Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin növbəti buraxılışı görkəmli sərkərdə Cavanşirə həsr olunub
13.04.2021 11:02
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin növbəti buraxılışı görkəmli sərkərdə Cavanşirə həsr olunub

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Mədəniyyət” kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə görkəmli dövlət xаdimi, Qafqaz Albaniyasının hökmdarı, Mehranilər sülaləsinin ən parlaq nümayəndəsi, sərkərdə Cavanşir və VII əsrdə yaşamış Alban şairi Dəvdəkin onun ölümünə həsr etdiyi mərsiyyədən bəhs edilib.

Akademik R.Hüseynov Azərbaycan dövlətçilik tarixində istiqlal uğrunda mübarizədə xüsusi xidmətləri ilə seçilən Cavanşir və Şirvanşah birinci İbrahimin hökmdarlıq etdikləri dövrdə seçdiyi yolu müqayisə edib. Bildirib ki, 64 illik ömrünün 40 ildən çoxunu hakimiyyətdə olan Cavanşirin uğurlu xarici siyasəti nəticəsində Qafqaz Albaniyası daha da güclənib, Şərqin ən önəmli dövlətlərindən birinə çevrilib.

Alimin sözlərinə görə, Alban tarixçisi Musa Kalankatuklu “Alban tarixi” əsərində Cavanşiri döyüşlərin qəhrəmanı, Bizansla, xəzərlərlə, ərəblərlə normal diplomatik münasibətlər qura bilən mahir siyasətçi və öz ölkəsində böyük quruculuq işləri görmüş görkəmli dövlət xadimi kimi təqdim edib. Bildirib ki, Musa Kalankatuklu əsərində ərəb xəlifəsinin Cavanşirə olan rəğbətindən bəhs edərək, bunun Albaniya dövlətinin və onun başçısının nüfuzuna dəlalət etdiyini diqqətə çatdırıb.

R.Hüseynov Cavanşirin ölkəsi, xalqı üçün etdiklərindən söz açıb, onun müasirlərini heyran edən insanı keyfiyyətlərindən bəhs edib. Cavanşirin fəhmi, iti ağlı, dərin düşüncəsinin yeniyetməlik illərindən özünü büruzə verdiyini deyib.

O, həmçinin Cavanşirin Girdimanda, Bərdədə və digər ərazilərdə tikdirdiyi alban qala, məbəd və kilsələrini ermənilərin saxtalaşdırması, özününküləşdirməsi və mənimsəməsi faktlarını təqdim edib, eləcə də bu gün albanların yadigarı olan Xudavəng məbədinə olan erməni iddialarından danışıb.

Cavanşirin musiqiyə, ədəbiyyata olan sevgisindən bəhs edən akademik onun iqamətgahında daim musiqiçi, xanəndə və şairlərin yer aldığını, bu şairlərdən olan Dəvdəklə yaxın dostluq münasibətlərinin olduğunu bildirib.

R.Hüseynov görkəmli filosof, gözəl natiq və ustad şair kimi tanınan Dəvdəkin Cavanşirin sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar yazdığı “Böyük hökmdar Cavanşirin ölümünə ağı” adlanan 140 misralıq qəsidəsinin Azərbaycan dilinə tərcüməsini səsləndirib. Bildirib ki, bu ağı Azərbaycan qəsidəçilik və mərsiyyəçilik tarixinin başlanğıcında duran əsərlərdəndir.

Akademik əlavə edib ki, Cavanşirin adı Azərbaycan dövlətçilik tarixində fəhmin, diplamatik gücün, incə duyumun bir örnəyi olaraq əbədi yaşayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: