Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeydə Aprel döyüşlərinə həsr olunan tədbir keçirilib
07.04.2021 12:20
  • A-
  • A
  • A+

Muzeydə Aprel döyüşlərinə həsr olunan tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunan "Qarabağ zəfəri ilə nəticələnən Aprel döyüşləri" adlı tədbir keçirilib.

Tədbirdə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi tədbiri giriş sözü ilə açaraq, vətənin azadlığı uğrunda canını fəda edən hərbi qulluqçularımızın əziz xatirəsini hər zaman əziz tutaraq, onların bu mübarizəsini özlərinə nümunə götürməyi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov "Aprel döyüşləri - qələbəyə gedən yolun başlanğıcı", Bakı Dövlət Universitetinin dosenti, t.ü.f.d. Arzu Xəlilzadə "II Qarabağ müharibəsinin siyasi yekunları" adlı məruzə ilə çıxış ediblər.

Sonra Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, hərbi ekspert - polkovnik İslam Əzimov şəxsi döyüş yolu haqqında söhbət açaraq, qəhrəman xalqımızın rəşadətini xüsusi qeyd edib. Polkovnik gənc nəsil nümayəndələrinə tövsiyələrini təqdim edərək vətənpərvərlik ruhunu aşılamağın vacibliyini bildirib.

Daha sonra Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçıları Sadəddin Bayramov, Tərlan Həsənov, Aprel döyüşləri qazisi, ehtiyatda olan kapitan Elnur Əmirov öz döyüş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Qazilərin çıxışları ilə paralel muzeyin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova tərəfindən qazilər - Sadəddin Bayramov və Tərlan Həsənovun hərbi fotoları, həyat və döyüş yolu barədə məlumatların təqdim edildiyi elektron prezentasiya təqdim edilib.

Sonda respublikanın Əməkdar artisti Ramil Qasımovun ifasında "Şəhidim kompozisiyası" nümayiş olunub.

Qeyd edək ki, tədbirdə muzey işçiləri, Aprel döyüşləri və Vətən Müharibəsi qaziləri, Bakı Dövlət Universitetinin və respublikanın 10-a yaxın ümumi təhsil müəssisəsinin müəllim və şagird kollektivi iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: