Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

06.04.2021 15:02
  • A-
  • A
  • A+

Muzeydə hərb tarixinə dair yeni kitabın təqdimatı keçirilib

Muzeydə hərb tarixinə dair yeni kitabın təqdimatı keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın hərb tarixinə həsr olunan kitabın təqdimatı olub.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri t.ü.f.d., dosent Səbuhi Əhmədov, hərb tarixçisi Yusif Ağayev və bir sıra qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Əhmədov bildirib ki, hərb tarixçisi Yusif Ağayev tərəfindən yazılan kitab ““Koroğlu” xalq dastanında Azərbaycan xalqının hərb sənəti” (“Военное искусство азербайджанского народа в народном эпосе «Кёроглу»”. Bakı, “Qanun” nəşriyyatı, 2021) adlanır. Kitabın ərsəyə gəlməsində məqsəd “Koroğlu” dastanında hərb tarixinin araşdırılması və tədqiqidir. Kitabın təqdimatının Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsi təsadüfi deyil, belə ki, kitabda fotolar arasında muzeyin Silahlar və Bayraqlar fondunda qorunan bir sıra eksponatların fotoları da öz əksini tapır. Kitaba ön sözü isə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qeyd edib. Dastanda verilmiş məlumatlar dövrün yazılı mənbələri, muzey materialları ilə tutuşdurulub, həmçinin tədqiqata geniş elmi ədəbiyyat cəlb edilib.

Hərb tarixçisi Yusif Ağayev müəllifi olduğu kitab haqqında əlavə məlumatlar verib. Müəllif qeyd edib ki, təqdim edilən kitabda XVI əsrin sonu - XVII əsrin əvvəllərində yaradılmış dastan əsasında dövrün hərb sənətinin müxtəlif aspektləri araşdırılır. 192 səhifə həcmi olan kitabda dövrün strategiya və taktikası, qoşunların toplanması və təlimi, maddi-texniki təminatı, kəşfiyyatı, yürüş və döyüş düzülüşləri, silahları təhlil olunur.

Sonda Y.Ağayev Azərbaycan ordusunun 44 günlük müharibəsindən də söz açaraq, ordumuzun qələbə qazanmasını hərb tariximizin şanlı zəfəri kimi xarakterizə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: