Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” mövzusunda elmi sessiya keçirilib
27.02.2021 12:54
  • A-
  • A
  • A+

“XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə müəssisənin direktoru, akademik Teymur Kərimli bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ağlasığmaz qəddarlığı ilə bəşər tarixində iz qoyan vəhşilik aktı törədilib. Erməni hərbi birləşmələri Xocalıda 366-cı motoatıcı alayın əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı tarixi cinayət, soyqırımı həyata keçirib. O gecə uzun illərdən bəri hökm sürən mənfur erməni faşizminin nəticəsi olaraq əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla, 600-dən çox insan misli görünməmiş amansızlıqla qətlə yetirilib.

Akademik tarixdə müxtəlif müharibələrin baş verdiyini, lakin Xocalı faciəsinin erməni separatçıları tərəfindən insanlığa qarşı törədilmiş qanlı cinayət olduğunu vurğulayıb: “2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan ordusu əzəli torpaqlarımızı düşmən işğalından azad etdi. Dövlət başçımızın da qeyd etdiyi kimi, Vətən müharibəsində qazandığımız zəfərlə Xocalı qurbanlarının da intiqamı alınmış oldu. Faciənin 29-cu ildönümünün fərqi də bu tarixi faktla səciyyələnir. Bundan sonra da xalqımız ərazi bütövlüyünün qorunması, ölkəmizin hərtərəfli inkişafı istiqamətində ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşərək sarsılmaz iradə nümayiş etdirəcək”.

Akademik Teymur Kərimli Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra Böyük Qayıdışın artıq reallığa çevrildiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının göstərişi ilə artıq azad olunan ərazilərdə yenidənqurma və bərpa işləri aparılır. Qədim tarixi irsə malik doğma Qarabağ yaxın gələcəkdə yenidən cənnət məkana çevriləcək.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, hər il ölkəmizdə, eləcə də Əlyazmalar İnstitutunda Xocalı faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir. Alim qeyd edib ki, ötən il torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında qazanılan şanlı qələbə xalqımızın Xocalı yarasını sağaltmasa da, şəhidlərimizin qanının yerdə qalmaması baxımından böyük bir təsəlli olub. 44 günlük Vətən müharibəsi, həmçinin xalqımızın sarsılmaz əzmini, iradəsini, ölkə rəhbəri ilə birliyini bütün dünyaya nümayiş etdirib.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov isə çıxışında Vətən müharibəsində qazanılan qələbə nəticəsində bu gün xalqımız tərəfindən Xocalı faciəsinin 29-cu ildönümünün fərqli əhvali-ruhiyyə ilə anıldığını vurğulayıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində institut əməkdaşları tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Ərsəyə gətirilən elmi əsərlərin gənc nəslin vətənpərvər ruhda formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayan alim bildirib ki, erməni ailələrində türkə qarşı kin-küdurət, düşmənçilik toxumları səpilir. Xocalı faciəsi bunun bariz nümunəsidir.

Filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov çıxışında Ermənistanın separatçı siyasətinin uzun illərdir keşişlər tərəfindən kilsələrdə, həmçinin bədii əsərlərdə təbliğ olunduğunu vurğulayıb. Alim Xocalı faciəsinin erməni daşnakları tərəfindən həyata keçirilən mənfur siyasətin nəticəsi olduğunu ifadə edib: “Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən və onları əsərlərində erməni xalqına xidmət adı ilə fəxrlə qeyd edən Zori Balayan kimi xəstə təfəkkürlü “ziyalıların” yazılarında şərh olunan qəddarlıq, cinayətkarlıq faktları əslində kin, nifrət dolu gənc erməni nəslinin yetişməsinə gətirib çıxarıb”.

Müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Quliyeva isə bildirib ki, ötən il Vətən müharibəsində qazanılan qələbə həm də ədalətin zəfər çalmasıdır. Qeyd edib ki, savadlı, vətənpərvər gənclərin yetişməsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də dövlət başçımız tərəfindən uğurla davam etdirilən siyasətin əhəmiyyəti böyükdür. O, institutun gəncləri tərəfindən aparılan informasiya müharibəsindən də söz açıb.

Tədbir çərçivəsində “Xocalı harayı” mövzusunda videoçarx nümayiş etdirilib, elmi müəssisədə təşkil olunan kitab sərgisinə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: