www.science.az
26.01.2015 00:00

AMEA Yer, Aqrar, Biologiya və Tibb Elmləri, Naxçıvan və Gəncə Bölmələri üzrə doktorantların dissertasiya mövzuları təsdiq edildi

AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında AMEA-nın Yer, Aqrar, Biologiya və Tibb Elmləri Bölmələrinin, həmçinin Naxçıvan və Gəncə Bölmələrinin elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsil üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsi müzakirə olundu.

Qeyd edək ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2014-cü il üçün 121 yer (o cümlədən 74 əyani, 47 qiyabi) müəyyən olunmuşdur. AMEA Yer Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarına 8, Aqrar Elmlər Bölməsi - 6, Biologiya və Tibb Elmləri Bölməsi – 11, Naxçıvan Bölməsi - 2, Gəncə Bölməsi - 2 yer ayrılmışdır.

Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edildi. Mövzular ətrafında fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

AMEA prezidenti, akademik Akif Əlizadə dissertasiya mövzularının müasir dövrün tələblərinə uyğun seçilməsinin zəruriliyini qeyd edərək cəmiyyət üçün mühüm aktuallıq kəsb edən mövzuların seçilməsinin vacibliyini bildirdi. O, elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.