi nəzərdə tutulan XV “İdarəetmə Elmi və Mühəndislik İdarəetməsi” (“Management Science and Engineering Management”) beynəlxalq konfransına plenar məruzəçi kimi dəvət olunub.

Beynəlxalq konfransın elektron səhifəsində (http://www.icmsem.org/news-5.html) A.Hacıyev haqqında yazılır: “Beynəlxalq səviyyədə tanınmış alim akademik A.Hacıyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məşhur Kolmoqorov ehtimal məktəbinin məzunu olub və orada tələbədən professora gedən bir yol keçib. Hal-hazırda dünyanın aparıcı jurnallarında nəşr olunan 130-dan çox məqaləsi var. A.Hacıyev mürəkkəb quruluşlu xidmət sistemləri üçün xidmətin başlanğıc gecikmələrini tətbiq etməklə, xidmətin səviyyəsinin artmasına imkan yaradan idarəetmə nəzəriyyəsi yaradıb. Bundan başqa, tətbiqlərə xas olan naməlum parametrlərin sayı artan yeni bir reqressiya modeli qurub. Həmçinin dövlət standartı kimi qəbul edilən və hazırda Windows 8.1 və sonrakı versiyalarında istifadə olunan Azərbaycan əlifbasının hərflərinin kompüter klaviaturasında optimal şəkildə yerləşdirilməsi üçün yeni bir metod yaradıb. O, eyni zamanda Azərbaycan dilində “Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası”nın müəllifidir.

Qeyd edək ki, ənənəvi keçirilən konfransın əsərləri “Springer” nəşriyyatında çap olunur və akademik Asəf  Hacıyev həmin əsərlərin redaktorlarından biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.